Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Benito Mussolini

Bəzi diktatorların şəxsi həyatı ziddiyyətli məqamlarla, təzadlarla zəngin olur. Lakin onlar hər vəchlə sirlərini xalqdan gizli saxlayırlar ki, cinayətləri, nöqsanları, yol verdikləri səvhlərin üstü açılmasın. Lap elə dünyanın ilk faşist diktaturasının qurucusu, İtaliyaya 30 ildən çox rəhbərlik etmiş Benito Mussolini kimi... İşlədiyi sarayı "hərəmxana"ya çevirən, öz doğma bacısı ilə evlənən bu diktator İkinci Dünya müharibəsi zamanı Adolf Hitlerin yaxın müttəfiqi, faşizmin yaranmasında əsas fiqur idi, ta ki, italyan partizanları tərəfindən yaxalananadək...

Dəmirçi ailəsində dünyaya göz açan gələcəyin diktatoru hələ uşaqikən davranışı, istedadı ilə həmyaşıdlarından seçilirdi. O, skripkada sərbəst ifa edir, orta məktəbdə dərslərini həvəslə oxuyurdu. Lakin səbirsiz, özündən tez çıxan biri idi. Hətta bir dəfə mübahisə etdiyi sinif yoldaşına bıçaq da atmışdı. Buna görə məktəbdən qovularaq digər təhsil müəssisəsinə göndərilmişdi. İpə-sapa yatmayan bu uşağa elə gəlirdi ki, onunla layiqincə davranmırlar.

Gənclik illərində uzun müddət jurnalist işləyən Mussolini sonralar Sosialist Partiyasının rəsmi orqanı olan "Avanti" qəzetinin baş redaktoru təyin olunmuşdu. Kütlə qarşısında tez-tez çıxışlar etmək onun ən böyük hobbisi idi. Kütlənin diqqətini çəkmək üçün hər cür oyunbazlığa əl atırdı.

Qadınlarla münasibətlərini hələ yeniyetmə yaşlarında quran və əxlaqsızlıq yuvalarının daimi müştərisinə çevrilən Mussolini erkən yaşda İde Dalserlə ailə qursa da, cəmi bir il sonra sevgilisi Rakel Quidi ilə evlənməyə qərar verir. Bu qız kim olsa yaxşıdır? - Onun ata bir, ana ayrı ögey bacısı. Qız özü də ögey qardaşının hisslərinə biganə deyildi. Lakin Rakelin anası bu nikahın əleyhinə çıxsa da, Mussolini əl-qolunu oynada-oynada cibindəki tapançaya əl atmışdı. "Altı güllə sizə, bir güllə də özümə" deyərək qadını hədələmişdi. Dəlilik edən gəncin hədə-qorxusu ilə ailə izdivaca razılıq vermişdi.

Hakimiyyətə gəldikdən sonra isə Mussolininin birinci kəbini gizli saxlanılır. Daha sonra İde Dalser dəlixanaya salınır və elə orada da ölür. Ondan olan oğlu da İkinci Dünya müharibəsində həlak olur. Rakeldən isə Mussolininin 2 qızı və 3 oğlu dünyaya gəlir.

Diktator, sözün əsl mənasında, sarayında hərəm saxlayırmış. Demək olar ki, qadınları köynək kimi dəyişən Mussolininin onlara qarşı zorakılıq tətbiq etdiyi və sadizmə meyilli olduğu da deyilir.

Həyatının son günlərini isə sonuncu məşuqəsi - ən çox sevdiyi qadın Klara Petaççi ilə keçirir. Artıq 50 yaşını ötmüş Mussolini Klaranın hər bir nazına dözür, ona bahalı mənzillər, villalar hədiyyə edir. Onlar ilk dəfə görüşdükləri zaman Klarettanın (bu adla da tanınırdı) 20 yaşı vardı və o nişanlıydı. Diktatorun əmrinə əsasən nişan pozulmuş və Klaretta onun "hərəmxana"sında birinci yeri almışdır.

Məğlubiyyətin astanasında olan Mussolini İspaniyaya qaçmağa cəhd etsə də, məşuqəsi Klaretta ilə birgə italyan partizanları tərəfindən əsir götürülür. Bir gün sonra isə 61 yaşlı Mussolini və sevgilisi güllələnirlər. "Biz onun meyitini görmək istəyirik", - deyən xalqın tələbi ilə onların meyitləri Pyaço Loretto meydanında asılır...

 

 

Nikkolo Paqanini

O dünyanın ən mahir skripka ifaçısı kimi tanınır. Skripkada o qədər məharətlə, valehedici ifa edirdi ki, insan övladının belə bir istedada malik olması çoxlarına inandırıcı gəlmirdi. Bəziləri onun bu istedadını ruhunu şeytana satması ilə əlaqələndirir, bəziləri isə Marfan sindromuna tutulduğuna görə (barmaqların uzanması ilə xarakterizə olunan sümük xəstəliyi) bu qədər gözəl ifa edə bildiyini deyirdilər. Söhbət italyan bəstəkarı, dünya musiqi tarixinə öz adını qızıl hərflərlə yazdırmış Nikkolo Paqaninidən gedir.

Musiqi tarixinin ən məşhur skripka virtuozlarından olan Nikkolo Paqanini ailənin altı uşağından biri idi. Çox zəif və xəstəhal doğulan bu uşaq 5 yaşından etibarən atasından mandolina, skripka dərsləri almağa başlayır. 13 yaşından isə musiqi turlarına çıxır. Skripka ilə kifayətlənməyən Paqanini mandolina və gitarada da ifa edib, gitara üçün konçertolar bəstələmişdir.

Şöhrətə çatdıqdan sonra isə lüks həyat tərzi keçirən Paqanini qumara qurşanmağa başlamışdır. Hətta, bir dəfə "Stradivarius" adlı skripkasını qumar masasında girov da qoyubmuş. Həmin gün konsertdə skripka ifa etməli olan musiqiçi məcburiyyət qarşısında qalaraq həmkarlarının birinin skripkasını borc alıb konsertə çıxıb. Konsertdən sonra isə varlı bir fransız taciri ona "Guarnerius" adlı skripkanı hədiyyə edib. O gündən sonra Paqanini ömrünün sonuna qədər bu skripkada ifa edib.

Hətta, qumara olan həvəsi onu Parisdə qumarxana açmağa da vadar etmişdir. Lakin bu cəhdi uğursuzluqla nəticələnmişdir. Deyilənlərə görə, musiqiçi bu səbəbdən həbsə də düşübmüş.

Həyatı boyunca bir çox xanımla münasibət quran Paqanininin qeyri-adi xarakterlərindən biri də bitib tükənmək bilməyən ehtirası imiş. Məlumata görə, maniakal dərəcədə qadın düşkünü olan Paqanini şöhrətindən istifadə edərək bir çox xanımı yoldan çıxarırmış. Bu qədər qadını özünə heyran etməsinə görə yəqin çoxları düşünür ki, o, həddindən artıq yaraşıqlı olub. Əksinə, o çox eybəcər biri olub. Paqanini qadınları sadəcə ifası ilə ovsunlayırmış.

Paqanininin birlikdə konsert turuna çıxdıqları Antonio Binaçidən Kayrus Aleksandr adlı oğlu dünyaya gəlib. Oğlunun anasıyla evlənməsə də, ömrünün sonuna qədər övladından sevgisini, diqqətini əsirgəməyib və onu da özü kimi musiqiçi edib.

Paqanininin çalğısı o qədər valehedici idi ki, maestronun ruhunu iblisə satması barədə şayiələr gəzirdi. Belə ki, böyük skripka ustadının şeytanla dost olduğu və skripkasını şeytanın ona verdiyi deyilirdi. Onun əsərlərinin əksəriyyətini adi skripkaçılar ifa edə bilmədiyi üçün çoxları Paqanininin barmaqlarını cərrahiyyə yolu ilə elastikləşdirdiyinə inanırdı. Adi insan barmaqlarından az qala iki dəfə uzun və elastik barmaqları əslində, Marfan sindromu adlanan irsi xəstəliyin fəsadları imiş. Rəngi qaçmış dərisi, oyuğa düşmüş gözləri, çox arıq bədəni, hərəkətləri və hörümçək ətrafları kimi barmaqları da bu xəstəliyin əlamətləri idi. Sanki gözəl ifa etmək üçün cərrah əvəzinə xəstəlik özü onun barmaqlarını belə bir vəziyyətə salmışdı. Deyilənə görə, yeni bir əsər yazmağa başlayanda ilham pərilərinin gəlməsi üçün qəbiristanlıqda konsert verirmiş.

Həyatı boyunca bir sıra xroniki xəstəliklərlə mübarizə aparan Paqanini daim vərəmdən əziyyət çəkib və 57 yaşında qırtlaq xərçəngindən vəfat edib.

 

 

Maksim Qorki

Özgə qapılarında ömür sürən, həyatın girdabında çabalayan və heç cür o bataqlıqdan çıxa bilməyən, acı qisməti ilə barışmış olan proletar rus yazıçısı Maksim Qorki... Ömrünün yarıdan çoxunu qürbətdə keçirən bu yazıçının taleyi müxtəlif paradokslarla zəngindir...

Əsl adı Aleksey Peşkov olsa da, tarixə Maksim Qorki təxəllüsü ilə düşüb. Kasıblıq yazıçı üçün ən böyük həyat məktəbi olub. Bu dünyada kasıblıq və səfalətdən, əzab və kimsəsizlikdən Maksim Qorki qədər mükəmməl dərs alan ikinci bir yazıçı olmayıb. Çox kiçik yaşlarından yetim qalan və malikanələrdə bir qarın çörək üçün işləyən gələcəyin yazıçısı yalnız gecələri kitab oxumağa imkan tapırmış. Amma ev sahibi gecələr şamın boş yerə yanmağını israf saydığından bunu da ona qadağan etmişdi. Balaca Maksim isə ev sahiblərinin yandırdığı şamların ərintisini yığaraq içinə kiçik ip qırığı yerləşdirməklə düzəltdiyi kustar şam vasitəsilə işıq əldə edirmiş.

Orta təhsili yarımçıq olduğu və ali təhsil almadığı üçün əsərlərində həmişə qrammatik və orfoqrafik səhvlərə yol verirmiş. Lakin buna baxmayaraq o, sürətli oxuya bilmə qabiliyyətinə sahib idi. Yazıçı bir dəqiqədə dörd min söz oxumağı bacarırdı. Orta məktəbi yarımçıq tərk etməsinin səbəbi isə inciklik olmuşdur. Uşaqlar müəllimə şikayət etmişdilər ki, Maksimdən çox pis iy gəlir, yanında oturmaq mümkün deyil, o da bundan inciyərək məktəbin daşını birdəfəlik atmışdır. 

Yazıçı ömrü boyu şizofreniyadan əziyyət çəkib. İki dəfə intihara cəhd etsə də, uğursuz olub. Həmçinin, piroman da olan Qorki od-ocaq qalamaqdan, ona baxmaqdan həzz alırdı. Əsəbləşəndə ilk ağlına gələn şey nəyisə yandırmaq olurdu. Amma xoşbəxtlikdən özünü cilovlamağı bacarırdı. Həkimlərin və yaxınlarının dediyinə görə Qorki ağrı hiss etmirmiş. Başqaları üçün ən dözülməz ağrılar ona qıdıq təsiri bağışlayırmış. Amma nə qüdrətdirsə, başqalarının ağrılarını xırdalıqlarına qədər hiss edə bilirmiş. Bəlkə də, bu səbəbdən Stalinin əmri ilə beyni çıxarılaraq tədqiq edilmək üçün Tibb İnstitutuna göndərilmişdi...

İçki düşkünü olan Qorki deyilənə görə, arağı "vedrə" ilə içirmiş. Çox qəribədir ki, bu qədər içməsinə baxmayaraq, o heç vaxt sərxoş olmurmuş. Üstəlik, vərəm xəstəsi olsa da, gündə 70-dən artıq siqaret çəkirmiş.

Nə qədər güclü yazıçı olsa belə, bir insan olaraq əxlaqi keyfiyyətdən kasad olub. Dostunun, oğlunun və daha neçə-neçə ən yaxın adamlarının arvadlarına tamah salan sosialist yazıçı bu istəyinin qarşısını ala bilmirmiş. Ən yaxın dostunun arvadından isə bir qızı dünyaya gəlib. Yeri gəlmişkən, həmin qız sonralar Rusiyanın məşhur balerinası olub (Nina Tixonova) və xarici görünüşünə görə eynən bioloji atasını xatırladırdı.

İstənilən halda hər kim olursa-olsun, Maksim Qorki yazı üslubunda rus ədiblərin arasında dünya çapına çıxmış, səsini duyurmuş ustadlardan olub. Sözün həqiqi mənasında, adını daşlara yazdırıb: axı Qorkinin qəbri yoxdur... Onun nəşi Stalinin göstərişi ilə yandırılıb, külü isə Kremlin divarına tökülüb. Həmin yerdəcə adı əbədiləşdirilib. Maraqlıdır eləmi? Odla oynamağı sevən yazıçı ölümündən sonra da sevgisinə sadiq qaldı, yəni yandırıldı. Hə, bir də başqa bir həyati mütənasiblik, ya da ki ilahi ədalət: başqalarının arvadlarına sataşan Qorkini deyilənə görə, elə öz arvadının məşuqu öldürüb...

Onun ölümü ilə bağlı bir neçə versiya irəli sürülür. Stalinin, yaxud arvadının məşuqunun tapşırığı ilə zəhərlənərək öldürüldüyü ehtimal edilir. Rəsmi olaraq isə yazıçının 68 yaşında ağciyər iltihabından vəfat etdiyi bildirilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".