Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə) 

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Konfutsinin dünyaya gəlməsi"ni oxuculara təqdim edirik.

“Respublika”.

 

Konfutsinin dünyaya gəlməsi

Bəşərin yaranışından bəri dünya tarixinin axarını dəyişdirən, onun inkişaf mexanizmini müsbət istiqamətə yönləndirən bir çox şəxsiyyətlər dünyaya gəlib. Onların elmə verdiyi töhfələr bəşəriyyətin formalaşmasında mühüm rol oynayıb. Belə şəxsiyyətlərdən biri də Konfutsidir.

O nə kəşf etmişdi, nə də ki ixtira, lakin fəlsəfə tarixində böyük bir məktəb yaratmaqla düşüncələri, təlimləri ilə dünyanın nizamının dəyişməsində böyük rol oynamışdır. Avropada Konfutsi olaraq tanınan, Çində isə Kun Qiu adlandırılan bu filosofun təliminin əsas müddəaları qədim çinlilərin etik fikirləri, insanın xoşbəxtlik və rifaha təbii ehtiyacı idi.

Məşhur qədim Çin müdriki, "Jutszya" fəlsəfə məktəbinin yaradıcısı Konfutsi əsasən böyük filosof, konfutsizm fəlsəfi cərəyanının banisi kimi tanınır. Lakin o, təkcə xronoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda təhsilin və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə görə dünyanın ilk böyük pedaqoqudur. Məhz Konfutsinin sayəsində Çin müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan unikal ölkə kimi tanınır.

Konfutsinin 77-ci nəsildən törəməsi, professor Kun Teçen yazır: "Konfutsinin pedaqoji təlimi qədim ənənələrə əsaslanmış və gələcək nəsillər üçün yol açmışdır. O, təkcə Çinin intellektual tarixində deyil, həm də bəşər tarixində, bütövlükdə, dünyada mühüm yer tutur".

Konfutsi eramızdan əvvəl 551-ci ildə Lu çarlığında anadan olmuşdur. Lu o vaxtlar parçalanmış Çinin ən böyük və mədəni cəhətdən ən inkişaf etmiş çarlıqlarından biri idi. Konfutsi yoxsullaşmış aristokrat ailəsində böyümüşdür. Onun atası Şu Lyan-xe Konfutsi 3 yaşında olarkən dünyasını dəyişmişdir. Atasının ölümündən sonra o, anası Yan Çjen-Tszay ilə birlikdə Lu çarlığının paytaxtı Tsyuyfu şəhərinə köçmüş, onun tərbiyəsi ilə anası məşğul olmuşdur. Maddi vəziyyətinin çətinliyinə baxmayaraq, anası oğluna yaxşı təhsil verməyi bacarmışdır.

Hələ uşaqlıq illərindən Konfutsi yaşıdlarından sözəbaxan olması, böyüklərə ehtiram göstərməsi ilə fərqlənirmiş. O, xalq adət-ənənələrinə, mərasimlərinə böyük maraq göstərir və qədim kitablara, biliklərə hörmətlə yanaşırmış. Məktəbdə çalışqanlığı, uğurları və ciddiliyi ilə yaşıdlarını arxada qoyduğu üçün müəlliminin köməkçisi təyin olunmuşdur.

Konfutsi 17 yaşında olarkən anası vəfat edir. 19 yaşında o, ailə qurur və bir ildən sonra oğlu dünyaya gəlir. Onu Li adlandırırlar.

Gənclik illərində məmur işləyən filosof dövlət qulluğuna alışmadığından tezliklə istefa verir. Onun yüksək mənəvi keyfiyyətləri praktik həyatın reallıqları ilə uzlaşmadığı üçün bu, onu siyasətdə uğursuzluğa gətirib çıxarır. O, pedaqoji fəaliyyətə başlamağa qərar verir. 22 yaşında müəllim olan Konfutsi məhz bu sahədə böyük uğurlar qazanır. Onun yanına qədim müdrikliklə (hikmət elmi ilə) maraqlanan adamlar gəlməyə başlayır.

O, həyatının böyük hissəsini fərdi müəllimliyə həsr etmiş, 3 mindən çox şagirdə dərs vermiş, onlardan 72-si isə sonralar görkəmli şəxsiyyət kimi tarixə düşmüşdür. Konfutsi məşhur "Yaz və payız" qeydlərini tərtib etmiş, "Tarix kitabı", "Şeir və mahnı kitabı", "Dəyişiklik kitabı" kimi klassik kitabların redaktoru olmuşdur.

Konfutsi təkcə varlığın ümumi məsələlərinin işlənib hazırlanması ilə məşğul olmamış, həmçinin dünyanın və insanın mənşəyi haqqında məsələni də araşdırmağı qarşısına məqsəd qoymuşdur. O, hər şeydən əvvəl ailənin, cəmiyyətin əsasını təşkil edən etik-siyasi təlimin müəllifidir.

Konfutsi maarifçiliyə böyük diqqət yetirmiş, tədrisin, toplanmış məlumatların dərk olunmasının əhəmiyyətini xüsusi qeyd etmiş, insanları praktik fəaliyyətlərində öz biliklərini əldə rəhbər tutmağa çağırmışdır. Konfutsi belə hesab edirdi ki, təlim-tədris prosesi insana əxlaqlı olmağı aşılayır, onun çatışmazlıqlarını düzəltməyə çalışır. Onun fikrincə, ədəb qaydaları insanın əxlaqının, davranışının əsasını təşkil edir və ona görə də o, insanları hər şeydən öncə əxlaq nöqteyi-nəzərindən qiymətləndirirdi. O, düşünürdü ki, bütün insanlar təbiət etibarilə bir-birlərinə yaxındır. Lakin onlar müxtəlif vərdişlərə sahibdir. Bəziləri yaxşı, mehriban və əxlaqlı, digərləri isə pis, yaramaz və qəddardırlar.

Konfutsi və onun ardıcılları belə hesab edirdilər ki, birinci növbədə öz qohumlarını sevmək lazımdır, sonra isə digərlərini. Buna görə də oğulluq ehtiramı (hörməti) və qardaş məhəbbətinə onlar tərəfindən insanpərvərlik anlayışının vacib tərəfləri kimi baxılırdı. Uşaqlar sözəbaxan olmalı və valideynlərinə hörmət etməlidirlər. Valideynlər də öz növbəsində uşaqlarını sevməli, onlara münasibətdə iltifat, mərhəmət göstərməlidirlər.

Konfutsinin etik-siyasi təlimində əsas prinsiplər "Jen" (insanpərvərlik, insanlıq) və "li" (normalar, əxlaq qaydaları) tərbiyə və təlimlə sıx şəkildə bağlıdır. 2500 illik tarixi olan Konfutsi təliminin əbədiyaşarlığının əsas səbəbi də bundan qaynaqlanır. Bundan başqa, tədqiqatçıların qənaətinə görə, Konfutsi elə mötəbər bir pedaqoji məktəb yaratmışdır ki, onun ənənələrinin özəyini əxlaqi kamilləşmə və mədəniyyətin simvolik dil dəyərlərini təşkil edir.

Şəxsi meyil və istəklərinin necə olmasına baxmayaraq, Çin hökmdarlarının heç biri mədəniyyətdən və əxlaqi tərbiyədən yüksəkdə duran siyasət və ideologiya ortaya qoya bilməmişlər. Məhz buna görə də, Konfutsi irsini rədd etmək cəhdləri həmişə uğursuzluqla nəticələnmişdir. Belə cəhdlərdən biri ilk Çin imperatoru Tsin Şixuandinin çarlığı vaxtında olmuş və sülaləni süquta uğratmışdır. Son dəfə "mədəni inqilab" dövründə Mao-Tsezedun da Konfutsi təlimini "basdırmağa" cəhd etmişdir.

Konfutsi belə hesab edirdi ki, hökmdarlar xalqın maariflənməsi üçün çalışmalıdırlar. Bunun üçün məktəb və digər təlim-tərbiyə müəssisələrinin şəbəkəsini genişləndirmək lazımdır. O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı çıxmış və Çində sosial vəziyyətindən asılı olmayaraq bütün insanların təhsil ala biləcəyi ilk xüsusi məktəb yaratmışdır. O, deyirmiş ki, "təlimdə insanlar arasında fərq olmamalıdır". Konfutsi öz məktəbini Lu çarlığının paytaxtı Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində yaratmışdı. Məktəb öz ərazisinə görə böyük olmaqla iki binadan ibarət idi: "Tan" adlanan yerdə şagirdlər tədrislə məşğul olur, "Ney"də isə yaşayırmışlar. Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox sevdiyi ərik ağacının altında keçirilərmiş. Məktəb özünün "Sin tan" ("ərik mehrabı") adını da buradan almışdır.

Məktəb böyüklər üçün idi. Konfutsi öz şagirdləri sırasına sosial mənşəyindən asılı olmayaraq biliklərə can atanların hər birini qəbul edirdi. O deyirdi: "Əgər adam bilik almaq arzusu ilə yanmırsa, onda mən onu öyrətməyəcəyəm".

O, öz məktəbində vaxtı və tədris məşğələlərinin məzmununu reqlamentləşdirmirdi, mühazirələr oxumurdu, onların biliyini yoxlamırdı. Təlim və tərbiyə adətən evristik xarakter daşıyır, sərbəst, azad söhbət prosesində aparılırdı. Konfutsi öz şagirdləri üzərində müşahidələr aparır, onları öyrənir, daim onlarla kontaktda olur, hətta səyahət zamanı məşğələlər də keçirdi.

Çin xalqının ən yaxşı və öncül insanları həmişə Konfutsi təliminin pozitiv tərəflərini xatırlamış, onun maarifçilik ideyalarını, insanların həyatına və işlərinə marağını qiymətləndirmişlər. 2500 il ərzində çinlilər əmin olmuşlar ki, Konfutsi təlimi ölməzdir, Konfutsinin biliklərə, həqiqətə olan davamlı cəhdi, onun humanizmi və yüksək mənəvi ideallar uğrunda mübarizəyə çağırışları nəinki çinlilərə, bütünlükdə bəşəriyyətə çox böyük töhfələr vermişdir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".