Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Beynimizin yaddaş tutumu neçə Gb-dır?

Yəqin ki, beynimizin nə qədər yaddaş tutumuna sahib olması hər kəs üçün maraqlıdır. Əslində, bu mövzu zaman-zaman elm dünyasının diqqətini çəkib və hazırda da araşdırılmaqdadır. Bu yaxınlarda mövzu ilə bağlı daha bir tədqiqat aparan alimlər müasir texnologiyaların sayəsində insan beyninin yaddaş tutumunu ölçməyə çalışıblar.

Məlumatların saxlanılması elektronikanın ən vacib xüsusiyyətlərindən biridir. Zamanla inkişaf edən texnologiyanın köməyi ilə cihazların yaddaş tutumu da günü-gündən artmaqdadır. Bəs beynimizin yaddaşı necə, texnoloji cihazlarla müqayisə oluna bilərmi?

Uzun müddətdir ki, mövzu ilə bağlı araşdırma aparan alimlər əslində tam olaraq dəqiq bir nəticəyə gələ bilməyiblər. Bunun səbəbi isə riyazi təcrübənin aparılmasının mümkün olmamasıdır.

Bəzi insanlar səhər nə yediklərini unudur, bəziləri isə kifayət qədər mürəkkəb və olduqca qarışıq informasiyaları yadda saxlaya bilirlər. Bu səbəbdən də, vəziyyət insandan insana fərqli şəkildə dəyişir. Ancaq bütün bunlara baxmayaraq, tədqiqatçılar maksimum ölçü meyarı ilə bəzi fərziyyələr irəli sürüblər.

Məsələn, alimlərin fikrincə, insan beynində 100 milyarda yaxın neyron var və onların hər biri orta hesabla 1000 əlaqə yaradır ki, bu da təxminən 1000 potensial sinaps deməkdir. Məlumatların saxlandığı bu sinapsların ümumi sayına baxdığımızda 100 trilyon məlumat nöqtəsinə və ya təxminən 100 terabaytlıq (Tb yaddaş) tutumuna sahib olduğumuz qənaətinə gəlirik. Bu isə 100 000 Gb deməkdir.

Lakin sözügedən hesablama metodu və əldə edilən rəqəm sadəcə bir ehtimaldır. Əslində, hər bir beyin daha çox və ya daha az məlumat saxlaya bilər. Beyin fəaliyyətini modelləşdirmək üçün istifadə etdiyimiz üsullar standart olaraq ikili say sisteminə əsaslanır. Amma beynimiz böyük ehtimalla bu şəkildə çalışmır. Bu səbəbdən də beynimizin yaddaş tutumunu dəqiq hesablamaq mümkün deyil.

Ölçmələrə mane olan ən böyük səbəblərdən biri isə daim dəyişməkdə olan xatirələrimizdir. Xatirələrimizin nə qədər yer tutduğuna dair dəqiq bir məlumat olmadığı üçün sualın cavabı hələ ki, sirr olaraq qalır.

 

Dəniz atları haqqında maraqlı faktlar

Son zamanlar nəsli kəsilmək təhlükəsi ilə qarşı-qarşıya olan canlılardan biri də dəniz atlarıdır. Adından da göründüyü kimi, onlar dəniz canlıları sırasındadır. Qeyri-adi xüsusiyyətlərinə görə seçilən bu heyvanlar haqqında nə qədər məlumatlısınız?

Bəlkə də, sizlərə inandırıcı gəlməyəcək, amma dəniz atları yeganə canlılardır ki, erkək cinsləri də çoxalma xüsusiyyətinə sahibdirlər. Üstəlik onlar ömürlərinin sonuna qədər qarşı cinsə "xəyanət" etmirlər.

Qeyri-adi və cəlbedici görünüşü ilə seçilən bu heyvanlar baş quruluşuna görə ata bənzədikləri üçün belə adlandırılırlar. Müxtəlif növ rəng çalarlarına sahib canlıların narıncıdan tutmuş maviyə qədər hər cür rənginə rast gəlinir.

Daim yeyib yatmaqla məşğul olan dəniz atları gün ərzində təxminən 3000 ədəd krevet yeyə bilirlər. Dişləri və mədələri olmadığından həyatda qala bilmək üçün durmadan qidalanmaq məcburiyyətindədirlər.

Təxminən 40 növü olan və müxtəlif dənizlərdə yaşayan bu canlılar hər cür mühitə uyğunlaşa bilirlər. Onlar üçün isti və ya soyuq suyun heç bir fərqi yoxdur. Onlara Aralıq dənizinin isti sularından tutmuş Şimal Buzlu okeana qədər rast gəlinir.

Dəriləri isə o qədər sərt olur ki, məhv olmuş dəniz atlarını əllə sındırmaq mümkünsüzdür. Bu da onların maraqlı xüsusiyyətlərindən biridir. Təəssüf ki, hazırda zoomağazalarda nadir tapılan bu canlılar akvariumda da çox yaşamırlar. Çox diqqətli qulluq tələb edirlər.

Keçmişdən indiyə qədər elm dünyasının daim marağına səbəb olan bu heyvanlar əfsuslar olsun ki, insanların həddindən artıq müdaxiləsi nəticəsində nəsli kəsilməkdə olan canlılar sırasındadır.

 

Gələcəyimizi dəyişdirə bilərikmi?

Bəzən gələcəklə bağlı qərarlar qəbul edərək onun reallaşması üçün əlimizdən gələni etməyə çalışırıq. Bəzilərimiz təbiətin qoynunda daha çox zaman keçirmək, bəzilərimiz sağlam qidalanmaq və ya zərərli vərdişlərdən imtina etmək, bəzilərimiz isə daha çox pul qazanmaqla gələcəyimizi dəyişdirə biləcəyimizi zənn edirik. Bəs doğurdanmı, bütün bunları etməklə gələcəyi dəyişdirmək mümkündür?

Əslində, gələcəkdə bizi nə gözlədiyini bilmədən qərarlar veririk. Qəbul etdiyimiz qərarları icra etmək isə öz əlimizdədir, elə deyilmi? Bəzən gələcəyimizin Tanrı tərəfindən əvvəlcədən yazılmış olmasına da inanırıq. Sizcə, belə bir şey mümkündürmü?

Bu mövzu ilahiyyatdan tutmuş fizikaya qədər bir çox sahələr üzrə tədqiq edilmişdir. Məlumdur ki, zaman qavrayışımız keçmiş, indiki və gələcəkdən ibarətdir. Lakin bu anlayış da Albert Eynşteynin məşhur nisbilik nəzəriyyəsi ilə sual altına düşdü. Bu nəzəriyyədən öncə "içində olduğumuz zaman" kainatda hər kəs tərəfindən qəbul edilən zaman idi. Məsələn, saat 12 olduğunu görüb bir çox şeylərin bizdən uzaqda yaşayan insanlar üçün də eyni vaxtda baş verdiyini düşünürdük. Heç şübhəsiz ki, nisbilik nəzəriyyəsi zaman anlayışımıza böyük təsir etdi.

Bu barədə düşüncələrimizə təsir edən digər məqam isə taleyimizin Tanrı tərəfindən yazılmış olması və onun gələcəyimizi görə bilməsi fikridir. Yəqin ki, bu sual hər kəsi düşündürür: Bəs bütün bunları Tanrı necə görür? Məsələn, filan tarixdə filan yerə gedib- getməyəcəyimizi o haradan bilə bilir?

Tanrının hər şeyi bildiyini söyləyən filosof Boethius insanları vadidə səyahət edən səyyahlara, Allahı isə dağın başında dayanaraq vadini seyr edən müşahidəçiyə bənzədir. "Biz önümüzdəki yolun kiçik bir hissəsini gördüyümüz halda, Allah bütün yolu görür". Əgər gələcəyimiz Tanrı tərəfindən yazılırsa, onu dəyişdirməyə cəhd etməyin və ya yeni qərarlar qəbul etməyin nə mənası var?

Bütün bu fikirlərin hansının doğru, hansının yanlış olduğunu dəqiq bilmirik. Bəlkə də heç bir zaman bilməyəcəyik. Lakin bir şeyi unutmamalıyıq ki, gələcəkdə nəyin necə olacağı yenə də öz əlimizdədir. Bu keçmişdə, hazırda və daha sonra etdiyimiz əməllərdən asılıdır...

 

Bu insanlar poliqlot ola bilərlər

Oxford və Wellcome Universitetinin tədqiqatçıları bu yaxınlarda solaxay insanlarla bağlı maraqlı bir faktı üzə çıxarıblar. Belə ki, ilk dəfə olaraq ümumi genom populyasiyasında solaxaylıqla bağlı genləri tədqiq edən alimlər bu genlərin beynin dil öyrənməklə bağlı bölgələri ilə əlaqəli olmasını aşkar ediblər.

Genlərin əlin hərəkətlərinə təsir etdiyi artıq məlum idi. Bundan əlavə, bəzi araşdırmalara görə, əl hərəkətlərinin 25 faizinin genlərdən qaynaqlandığı da ehtimal edilir. Ortaya bir sual çıxır: Bəs bu genlərdən hansıları ümumi populyasiyada iştirak etmir?

"Journal Brain" jurnalında dərc edilən araşdırmada solaxaylıqla bağlı bəzi genetik variasiyaları müəyyən etmək üçün UK Biobankdan olan 38 332 solaxay da daxil olmaqla 400 000-ə yaxın insanın genomları təhlil edilib. Müəyyən edilən dörd genetik bölgədən üçünün beynin inkişafı və quruluşunda iştirak edən zülallarla əlaqəli olduğu məlum olub.

Təxminən 10 minə yaxın iştirakçının beyin görüntülərini ətraflı şəkildə araşdıran alimlər genetik təsirlərin beynin dil öyrənməklə əlaqəli hissələrində onun hüceyrə quruluşunu ehtiva edən ağ maddə ilə bağlantılı olduğunu müəyyən ediblər.

"Solaxay iştirakçılarda beynin sağ və sol hissələrinin hər ikisinin də ahəngdar işlədiyini müşahidə etdik. Bu isə solaxayların şifahi mövzuların mənimsənilməsində daha üstün qabiliyyətə malik olacağı ehtimalını artırır", - deyə tədqiqat müəllifi Gwenae..lle Douaud qeyd edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".