MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Hava Mahal" küləklər sarayı

Donmuş musiqi adlandırılan memarlıq sənəti əbədi sirləri özündə əks etdirən və estetik zövqümüzü oxşayan bədii yaradıcılıq növüdür. Hindistanın Jaypur şəhərinin ən mükəmməl abidəsi hesab edilən "Hava Mahal" abidə 1799-cu ildə Maharaca Sawai Pratap Singh-in sifarişi ilə tikilmişdir. Zahiri görünüşü Tanrı Krişnanın tacını xatırladan binanı ilkin olaraq məbəd kimi istifadəyə verməyi düşünsələr də, sonradan Maharaca fikrini dəyişir və buranı saray etmək qərarına gəlir. Layihənin əsas memarı Lal Çand Ustanın binada quraşdırdığı pəncərələrin xüsusi havalandırma sistemi sayəsində saray "Hava Mahal", yəni küləklər sarayı adlandırılıb. Sarayın Hindistanın ən isti ərazisində yerləşməsinə baxmayaraq, burada qızmar havalarda belə sərin meh əsir.

Beş mərtəbədən ibarət bina çəhrayı qum daşından tikilib və ən maraqlı cəhəti sarayda pilləkənin olmamasıdır. Mərtəbələrin arasında sadəcə keçidlər quraşdırılıb. Fasadı oyma Jarokhas ornamentləri ilə bəzədilən sarayın hər mərtəbəsində 953 pəncərə var. Hindistanda yüksək rütbəli şəxslərin qadınlarını görmək qadağan olduğu üçün tikinti zamanı çoxlu sayda pəncərə quraşdırmaq qərarı verilmişdir. Maharacanın və şahzadələrin qadınları bu pəncərələrdən tətillərdə küçədə olan bayram yürüşlərini rahat izləyə bilsinlər deyə ustalar sarayı bu üslubda inşa etmişlər. Pəncərələrin özəlliyi ondadır ki, qadınlar hər yeri görə bilsələr də, onları heç kim görmürdü. Sarayın otaqları rahat, ancaq çox balaca olduğu üçün burada yaşamaq əlverişli deyildi, bu səbəbdən də şahzadələrin arvadları yalnız tətillərdə və bayramlarda buraya gəlirdilər.

Uzaqdan qarışqa yuvasını xatırladan binanın mücəvhər qutusuna bənzədiyini də iddia edirlər. Dəbdəbəli binanın qeyri-adi miniatür eyvanları, çoxlu sayda naxış və ornamentləri olsa da, tikili çox zərif görünür. Az memar tapılar ki, bu qədər elementi bir tikilidə toplasın, eyni zamanda xarici görünüşünə zərər vermədən vizual olaraq binanı daha dəbdəbəli etsin.

Mooriş üslubunda inşa edilən qeyri-adi saray Jaypur şəhərinin ən böyük xəzinəsidir.

 

"Nautilius" qabığı şəklində ev

Meksikalı memar Havyer Senosianın layihələndirdiyi "Nautilius" qabığına bənzəyən ev dünyanın ən qeyri-adi tikililəri sırasındadır. Unikal qabıq formalı ev Meksikanın Naukalpan de Xuares şəhərində 2006-cı ildə inşa olunmuşdur.

Gənc meksikalı ailə şəhərin səs-küyündən uzaq, təbiətlə harmoniyada yaşamaq arzusunu həyata keçirmək üçün biodizayn və biomemarlıq üslubunda işləyən memar Havyer Senosiana müraciət edirlər. Təbii "Nautilius" qabığından ilhamlanan memar cütlük üçün maraqlı və füsunkar bir ev yaradır.

Göy qurşağının bütün rənglərindən istifadə edən memar evin tikintisində müxtəlif ölçüdə şəbəkə və parlaq vitrajdan istifadə edib. Evdə bir dənə də olsun düz xətt yoxdur. Mağaraya bənzər otaqların interyerində yaşıl bitkilərlə dolu bağ rəvan şəkildə verandaya axır, tam ortada dayanan sarı divan isə fantastik çiçəyi xatırladır. Bundan əlavə, mavi çalarlarla zəngin "sualtı" istixana mozaika ilə örtülmüş dolama yivlərindən axan vanna otağına keçir. Bu sehrli labirintin əsas mərkəzi maraqlı üslubda dizayn edilmiş qonaq otağıdır. İki böyük və iki uşaq otağından ibarət evin müxtəlif bucaqlarında yerləşən bir neçə dairəvi pəncərələr spiral pilləkən və yuvarlaq divarlar elə təəssürat yaradır ki, sanki dənizin dibində yatan həqiqi nautilius qabığının içindəsiniz. Bu, xüsusilə qum və mavi divarların olduğu vanna otağında hiss olunur. "Nautilius"un tikintisində nazik qat betondan istifadə etməklə, memar daha davamlı və deformasiyaya məruz qalmayan bir ev yaratmışdır.

Hər bir detalı unikal və təkrarolunmaz evin daxili dekorasiyası o qədər fərqlidir ki, bəzən bu məkanın xəyal olduğunu düşünürsən.

 

Hərbi Hava Qüvvələri Akademiyası Kapellası

Müasir Amerika memarlığının ən gözəl nümunələrindən olan Hərbi Hava Qüvvələri Akademiyası ABŞ-ın Kolorado ştatında yerləşir. 1963-cü ildə inşaat işləri tamamlandıqdan sonra tikili ətrafında bəzi mübahisələr yaransa da, zaman keçdikcə bina şəhərin ən məşhur məkanına çevrilir.

Polad, alüminium və şüşədən hazırlanmış Kadet Kapellası 17 guşəli qüllədən ibarətdir. Səmaya qalxan reaktiv qılıncı xatırladan binanın içərisində iki əsas mərtəbə və bir zirzəmi var. 1200 yerlik protestant 500 yerlik katolik kilsəsi və 100 yerlik yəhudi kapellası olan binanın hər bir ibadətgahının ayrıca girişi var ki, bu da eyni vaxtda müxtəlif dini tədbirlərin keçirilməsinə imkan verir. Yuxarıda yerləşən protestant kilsəsinin tetraedral divarları arasında vitraj pəncərələr var. Bu pəncərələrin aşağı hissəsi tünd rəngdə, yuxarısı isə daha işıqlıdır. Gəmiyə bənzər tikili 15 fut uzunluğunda hamar mərmər plitədən hazırlanmışdır. Binanın arxasında alüminium zolaqla örtülmüş qırıcı təyyarənin qanadına bənzər konstruksiya da quraşdırılıb.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".