Sağlam həyat
Maraqlı

Sağlam həyat

Hansı qarağatın faydası daha çoxdur?

Yay fəslinin ən məşhur giləmeyvələrindən biri də qarağatdır. Demək olar ki, bütün vitaminləri özündə birləşdirən bu bitki alimlərin qənaətinə görə, insan sağlamlığı üçün olduqca faydalıdır. Lakin rəng baxımından hansı qarağatın daha faydalı olması  adətən insanlarda sual doğurur. Bəzi faktları təqdim etməklə gəlin, birlikdə hansı qarağatın daha faydalı olduğunu təyin etməyə çalışaq...

Əslində, həm qırmızı, həm də qara qarağat insan sağlamlığı üçün olduqca faydalıdır. Onların tərkibində bir çox vitaminlər, minerallar, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var.

Baxmayaraq ki, qarağatlar yaxın "qohumdur", onların tərkibində olan faydalı maddələrin miqdarı xeyli fərqlənir.

Məsələn,  100 qr qara qarağatın tərkibində C vitaminin 2 sutkalıq dozası, 100 qr qırmızı qarağatın tərkibində isə yarım sutkalıq C vitamini dozası var. Bu vitaminin isə  sağlamlığımız üçün nə qədər  vacib olduğunu yəqin ki, söyləməyə gərək yoxdur. Xüsusilə, qara qarağat  C vitamini ilə  daha zəngin olduğu üçün güclü antioksidant  mənbəyi hesab edilir.  Bu səbəblə orqanizmdə gedən qocalma proseslərini ləngidir, sərbəst radikallarla mübarizə apararaq onun bərpasında mühüm rol  oynayır. Bilavasitə  orqanizmə təsir edən zəhərlər toksinlərlə də  mübarizə aparır. Onun əsas vəzifələrindən biri də  damarlarımızın sağlamlığını qorumaq, onları elastik və möhkəm etməkdir.

Orqanizm üçün çox faydalı olan Omeqa-3 yağ turşularının miqdarı qara qarağatda 2 dəfə çoxdur. Bu faydalı maddələr sinir toxumasının normal fəaliyyəti, infarkt və insultun profilaktikası üçün çox vacibdir. Omeqa-3 yağ turşuları beyinin fəaliyyətinə müsbət təsir edərək  yaşlı insanlarda inkişaf edən ağıl zəifliyinin qarşısını alır.

Ürəyin normal fəaliyyəti üçün çox vacib olan kalium və maqnezium mineralları da qara qarağatda qırmızı qarağatla müqayisədə daha çoxdur.

Bütün bu faktları nəzərə alsaq, qara qarağatın qırmızı qarağatdan daha faydalı olduğu görünür. Lakin bu,  qırmızı qarağat istehlakından çəkinmək anlamına gəlməməlidir. Unutmayın ki, onların faydası insandan-insana dəyişə bilər.

 

Yay aylarında bunu etməyin

Mütəxəssislər havanın hərarətinin qızmar olduğu dövrlərdə  gec saatlarda qida və spirtli içki qəbulunun infarkt riskini artırdığını söyləyirlər.

Məlumdur ki, yay aylarında ürək xəstəlikləri səbəbindən ölüm halları da artır. İsti havaların maye itkisi və düzgün qidalanmama səbəbindən ürək xəstəliyinin inkişafına  yol açdığını bildirən mütəxəssislər, xüsusilə gecə saatlarında  yeməkdən imtina etməyi tövsiyə edirlər. Ağır qidaların  ürək sağlamlığına birbaşa təsir etdiyini söyləyən alimlər  yüngül qidalara üstünlük verməyi məsləhət görürlər.

Havanın temperaturunun yüksək olduğu dövrlərdə orqanizmdə maye itkisi çox oluduğundan qanda qatılaşma baş verir və bunun nəticəsində də bir sıra xəstəliklər yaranır. Qida rejiminə düzgün əməl edilməməsi ürək-damar xəstəlikləri riskini artırır, infarkta yol açır. Ona görə də arterial təzyiqi yüksək olanlar  yay aylarında qida rejiminə ciddi fikir verməlidirlər.

Hipertoniya və ürək xəstəliyindən əziyyət çəkənlər xəstəliyin riskini azaltmaq və qan dövranını yaxşılaşdırmaq məqsədilə təmiz su, daha doğrusu, qazsız və şəkərsiz maye qəbul etməlidirlər. Bundan əlavə, vitaminlərlə zəngin meyvələrə üstünlük verilməli, tərəvəzlərdən hazırlanmış yeməklər gündəlik qida rasionunun əsas tərkib hissəsi olmalıdır.

Ürək xəstələrinin həftə ərzində  qırmızı ətdən bir porsiyadan çox istifadə etmələri məsləhət görülmür. Həmçinin,  qızardılmış yeməklər və  tərkibində yüksək miqdarda  duz olan emal edilmiş qidalardan uzaq durulması tövsiyə olunur.

İnformasiya "Apetite" jurnalında yayımlanıb.

 

Bu çay diabetin qənimidir

Son zamanlar  qanında şəkərin miqdarı çox olan insanların sayı artmaqdadır. Dünyada 500 milyondan çox insanın əziyyət çəkdiyi şəkərli diabet xəstəliyi  ümumdünya səhiyyəsinin qlobal problemlərindəndir.  Elm adamları heç bir dərman preparatlarına ehtiyac duymadan  bu xəstəliyin çarəsini təbii vasitələrdə görürlər. Belə ki, alimlər "qızıl çay" adlandırdıqları çobanyastığı çayının şəkər xəstəliyinin təbii əlacı olduğunu söyləyirlər.

Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərinin yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir. Qanda şəkərin miqdarının çox olması bu xəstəliyin əsas göstəricisidir. Xəstəliyin səbəbi insulin hormonu ifrazının hər hansı səbəbdən kifayət qədər və ya heç olmaması, ya da toxumalarımızın insulinə qarşı rezistent hala gəlməsidir.

İranda aparılan araşdırma zamanı  yeməkdən sonra çobanyastığı  çayı içərək qanda şəkəri tənzimləməyin  mümkün olduğu ortaya çıxıb. "Nutriton" jurnalında dərc edilən araşdırmaya görə, gün ərzində 3 fincan çobanyastığı çayının qəbulu  tip 2 diabetli insanlarda qan şəkərinin səviyyəsinə nəzarət edə bilər.

Təbriz Tibb Elmləri Universitetinin tədqiqatçıları çobanyastığı çayının təsirinin  tip 2 diabetli insanlarda qlisemik nəzarətə və antioksidant səviyyələrinə necə təsir etdiyini araşdırıblar.

30-60 yaş arası 64  diabet xəstəsi üzərində təcrübə aparılıb. Respondentlər 8 həftə ərzində yeməkdən dərhal sonra gündə 3 dəfə çobanyastığı çayı içiblər. Digər qrupun iştirakçıları isə bunun əvəzinə yeməkdən sonra su qəbul ediblər. Nəticədə, bitki çayı içənlərdə HbA1c və serum insulin səviyyələrinin  əhəmiyyətli dərəcədə  azaldığı məlum olub.

Bununla belə,  alimlər önəmli klinik irəliləyişlər əldə etmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildiriblər.

 

Orqan nəqlində yeni ümid

Amerikalı alimlər inqilabi bir yeniliyə imza atıblar. Belə ki, elm adamları qısa müddət əvvəl məhv olan heyvanların  orqanlarını qismən canlandıra biliblər.

Ürəyin döyünməsi dayandıqda qan axınının olmaması bədənin hüceyrələrini və orqanlarını məhv etməyə başlayır. Lakin buna baxmayaraq, Yale Universitetinin tədqiqatçıları yeni bir metodla ölü donuzlarda qan dövranını yenidən bərpa etməyi bacarıblar.

"OrganEx" adı verilən üsul 13 dərmanın qarışığından hazırlanmış məhlul sayəsində  həyata keçirilib. Hazırlanan məhlul qısa müddət ərzində məhv olmuş heyvanlarda hüceyrə ölümü və iltihabı ilə mübarizə apara bilib.

Tədqiqat qrupu bu  sistemi infarkt səbəbindən ölən anesteziya edilmiş donuzlar üzərində sınaqdan keçirib. "Nature" jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, ürək, qaraciyər və böyrəklər də daxil olmaqla,  bəzi orqanların müəyyən  funksiyaları bərpa edilib. Heyvanlar tam sağ olmasalar da, onların ürəkləri döyünməyə başlayıb. Bundan əlavə, onlar başlarını və boyunlarını hərəkət etdiriblər.

"Hüceyrələrin hamısı dərhal məhv olmur. Müdaxilə edə  və bəzi hüceyrə funksiyalarını geri qaytara biləcəyimiz bir  proses var", - deyə tədqiqatçılardan biri - dr. David Andreyeviç izah edib.

Qeyd edək ki, yeni metod gələcəkdə infarkt və insultdan qaynaqlanan orqan zədələnməsinin müalicəsində, həmçinin, ölmək üzrə olan xəstələrin həyata qaytarılmasında istifadə oluna bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".