Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən  insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də  bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Dəmirçilik sənətinin yaranması"nı oxuculara təqdim edirik.

“Respublika".

 

Dəmirçilik sənətinin yaranması

Bəşəriyyətin təkamülü prosesində  mühüm mərhələlərdən biri də, dünyada dəmirçilik sənətinin meydana gəlməsidir. Dəmirdən istifadə dünya tarixində  məhsuldar qüvvələrin inkişafına və ictimai quruluşda əsaslı  dəyişikliklərin  yaranmasına səbəb olmaqla bəşəriyyətin formalaşmasında böyük rol oynamışdır. Dəmirin insan tərəfindən kəşf edilməsi kənd təsərrüfatı, hərb sənayesi kimi demək olar ki, istehsalatın  bütün sahələrinin inkişafına təkan verərək sonralar sənaye inqilabına səbəb olmuşdur.

Nə qədər qeyri-adi səslənsə də, hər şey dəmirdən başladı... Bəli, əvvəlcə dəmir meteorit materialından hazırlanırdı. Qədim insanlara yalnız meteor dəmiri məlum idi. Eramızdan əvvəl III minilliyin birinci yarısına aid olan dəmir əşyaları qədim Misir, Mesopotamiya, Kiçik Asiyanın ərazisində tapılmışdır. Filizdən dəmir əldə etmək üsulu isə eramızdan əvvəl II minillikdə kəşf edilmişdir. 

Bu elementin necə və nə zaman kəşf edildiyi dəqiq bilinməsə də, təbiətdə geniş yayıldığına və sərtliyi, möhkəmliyi ilə seçildiyinə görə qədim  insanların diqqətini cəlb etmişdir. Qədim dövrlərdən bəri insanlar bataqlıq filizindən dəmir çıxarmağı və onu xüsusi dəmir, ixanalarda emal etməyi öyrənmişlər. Dəmirçilərin və dəmirçi sənətinin ilkin nümunələrinə qədim yunan miflərində də  rast gəlinir.

Dəmir əldə etmək texnologiyasının tuncla müqayisədə daha mürəkkəb proses olmasına baxmayaraq, Dəmir dövrü özündən əvvəlki Tunc dövrünü inamla əvəz etdi. Bunun səbəbi dəmirin təbiətdə daha geniş yayılması idi. 

Dünyanın bütün ölkələri müxtəlif dövrlərdə dəmir istehsalının mənimsənilməsi dövrünü keçmişdir və geniş mənada Tunc dövrünün sonundan bu günə qədər bəşəriyyətin tarixini  bütünlükdə Dəmir dövrünə aid etmək olar. Amma tarix elmində yalnız eneolit ​​və tunc dövrlərində yaranmış qədim dövlətlərin (Mesopotamiya,  Misir, Yunanıstan, Roma, Hindistan, Çin) ərazisindən kənarda yaşamış ibtidai xalqların mədəniyyətləri dəmir dövrünə aid edilir. Dəmir dövründə Avrasiya xalqlarının əksəriyyəti ibtidai sistemin parçalanmasını və sinfi cəmiyyətin formalaşmasını yaşamışdır.

Bəşəriyyətin yarandığı vaxtdan insanlar gündəlik tələbatlarını ödəmək üçün müxtəlif alət və  vasitələrdən istifadə etməyə başlamışlar. İnsan təfəkkürünün təkamülü sayəsində bəzi alətlər inkişaf etdirilərək, təbiətin insanlara bəxş etdiyi enerji mənbələrinin daha səmərəli istifadəsinə yönəlmişdir. Qədim dövrün texnikası kimi meydana gəlmiş alətlər dünyanın hər yerində insanların malik olduqları təbii imkanlara uyğun olaraq inkişaf etmişdir.

Texnologiyanın inkişafı sivilizasiyanın əsas göstəricisi olduğu üçün o, hər bir mədəniyyətin formalaşmasının əsasında dayanır. Tarixdən məlum olduğu kimi, müxtəlif dövrlərdə, həmin dövrün inkişaf səviyyəsinə uyğun texniki vasitələrdən istifadə olunmuşdur. Daş dövründə ilkin alət kimi daşdan, sümükdən və ağacdan hazırlanmış iti tilə malik kəsici alətlərdən istifadə olunması insan əqlinin inkişafının əvvəlində baş verən proseslərə dəlalət edir. Texnikanın  inkişafı mövcud olan müstəvidə hərəkət edərək, daha yeni bir səviyyəyə çatmaqla formalaşmışdır. Bu baxımdan, daş dövründəki inkişaf prosesi heç bir mövcud zəngin bazaya malik olmadan baş vermişdir. İnsaniyyət öz mövcudluq tarixinin 99 faizini  sadə alətlərdən istifadə etməklə  keçirmişdir. Lakin insanların heyvanlara və torpağa münasibəti dəyişdikcə, texnikanın yaranması və sonrakı inkişafında tarixi dönüş başlamışdır. Heyvanların əhilləşdirilməsi və torpağın məqsədyönlü şəkildə əkilib-becərilməsi insanları yeni texniki tələbat qarşısında qoymuşdur. Yeni texniki vasitələrin inkişafı ilə bərabər, insanlar artıq münbit torpaqlar ətrafında məskunlaşmaq, yəni köçəri halda ov dalınca qaçmaqdan tədricən imtina edərək yaşayış yerlərinin tikintisinə başlamışlar.

İlk dəfə dəmirdən geniş istifadəyə  e.ə. XI əsrdə başlanılmışdır. Dəmirdən istifadə bəşər tarixində inqilabi rol oynayaraq məhsuldar qüvvələrin inkişafında və ictimai quruluşda əsaslı dəyişiklik yaratmışdır.

Dəmir dövrü ilk olaraq Şərqi Aralıq dənizi ölkələrində inkişaf etmişdir. Bu metal ilk dəfə eramızdan əvvəl 1200-cü ildə Qərbi Afrikada əridilmişdir. Dəmirçilik sənəti müxtəlif dövrlərdə və müxtəlif yollarla başqa ölkələrə, qitələrə yayılmışdır. Dəmir filizi bir çox sahələrdə emal edilib istifadə olunaraq başqa ölkələrə satılmışdır. Məsələn, avropalı tacirlər Amerika və Avstraliyaya dəmir emalatxanaları gətirmişdilər. Cənubi Sakit okeanın adaları, Afrika qitəsinin daxili hissələri, Şimali və Cənubi Amerikada daş dövründən dərhal sonra Dəmir dövrünə keçid baş vermişdir. Anadoluya nəzər saldıqda isə dəmirdən hazırlanmış alətlərin ilk istifadəsi e.ə. 1800-cü illərə təsadüf edir.

E.ə XV əsrdə dəmir Yunanıstanda qızıl qədər bahalı və qiymətli metal hesab edilirdi. Hindistanın Qanq vadisində aparılan qazıntılarda tapılan dəmirin  qalıqlarının eramızdan əvvəl 1800-cü illərə aid olduğu sübut edilmişdir. E.ə. XIV əsrdə yaşamış Misir fironu Tutanxamonun məzarından dəmir xəncərin, Misir qəbirlərində, Ur türbələrində bir çox dəmir əşyaların tapılması buna əyani sübutdur.

Dəmirçilik insanlara qədim zamanlardan məlumdur. Bu, döymə metal emalının ən qədim üsullarından biridir. Dəmir döymə texnikası qədim insanlara məlum idi. Eramızdan əvvəl 4-cü minillikdə Mesopotamiya, Misir və İran dəmirçiləri çirkləri təmizləmək üçün soyuq süngər dəmiri çəkiclərlə döyürdülər. Amerika hinduları arasında soyuq döymədən XVI əsrə qədər istifadə edilmişdir.

Döymə texnikası durmadan təkmilləşir, metala istənilən forma verilirdi. İsti döymə texnikası qədim Misir, Roma, Avropa, Asiya və Afrikada istifadə edilmişdir. Metal məmulatlara tələbat həmişə yüksək olduğundan, dəmirçi peşəsi ən hörmətli peşələrdən biri hesab edilirdi. Əvvəlcə dəmirçilər özləri metalı həm əridir, həm də döyürdülər. Dəmir əritmək və döymək üçün isə onlar  maşadan istifadə edirdilər. Bu alətlərin köməyi ilə mürəkkəb texnoloji üsullar tələb etməyən adi məişət əşyaları,  məsələn, bıçaq, mismar, oraq, kürək, dərrak və sairləri təkbaşına düzəldilirdi.

Sənaye inqilabından çox əvvəl erkən Dəmir dövründə insanların çoxu maldarlıq və əkinçiliklə məşğul olurdu. Dəmirdən hazırlanmış alətlərin istehsalı əkinçiliyin inkişafını  asanlaşdırmaqla yanaşı, onun səmərəliliyini də artırdı. Kəndlilər daha sərt torpaqları becərərək yeni sortlar yetişdirməklə yeni məhsullar əldə etdilər. Eyni proses heyvandarlığa da aiddir. Daha səmərəli təsərrüfat üsulu sayəsində vaxta da qənaət edilirdi. Daha çox vaxt qazanmaq isə insanların nəinki əkinçiliklə məşğul olmasına, həm də yetişdirdiklərini sata və ya dəyişdirə bilməsinə şərait yaradırdı. Bəzi ailələr öz çörəkbişirmə sexləri, dərzilik emalatxanaları və dəmirçixanalarını yaratmağa başladılar. Dəmirçiliyin inkişafı, öz növbəsində, dəri, ağac və sümük emalı kimi sənətkarlığın inkişafına da təkan verdi. Beləliklə, ticarət inkişaf etməyə başladı.

Dəmirçilik orta əsrlərdə öz inkişaf mərhələsinə qədəm qoymuşdur. Avropada və Rusiyada sənətkarlar tərəfindən  silah, zireh, kənd təsərrüfatı, sənət alətləri, çıraq, barmaqlıq, sandıq kimi bir çox metal məmulatlar hazırlanırdı.

Orta əsrlərdə dəmirçilik sənəti xalq sənəti və memarlıqda da öz əksini tapmışdır. XV-XIX əsrlərdə məharətlə hazırlanmış saxta işıqlar, qarmaqlar, şamdanlar, fənərlər bu günə qədər gəlib çatmışdır. Xüsusi zövqlə, dəmir barmaqlıq və hasarlarla bəzədilmiş qalaların, sarayların nümunələrini Paris, Sankt-Peterburq, Praqa və Vyana kimi bir çox böyük şəhərlərdə  görmək olar. Bəzi şəhərlərdə iri dəmirçi dükanları ixtisaslaşmışdı. Məsələn, Herat məişət əşyaları, Dəməşq və Tula silahlar, Nottingem isə bıçaqları ilə məşhur idi.

XIX əsrin əvvəllərində Tula dəmirçisi Pastuxov ilk dəfə ştamplamadan istifadə etmişdi. Və yarım əsr sonra buxar çəkicləri ortaya çıxdı. XX əsrin əvvəllərində isə əl ilə döymə demək olar ki, tamamilə tökmə və ştamplama ilə əvəz edildi. Bununla belə, son vaxtlar fərdi tikintinin sürətli inkişafı, memarlıq və dizaynda yeni tendensiyalar sayəsində bədii döymə sənətinə marağın canlandığı müşahidə olunur.

Dəmir əsrlər boyu insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynamış və  daha qabaqcıl emal texnologiyaları kəşf olunduqca dünya ən sürətli inkişaf dövrünü yaşamışdır. Dəmir sayəsində ibtidai icma quruluşu sinfi cəmiyyətin  və dövlətlərin yaranması, yeni ticarət münasibətlərinin qurulması ilə əvəz olunaraq tarixin ilk mərhələsi olan ibtidai icma quruluşunun dağılmasına səbəb olmuşdur. Yeri gəlmişkən, ən məşhur ticarət yolu olan Böyük İpək Yolu məhz erkən Dəmir dövründə formalaşmışdır.

Dəmirdən hazırlanmış alətlər və silahlar insanları həm iqtisadi, həm də hərbi cəhətdən gücləndirdi. Onun istifadə sahəsi genişləndikcə, silah texnologiyası da təkamül etdi. Bundan əlavə, maşın və gəmiqayırma sənayesi də inkişaf etməyə başladı. Bir sözlə, dəmirin kəşfi ilə  dəmirçilik sənətinin meydana çıxması tarixin gedişatına təsir edərək dünyanın düzənini dəyişdirdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".