Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Qəhvə pul kisəmizin "düşməni" imiş...

Son zamanlar qəhvənin sağlamlığımıza müsbət təsirlərini ortaya çıxaran bir sıra araşdırmalar aparılıb. Lakin bu içkinin sağlamlığımıza faydaları olduğu qədər, zərərlərinin olması da istisna deyil. Bununla bağlı daha bir diqqətçəkən araşdırmaya imza atılıb. Çox güman ki, nəticələr qəhvəsevərlər üçün heç də ürəkaçan olmayacaq...

Alimlər qəhvə istehlakının daha çox pul xərcləməyimizə səbəb olduğunu deyirlər. Üstəlik, kofein qəbulunun məhsulun qiymətinin fərqinə varmadan alış-verişə təşviq etdiyi bildirilib.

Cənubi Florida Universitetinin alimlərindən ibarət araşdırma qrupu, qəhvə və pul xərcləmə vərdişləri arasında əlaqənin olub-olmadığını araşdırıb.

Tədqiqat zamanı qəhvə ilə bu vərdiş arasında sıx əlaqənin olduğu aşkarlanıb. Belə ki, qəhvə istehlakından sonra pul xərcləmə istəyinin artdığı üzə çıxıb.

Bundan əlavə, araşdırma nəticəsində istehlakçıların ətirli şamlar, dekor əşyaları, parfümeriya məhsulları, masaj alətləri kimi məhsulları almağa daha çox meyilli olduqları məlum olub.

Alimlərin fikrincə, bunun səbəbi qəhvənin tərkibindəki kofein adlı maddənin stimullaşdırıcı təsirə malik olmasıdır. Qeyd edək ki, araşdırmanın nəticələri nəinki qəhvə, tərkibində kofein olan enerji içkiləri, şokolad kimi digər qida məhsullarına da aid edilir. Bir sözlə, qəhvənin normada istehlakı sağlamlığımız üçün faydalı olsa da, görünən odur ki, cibimizə zərər verirmiş.

 

Saxta banan bəşəriyyəti xilas edə bilərmi?

Qlobal iqlim dəyişkənliyinin fəsadları arasında nadir hallarda danışılan mövzulardan biri də qidadır. Proqnozlara görə, get-gedə okeanlarda suyun səviyyəsinin yüksəlməsi, meşə yanğınlarının və isti hava dalğalarının artması qida çatışmazlığına gətirib çıxara bilər. Bəs belə bir şəraitlə üzləşsək çıxış yolumuz nə ola bilər?

Londonun Kral Nəbatat Bağının tədqiqatçıları ideal həll yolu ola biləcək qəribə bir bitki tapdıqlarını iddia edirlər. Onların sözlərinə görə, Efiopiyada yetişən, saxta banan kimi tanınan Həbəş bananı quraqlığa dözümlülüyü ilə nəinki bəşəriyyəti qidalandıracaq, eyni zamanda, iqlim dəyişkənliyi ilə də mübarizə apara bilər. Lakin məsələ burasındadır ki, bitkinin meyvəsi yeyilmir. Ortaya belə bir sual çıxır: Bəs, bu bitki dünyanı aclıqdan necə xilas edə bilər?

Əslində, Efiopiyadan kənarda o qədər də tanınmayan bu bitkinin nişastalı gövdəsi və kökləri fermenləşdirilib un halına gətirilərək səhər yeməyi sıyığının və çörəyin hazırlanmasında istifadə olunur. Ondan hazırlanan un digərləri ilə müqayisədə kalorili olmasa da, karbohidratlarla zəngin olduğu üçün buğda və qarğıdalı ununu əvəz edə bilir. Üstəlik quraqlığa və hər cür iqlim şəraitinə davamlı olan, onilliklər boyu yaşayan bu bitki ilin bütün fəsillərində bar verir. Bitki həmçinin, göbələk mikorizal şəbəkələri kimi yeraltı ekosistemlərin inkişaf etməsinə də imkan yaradır. Bütün bu amillər onu quraqlığa, xəstəliklərə, zərərvericilərə və qida maddələrinin itkisinə qarşı daha həssas edir. Bu səbəblə də mütəxəssislər qida ehtiyatını itirmək təhlükəsi ilə üzləşən 100 milyonlarla insanın probleminin həllini Həbəş bananında görürlər.

Ekosistemləri sabitləşdirmək və karbonu kompensasiya etmək potensialına malik olan bu bitki bəlkə də, bir gün bəşəriyyətin xilaskarı ola bilər...

 

Maqnit hissimiz olduğunu bilirdinizmi?

Yəqin ki, Yerin maqnit sahəsini hiss etmək qabiliyyətinin həşəratlar, quşlar və bəzi məməlilərdə olduğu əksəriyyətinizə məlumdur. Məhz bu hissin sayəsində onlar uzaq məsafələrə köç edə bilirlər. Lakin amerikalı alimlər bu qabiliyyətin nəinki heyvanlarda, insanlarda da olduğunu iddia edirlər.

Kaliforniya Texnologiya İnstitutunun geofiziki Co Kirschvink eyni xüsusiyyətin əslində insanlarda da olduğunu deyir. O, eksperimentlərinin təkrarlana və yoxlanıla biləcəyini tam əminliklə söyləyir. Daha əvvəl 24 nəfərlik kiçik komanda ilə çalışıb uğur qazanan alim hətta, bu yaxınlarda işini inkişaf etdirmək üçün 900 min dollar vəsait aldığını da bildirib.

İnsanlarda maqnit hissinin olması əvvəllər bir sıra sınaqlarla inkar edilmişdi. Ancaq hazırlanan yeni testlərlə bunun mümkün ola biləcəyi müzakirə olunmağa başlayıb.

Kirschvinkin bu mövzuda apardığı təcrübələr bir çox elm adamı tərəfindən dəstəklənir. Heyvanların yerin maqnit sahəsini hiss etdiyinə dair faktlar əvvəlcə quşlar və kəpənəklər kimi qanadlı heyvanlarda aşkar olunsa da, yeni tapıntılar itlər kimi məməlilərin də bunu hiss edə bildiyini ortaya qoyur. Bundan əlavə, siçan və siçovulların yuvalarını maqnit sahəsi xətləri boyunca qurduqları da məlumdur.

Ancaq heyvanların bunu necə bacardıqlarına dair müxtəlif fikirlər irəli sürülüb. Bu bioloji prosesin izahını verən iki əsas nəzəriyyə üzərində dayanılır: Bunlardan birincisi, Yerin maqnit sahəsinin aşkarlanmasında kriptoxrom adlanan zülalların kvant reaksiyalarına səbəb ola biləcəyi düşünülür. Bu zülallar quşların, itlərin və hətta insanların tor qişalarında olur. Lakin beynin maqnit məlumatlarını necə qidalandırdığı hələ ki məlum deyil.

Digər fərziyyəyə görə isə vücudun maqnit bazası kimi tanınan, dəmirdən ibarət "kiçik kompas iynələri" ehtiva edən, yerin maqnit sahələrinə uyğun olaraq istiqamətlənmiş hüceyrə reseptorlarna sahib olmasıdır. Qeyd edək ki, bu, bəzi quşların dimdiyində də tapılıb.

 

Dovşanlar haqda bilmədiklərimiz

Yoxuşa sürətlə çıxar, güclə enərlər... Uzun qulaqları ilə hər şeyi eşidər, yerkökü görüncə isə gözləri açılar... Bəli, doğru bildiniz, mövzumuz dovşanlardır...

Dovşanlar heyvanlar aləminin ən sevimli və ən məşhur heyvanlarından biridir. Yəqin ki, görünüşü, məsumluğu, hərəkətləri ilə seçilən bu heyvanları aranızda sevməyən yoxdur. Bəs onlar haqda nə qədər məlumatlısınız? Əgər aranızda dovşan saxlamaq fikrində olanlar varsa, bu məlumatları öyrənməyiniz işinizi daha da asanlaşdıra bilər.

İlk olaraq qeyd edək ki, dünyada təxminən 50-yə yaxın dovşan növü mövcuddur. Ortalama ömürləri isə təxminən 10 ildir. Əslində, çoxlarımızın bildiyi kimi, ən sevdikləri qida növü yerkökü deyil. Onlar bu tərəvəzi sevsələr də, dişlərini çürütdüyü üçün daha çox kahı və xiyar yeməyə üstünlük verirlər.

Dişləri bizim dırnaqlarımız kimi davamlı olaraq uzanan dovşanların qulaqları çox inkişaf etdiyi üçün ən kiçik səsləri belə eşidə və təhlükələrdən rahatlıqla xilas ola bilirlər.

Maraqlıdır ki, yediklərini yaxşı həzm edə bilməyən bu heyvanlar, onu bədənlərindən xaric edib təkrar yeyirlər. Belə bir xüsusiyyətləri bir az ürəkbulandırıcı olsa da, bunu onların orqanizmi tələb edir. Üstəlik yemək boruları bir istiqamətə doğru axdığından, yedikləri qidanı qaytara bilmirlər. Bəlkə də, onların bu xüsusiyyətlərini öyrəndikdən sonra dovşan saxlamaq fikrindən daşınacaqsınız...

Amma bütün bunlara baxmayaraq, onların yaxşı xüsusiyyətləri də var. Belə ki, təmizkarlığı sevən dovşanlar pişiklər kimi tez-tez özlərini yalayaraq təmizlənirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".