Xatirələrdə yaşayanlar
Sosial həyat

Xatirələrdə yaşayanlar

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı şəhid Əliağa Məmmədovun məzarı teatrın əməkdaşları tərəfindən ziyarət olunub. Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, beynəlxalq əlaqələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, "Səssiz Dünya" Eşitmə və Danışma Məhdudiyyətli Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərova və teatrın əməkdaşları həm də şəhidin ailəsinə baş çəkiblər.

Şəhid Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub.

2020-ci il oktyabrın 6-da, səhər saatlarında Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn edilib.

Vətən müharibəsində vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Akademik Musiqili Teatrın "İnklüziv" teatr studiyasının eşitmə və danışma məhdudiyyətli üzvlərinin hazırladığı kompozisiyanın elektron variantı şəhidin ailəsinə təqdim olunub. Kompozisiya Vətən müharibəsinin qızğın döyüşlərində komandirinin həyatını qurtarmaq üçün canını fəda edən, şəhidlik zirvəsinə ucalan Əliağa Məmmədova və onun timsalında bütün şəhidlərimizə həsr olunub.

Xatırladaq ki, bu kompozisiya bir neçə ay öncə Musiqili Teatrda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili" adlı layihə çərçivəsində hazırlanmışdır.

Bəybala BƏYBALAYEV,

"Respublika".