Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Əbu-Simbel məbədi

Misirdə dünya memarlığı xəzinəsinə böyük töhfələr verən saysız-hesabsız monumental sənət nümunələri yer alır. Nubiya ərazisinin mərkəzi və Nil çayının qərb sahilində yerləşən Əbu-Simbel məbədi Misir memarlığının tarixini əks etdirən qədim abidədir. Firon II Ramzes düşmənlərinə öz qüdrətini göstərmək və həyat yoldaşı Nefertariyə olan böyük sevgisini nümayiş etdirmək üçün məbəd tikməyi əmr vermişdi. Yeni Padşahlıq dövrünün ikinci yarısında Hettlər üzərində qələbənin rəmzi olan məbəddə II Ramzesin qoşunlarını himayə edən üç tanrı - Amon, Ra, Ptahın da heykəlləri əks olunmuşdur. Simbel dağında qayaların içində həkk olunmuş heykəllərin ağlasığmaz dərəcədə böyük olması memarlara çətinlik yaratsa da, onlar xüsusi ustalıqla möhtəşəm məbəd yaratmağı bacarmışdılar. Mağara məbədini inşa edən memarlar həm də torpağın təbii xüsusiyyətlərini nəzərə alıb onun tərkibindəki qum daşlarını dəmir oksidi ilə bərkitməklə abidəni dağıntılara məruz qalmaqdan qoruyublar. Bundan əlavə, dəmir oksidi daş palitrasını zənginləşdirməklə qum daşına müxtəlif çalarlar qataraq məbədə ecazkar görünüş bəxş edib.

Son dövrlər məbədin sular altında qalmaq təhlükəsi ortaya çıxanda onun daha yüksək yerə köçürülməsi qərara alınmışdır. Hər birinin çəkisi 15 tondan çox olan 1036 hissəyə bölünmüş bloklar nömrələndikdən sonra əvvəlki səviyyədən 90 metr yüksəklikdə qayalığın üzərində yığılmış, həmçinin məbədi əhatə edən 1112 blok da oraya daşınmışdır. 42 milyon dollara başa gələn Əbu-Simbelin xilası UNESCO-nun ən bahalı layihəsi hesab edilir. Bu misli görünməmiş aksiya dörd il ərzində həyata keçirilmışdir. Nəhəng abidələrin yerinin dəyişdirilməsində dünyanın əlli ölkəsindən ekspertlər iştirak etmişdir. Bu gün bu tarixi abidənin valehedici görüntüsünə heyran qalmamaq mümkün deyil.

 

"Fil Lüsi" binası

İnsanların marağına səbəb olan qeyri-adi və ağlagəlməz layihələrdən biri də ABŞ-ın Marqat Siti şəhərində inşa olunub. Şəhərin görünüşünə rəng qatan filə bənzəyən nəhəng bina əslində bölgəyə investisiyanı artırmaq və əmlak alıcılarını cəlb etmək üçün nəzərdə tutulmuşdur. 1881-ci ildə taxtadan tikilən binaya "Fil Lüsi" adı verilmişdir.

Binanın hündürlüyü təxminən 20 metr, uzunluğu isə 18 metrdir. Ümumi çəkisi 65 ton olan evin yuxarı hissəsində fillərin belində yerləşdirilən ənənəvi dəbdəbəli kəcavə binanın görkəminə xüsusi rəng qatır. Spiral pilləkən vasitəsilə "filin" belindəki oturacağa qalxıb oradan ətrafı seyr etmək mümkündür.

Altımərtəbəli binada əvvəllər daşınmaz əmlak agentliyinin ofisi, turizm mərkəzi, mehmanxana və restoran yerləşirdi. Bu gün isə "filin" içərisində binanın yaranma tarixindən bəhs edən kiçik bir muzey, həmçinin Atlantik sahillərinə panoramik mənzərəni izləmək üçün müşahidə göyərtəsi yerləşir.

Maraqlıdır ki, Lüsini elmə məlum olan fil növlərinin heç birinə aid etmək olmaz: bədəninin, başının və qulaqlarının formasına görə o, Asiya fillərinin cinsinə aid edilir, lakin dişlərinin olması bu nəzəriyyəni təkzib edir. 1976-cı ildə fil formalı bina ABŞ-ın Milli tarixi abidəsi elan edilib.

 

"Slim House" binası

Postmodern dövründə müasir memarların yaratdığı maraqlı bina və tikililər, xüsusən də, qeyri-adi quruluşa malik yaşayış evləri artıq dəb halını alıb. Əgər əvvəllər insanlar rahatlıq və komfort axtarırdılarsa, bu gün bir çoxları sadəcə fərqli və unikal məkan əldə etməyə can atırlar. Cənubi Kensinqtonda inşa edilən və hər kəsin diqqətini çəkən "Slim House" (Nazik ev) da standartlara uymayan qeyri-adi evlər sırasındadır. Bu binanı başqa yaşayış evlərindən fərqləndirən cəhət isə onun trapesiya formasında dizayn edilməsidir. Evin bir hissəsi normal ölçüdə olsa da, digər hissəsinin eni cəmi bir metr yarımdır. "Nazik ev" kimi tanınan binanın məhz bu formada olmasının səbəbi evin arxasından Cənubi Kensinqton metrostansiyası istiqamətində uzanan yeraltı dəmir yolu xəttidir. Küçənin bir hissəsində yol daraldığı üçün memarlar belə bir ideya irəli sürmüşlər.

Evin dizaynına görə mənzillərin forması da standartdan kənardır. Binanın sakinləri otaqların nazik hissəsi üçün mebel seçəndə çətinlik çəkirlər. Binada bir çox çatışmazlıqlar olsa da, tikili böyük populyarlıq qazanıb. Baxmayaraq ki, evin nazik hissəsində yaşamaq diskomfort yaradır, çoxları bu binadan yeni mənzil əldə etmək arzusundadır. Dünyada məşhur olan bu ev yerləşdiyi şəhərin vizit kartına çevrilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".