Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Romanın qurulması"nı oxuculara təqdim edirik.

“Respublika”.

Romanın qurulması

Dünya tarixinə öz damğasını vuran və bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatına kökündən təsir edən mühüm hadisələrdən biri də Romanın qurulmasıdır.

Roma - böyük və əbədi şəhər... Əvvəlcə şəhər-dövlət, sonralar Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Antik dövrdə dünyanın paytaxtı olduğuna görə, onun yaranması da adi bir hal ola bilməz, mütləq əfsanələrlə zənginləşməli idi.

Romanın yaranması barədə iki əfsanə söylənilir. Bunlardan birincisi, miladdan əvvəl XII əsrdə troyalı Eney tərəfindən Romanı əhatə edən ərazi olan Latsiumun məskunlaşması, digəri isə az qala beş yüz il sonra latinlı Romul tərəfindən faktiki olaraq Roma şəhərinin əsasının qoyulmasıdır.

Eneyin troyalılardan ibarət olan dəstəsinin Latin düzənliyinə gəlib çıxmasına son vaxtlaradək əslində əfsanə kimi baxılırdı. Ancaq aparılan arxeoloji qazıntılar təsdiq etdi ki, Bürünc dövründə dənizçilər bura gəlmişdilər. Onların ticarət fəaliyyətinin Şimali Toskaniyaya qədər gedib çıxması da təsdiqlənir. Miladdan əvvəl VI əsrdən etrusklara Eneyin şəxsiyyəti məlum idi və Etrusk ağalığı dövründə onun yolunu Romaya salması təəccübləndirici deyil.

Romulun şəhəri salmasına gəldikdə isə, bu da arxeoloqlar tərəfindən təsdiqlənən fakta əsaslanır ki, Palatin təpəsində, miladdan əvvəl VIII əsrdə tikilən komalardan ibarət primitiv bir kənd olmuşdur.

Əlbəttə, bu rəvayətlərdə bəzən tarixi xronologiya çox geniş dövrü əhatə etdiyindən, onun dəqiqliyinə şübhə yaranır. Miladdan əvvəl XIII əsrdə baş verən müharibənin iştirakçısı xeyli vaxtdan sonra Apennin yarımadasına gəlib çıxır və bu müharibəni ilk dəfə qələmə alan Homerin yaşadığı dövrdə, faciədən beş əsr sonra onun şahidinin nəslindən olan Romul bu şəhərin əsasını qoyur. On il davam edən Troya müharibəsində yunanlar troyalılara qalib gəlirlər.

Troya çarı Priamınin övladları öldürülür, arvadı Gekuba əsir düşür. Lakin çarın qohumu Eney müharibədə salamat qalır, çünki o, başqa bir troyalı, Antenorla birlikdə əvvəldən yunanlarla sülh tərəfdarı idi. Onlar təklif edirdilər ki, çarın oğlu Parisin Spartadan götürüb qaçırdığı Yelenanı, onun əri Sparta çarı Menelaya qaytarsın. Məhv olunmuş, xarabazara çevrilmiş Troyada qalmaq mümkün olmadığından, Eney özünə yeni məskən axtarmaq üçün öz gəmisi ilə qərbə doğru üzməyə başlayır və Yunanıstandan qərbdə, Adriatik dənizini keçərək, əvvəlcə Siciliyaya, sonra isə Lavrent vilayətinə gəlib çıxır.

Burada yerli çar Latin, Eneyin məşhur bir xalqın nümayəndəsi olduğunu bildikdən sonra onunla ittifaq bağlayır və onları qonaq kimi qəbul edir. Bu ittifaq, Latinin öz qızı Laviniyanın Eneyə ərə verilməsi ilə nəticələnir. Yeni ailədə oğlan uşağı dünyaya gəlir və onun adını Askani qoyurlar. Lakin qonşu rutul tayfasının çarı Turn da Laviniya ilə evlənmək istəyirdi, Eneyə qədər ona nişanlanmışdı da. Narazı qalan çar, Latin və Eneylə müharibə etməyi qərara alır və döyüşdə Latin öldürülür, lakin yerli əhali və troyalılar rutullara qalib gəlirlər. Bu iki xalq özlərini latinlər adlandırırlar. Qonşuluqda olan qüdrətli etrusk tayfası ilə döyüş də uğurla nəticələnir. Eney öldükdən sonra dövləti Laviniya idarə edir. Askani isə Alban dağının ətəyində özünə yeni şəhər salır və onu Alba Lonqa adlandırır. Sonra da Silvi adı altında sülalə meydana gəlir. Bu sülalə uzun müddət çarlıq edir. Nəhayət, Amuli atasının vəsiyyətinin əksinə olaraq öz qardaşı Numitoru kənarlaşdırıb, çarlığı öz əlinə alır. O, qardaşının kişi cinsindən olan bütün nəslini məhv edir, onun qızı Reya Silviyanı isə, ömürlük bakirəliyə məhkum edir ki, qardaşının nəslindən oğlan uşağı meydana gəlməsin. Lakin hadisələr başqa cür cərəyan etməyə başlayır. Reya təcavüzə məruz qalır və əkiz oğlan uşağı dünyaya gətirir. Uşaqların atasının isə müharibə allahı Mars olduğunu elan edir. Çar əmr edir ki, uşaqları çaya atsınlar. Bu vaxtlar Tibr çayı daşmışdı, çayın axınına yaxınlaşmaq mümkün deyildi, ona görə də körpələri dayaz suya qoyurlar ki, onsuz da onlar batacaqlar. Su çəkiləndə körpələr quruda qalır və su içməyə gələn dişi canavar, uşaqların ağlamağını eşidib, onlara yaxınlaşaraq körpələri əmizdirməyə başlayır. Elə bu vaxt uşaqları çar sürüsünün çobanı Favstul tapıb və evinə aparır. Burada körpələrə onun arvadı baxmağa başlayır.

 Əkizlər böyüyən kimi meşələrdə ov edir, həm də çobana kömək etməyə başlayırlar. Onlar quldurlara da hücum edir, götürdükləri qəniməti çobanlarla bölüşürlər. Quldurlar bir dəfə pusub qardaşları tuturlar. Romul qaçmaqla canını qurtarır, Remi isə çar Amuliyə, çar isə onu edam edilmək üçün oğlanın babası Numitora verir. Belə bir vaxtda Favstul bütün sirləri Romula açır.

Hadisələrdən agah olan Romul öz dəstəsi ilə gizli şəkildə çarın evinə yollanır. Rem də başqa dəstə ilə Numitorun evindən köməyə gəlir və çar öldürülür. Onların babası Numitor Alba çarlığını əldə edir. Qardaşlar isə çaya atıldıqları və tərbiyə olunduqları yerdə şəhər salmaq istəyirlər. Şəhərin kimin adı ilə adlandırmaq üçün quşların uçuşunu seyr etməyə başladılar və bu məqsədlə Romul Palatin təpəsini, Rem isə Aventini seçdi. Camaat hər ikisini çar elan etdi, birini quşların ilk dəfə görünməsinə, digərini isə quşların sayının iki dəfə çox olmasına görə. Deyişmə, sonra isə döyüş başlayır və qarışıqlıqda Romul Remə ölümcül zərbə endirərək onu öldürür.

Bu, miladdan əvvəl 753-cü ildə baş vermişdi. Şəhər isə sağ qalan Romulun adı ilə Roma adlandırıldı. Əvvəlcə, o, Palatin təpəsini möhkəmləndirdi. Sonra camaatı yığıb yığıncaq keçirdi və öz qanunlarını elan etdi. Bu qanunlarla o, camaatı bir xalq kimi birləşdirdi. Özünə mühafizəçilər təyin etdi. Şəhər böyüməyə başladıqda Romul öz qüvvəsinə müdrikliyini də əlavə edərək, yüz nəfər ağsaqqaldan təşkil olunan senat təsis etdi. Senatorlar öz adını "qocalıq" sözündən götürmüşdülər. Bu adamlar həm də atalar adlandırıldı, onların nəsli isə bu sözdən yaranan "Patritsilər" adına sahib oldu. Roma elə güclənmişdi ki, qonşu şəhərlərlə rəqabət apara bilərdi. Lakin şəhərdə qadın olduqca az idi, əhali əsasən çobanlardan ibarət idi. O dövrdə qonşu tayfaların qızları ilə ailə qurmaq adəti yox idi. Bir də qonşular yeni yaranan şəhərin sakinlərinə ikrahla baxdıqlarından, heç kəs onlarla qohum olmaq istəmirdi. Bu vaxt Romul hiyləgərliyə əl ataraq təntənəli oyunlar keçirdi və qonşuları da bura dəvət etdi. Digər qonşu tayfalarla yanaşı, sabinlilər uşaqları və arvadları ilə gəlmişdilər. Bayramın qızğın vaxtında verilən işarə ilə romalı cavanlar Sabin qızlarını qaçırmağa başladılar. Qızların valideynləri qonaqpərvərlik qanunlarını pozan romalılara lənət yağdırırdılar. Onlar sakitləşmək bilmirdilər. Ona görə də, romalılar sabinlilərlə vuruşmaq məcburiyyətində qaldılar. Sabin çarı qızılla Roma qalasının rəisinin qızını ələ aldı və qız Sabin döyüşçülərini qalaya buraxdı. Döyüşdə nəhayət, romalılar üstünlük əldə etdikdə, Sabin qadınları özlərini döyüşçülərin arasına atdılar ki, hər iki tərəfi sakitləşdirsinlər. Onlar yalvarışla gah atalarına, gah ərlərinə müraciət edirdilər: "Əgər bu nikah ittifaqı sizə xoş gəlmirsə, hiddətinizi bizim üstümüzə tökün; müharibə bizə görə baş verib, ərlərimizin və atalarımızın həlak olmasının əsas səbəbi bizik. Yaxşısı budur ki, biz ölək, nəinki ərsiz və ya atasız, dul və ya yetim qalaq". Bu sözlərdən hamı riqqətə gəlmişdi. Başçılar müqavilə bağlamağa, həmçinin iki dövlətdən bir dövlət yaratmağa qərara alırlar. Burada onlar birlikdə hökmranlıq edəcək, bütün hakimiyyət Romada cəmləşəcəkdi. Vətəndaşların hamısı, sabinlilərin ayrı-seçkilik hiss etməmələri üçün "kvirit" adlandırılır. Romada bu vaxt 300 nəsil var idi. Romul hər biri 10 nəsildən ibarət olan 30 kuriya və hər 10 kuriyadan bir triba olmaqla 3 triba yaratdı. Sabin qadınlarının şərəfinə kuriyalara onların adı verildi. Sabin çarı Tatsi öldükdən sonra hakimiyyət bütünlüklə Romula keçdi. Dövləti yaradarkən Likurqun Spartada etdiklərini Romul burada həyata keçirməyə başladı. Axı, Spartada "Gerusiya" adlanan ağsaqqallar şurası fəaliyyət göstərirdi və onlar ölkəni idarə etməkdə çara böyük kömək edirdilər. Qədim Spartada çarlar bir qayda olaraq seçki yolu ilə təyin edilirdi. Şəhərin yaxşı adamlarının nüfuzunun hakimiyyətlə birləşməsi Romada da müsbət nəticələr verirdi. Romul öz qonşuları ilə çoxlu müharibələr aparır, bu müharibələrdən əldə edilən qənimət adamların varlanmasına şərait yaradırdı. İlk dəfə olaraq o, kasıbları - plebeyləri (plebsi) qüdrətli adamların himayəsinə, klienteliyə verdi. Romul öldükdən sonra isə dövlətin idarə edilməsi çətinləşdi, şəhər çarsız qaldı. Bu ərəfədə isə senat müvəqqəti çar seçdi. Beləcə, Romuldan sonra Romada daha altı padşah hökm sürdü. Sabine Numa Pompilius Romaya düz 43 il padşahlıq etdi və sülhsevərliyi ilə məşhurlaşdı. Növbəti yaddaqalan padşahlardan biri isə Tarquinius Qədim Etrüsk idi. Onun dövründə də Roma əhəmiyyətli dərəcədə böyüməyə başladı...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".