DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTINDƏN TAXIL DƏHLİZİ İLƏ BAĞLI AÇIQLAMA

“Bu tarixi uğura verdiyimiz töhfə Türkiyənin qlobal məsələlərdə oynaya biləcəyi rolun əhəmiyyətini bir daha nümayiş etdirdi”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalının efirində bəyan edib.

“Biz uzun müddət bu məsələ ilə bağlı davamlı əlaqə və danışıqlar apardıq. Nəticədə, Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracına dair müqavilənin İstanbulda imzalanmasını təmin etdik”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, planın uğurla həyata keçirilməsi ciddi ölçülərə çatan qlobal ərzaq böhranının təsirlərini azaltmağa başlayacaq. Ərdoğan deyib: “Qiymətlər düşməyə davam edəcək. Az inkişaf etmiş ölkələrə təzyiq azalacaq. Nəticədə aclıq problemi aradan qaldırılacaq”.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi ilə bağlı müqavilənin tərəflərini atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarına çağırıb.

 

AVROPADA QAZ BÖHRANI CİDDİ PARÇALANMAYA SƏBƏB OLA BİLƏR

Gərginləşən enerji böhranı fonunda Avropa İttifaqı (Aİ) ciddi daxili parçalanma riski ilə üzləşib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İspaniyanın “El Pais” nəşrində yazı dərc olunub.

Məlumata əsasən, Brüsseldə ehtiyat edirlər ki, qaz istehlakının normallaşdırılması və ya azaldılması Aİ-nin parçalanmasına gətirib çıxaracaq. Artıq mümkün iqtisadi və enerji böhranları qarşısında gözlənilməz nəticələrlə “ilk çatlar” görünməyə başlayıb.

Aİ-nin qaz istehlakını 15 faiz azaltmaq təklifi 27 üzv dövlət arasında dərin fikir ayrılıqlarını ortaya qoyub. Bununla belə, son həftələrdəki ziddiyyətlər enerji sahəsindən də kənara çıxır: “şimal” və “cənub” arasındakı fərq fiskal və pul siyasəti məsələlərində göz qabağındadır.

“Avropa İttifaqı son 10 ildən artıq müddətdə üçüncü dəfədir ki, tərəfdaşların birliyini və illər ərzində zəhmətlə yaradılmış vahid sosial, iqtisadi və pul məkanını saxlamaq qabiliyyətini sınağa çəkəcək ekzistensial böhranla üzləşir”, - deyə nəşrdə vurğulanır.

 

ABŞ-DA MEYMUNÇİÇƏYİ İLƏ ƏLAQƏDAR FÖVQƏLADƏ VƏZİYYƏT EHTİMAL OLUNUR

ABŞ prezidenti Cozef Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyədə fövqəladə vəziyyət elan etməyi düşünür. “Trend”in xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

“Cozef Baydenin administrasiyası ölkədə meymunçiçəyi xəstəliyinin ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət elan edib-etməyəcəyini düşünür və həmçinin virusa qarşı cavab tədbirləri hazırlamaq üçün Ağ Ev koordinatoru təyin etməyi planlaşdırır”, - deyə məqalədə qeyd olunur.

Məlumata əsasən, ÜST ötən həftə meymunçiçəyini beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdikdən sonra Ağ Ev liderləri səhiyyə rəsmiləri ilə virusla mübarizə üçün növbəti addımlarını müzakirə edib.

Bəzi səhiyyə rəsmiləri hesab edirlər ki, fövqəladə vəziyyət elan edilməsi zəruridir, çünki bu, hökumətə bürokratik baryerləri aradan qaldırmaq və virusun yayılması ilə bağlı məlumat toplamaq səlahiyyəti verə bilər.

Mənbələr bildiriblər ki, rəsmilər bu həftə fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul etməyə ümid edirlər. Eyni zamanda, əlavə olaraq təxminən 800 min doza peyvəndin ayrılacağının açıqlanması planlaşdırılır.

 

ALMANİYA VƏ ÇEXİYADA ŞİDDƏTLİ MEŞƏ YANĞINLARI DAVAM EDİR

Almaniyanın şərqində və Çexiyanın şimalında yüzlərlə yanğınsöndürən meşə yanğınları ilə mübarizə aparır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Bildirilir ki, quru şam ağaclarının çox olduğu Almaniyanın Brandenburq federal əyalətindəki meşədə yanğın qısa zamanda yayılıb. Ərazidə İkinci Dünya müharibəsindən qalan döyüş sursatlarının hələ də qalma ehtimalının olması yanğınsöndürənlərin işini biraz da çətinləşdirir.

Bununla yanaşı, İsveçrənin Bohemiya Milli Parkında bazar günündən etibarən meşə yanğınları davam edir. Yanğının söndürülməsinə 400 yanğınsöndürən cəlb olunub, lakin vəziyyət hələ də normallaşmayıb və yanğın Almaniyanın Saksoniya federal əyalətinə keçib.

 

AVROPA İTTİFAQI RUSİYAYA QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ UZADIB

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların daha 6 ay uzadılmasına qərar verib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə əsasən, Avropa Şurasının açıqlamasına görə, Rusiya iqtisadiyyatını hədəf alan sanksiyalar 31 yanvar 2023-cü ilə qədər uzadılıb.

Eyni zamanda, iqtisadi sanksiyaların ilk dəfə 2014-cü ildə tətbiq edildiyi xatırladılan açıqlamada Rusiya və Ukrayna müharibəsinin başladığı fevral ayından etibarən bu sanksiyaların əhatə dairəsinin genişləndiyi bildirilib.

Qeyd edilir ki, sanksiyalar artıq maliyyə, enerji, sənaye, nəqliyyat, texnologiya, ikili təyinatlı və lüks mallar da daxil olmaqla, geniş bir sahəyə yayılıb.

Xatırladaq ki, Ukrayna-Rusiya müharibəsi başlayandan Avropa İttifaqı Rusiyaya qarşı 7 sanksiya paketi həyata keçirib. Bu çərçivədə Rusiyadan qızıl, neft və kömür idxalına qadağa qoyulub, bir çox Rusiya bankı beynəlxalq ödəniş sistemi olan “SWIFT”dən çıxarılıb.

 

“TESLA” ŞİRKƏTİ BİTKOİNİN UCUZLAŞMASI SƏBƏBİNDƏN 170 MİLYON DOLLAR İTİRİB

Amerikanın elektromobil istehsalçısı “Tesla Inc” şirkəti bu ilin birinci yarısında bitkoinin qiymətdən düşməsi səbəbindən 170 milyon ABŞ dolları itirib. “Report”un verdiyi xəbərə görə, bu barədə şirkətin ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası üçün təqdim etdiyi sənədlərdə bildirilir.

Eyni zamanda, qeyd olunur ki, şirkət bir sıra kriptovalyuta satışı əməliyyatlarından 64 milyon dollar gəlir əldə edib.

“Tesla”nın rəhbəri İlon Maskın ötən həftə açıqlamasına əsasən, şirkət bu ilin ikinci rübündə Şanxayda bir zavodun koronavirus səbəbindən bağlanması fonunda nağd pul toplamaq üçün 936 milyon dollar dəyərində bitkoin satıb.

Məlumata əsasən, şirkət bitkoinlərinin təxminən 75 faizini satıb. Ümumilikdə, “Tesla” 1,5 milyard dollar məbləğində kriptovalyutalara sahib idi və iyunun sonunda təxminən 218 milyon dollar qalmışdı.

 

RUSİYA BEYNƏLXALQ KOSMİK STANSİYANI TƏRK EDƏCƏK

Rusiya 2024-cü ildən sonra Beynəlxalq Kosmik Stansiyanı (BKS) tərk edəcək. “Trend” agentliyinin məlumatına görə, bunu “Roskosmos” şirkətinin rəhbəri Yuri Borisov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı elan edib.

Bununla yanaşı, “Roskosmos” rəhbəri bildirib ki, bu müddətdən sonra Rusiya özünün orbital stansiyasını işə salmağı nəzərdə tutur. 2024-cü ilədək rusiyalı kosmonavtlar BKS-də adi rejimdə fəaliyyətlərini davam etdirəcəklər.

Məlumat üçün qeyd edək ki, Beynəlxalq Kosmik Stansiya ABŞ Aerokosmik Agentliyi (NASA), “Roskomos”, Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya ilə Kanadanın kosmik agentlikləri tərəfindən idarə olunur. Stansiyada 2001-ci ildən daimi əsasda kosmonavtlar fəaliyyət göstərir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.