Asif Məhərrəmov
Sosial həyat

Asif Məhərrəmov

Qəhrəmanlar unudulmur! Belə qəhrəmanlardan biri də Asif Yusif oğlu Məhərrəmovdur (Fred Asif). 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirərək, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayır.

1988-ci ildən ermənilərin torpaqlarımıza hücumları başlayanda Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri, 1990-cı ildə isə Ağdam özünümüdafiə dəstəsi yaradıb, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşur, 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsinə köməyə gedərək, düşmənə ağır zərbə vurur.

 1991-ci ilin 15 noyabrında "Haqq Cəbhəsi" batalyonunu yaradır. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürlər. 1991-ci il dekabrın 31-də Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənir. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alır, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirir və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunur. Müdafiə Nazirinin əmri ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilir.

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilir.

 Aranzəmini alan zaman Asif maraqlı taktika qurur: artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizlənmədiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, əməliyyat fikirləşirmiş. Şirin görür ki, bir UAZ atəş altında kəndə yaxınlaşır. Atəş dayanan kimi batalyonu da dallarınca kəndə daxil olur. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyevin sözlərinə görə "bu hərəkəti ancaq fanat edə bilərdi".

 Həmin il mart ayının 20-də Asif Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. 24 iyun 1992-ci il Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə yenidən cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər Asifin maşınını qumbaraatanla vurur və onun maşını aşır. Asifin ağciyəri ciddi zədələnir.

 Qarabağ qazisi Ədalət Məhərrəmovun sözlərinə görə, o da Fred Asifin 1991-ci ilin 15 noyabrında yaratdığı "Haqq Cəbhəsi" batalyonunda digər üç qardaşı ilə bərabər döyüşüb, hər birisi yaralanıb. Yeri gəlmişkən, erməniləri öz adı ilə vahiməyə salan bu botalyonun iki üzvü Milli Qəhrəman, 5 nəfəri "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb. Keçmiş döyüşçü bildirir ki, Fred Asifin botalyonu Füzulini hələ 1992-ci ildə işğal olunmaqdan xilas edib. Belə ki, ermənilərin qəfil hücum planı barədə məlumat aldıqdan sonra "Qrad" atəşi ilə düşmənin mövqelərini darmadağın edərək əməliyyat planını pozub.

 Digər döyüş yoldaşı Adil Kəngərli Fred Asiflə onilliklərin dostu olub. Qarabağ savaşında çiyin-çiyinə erməniyə qarşı döyüşüblər. Bir döyüş epizodunu xatırlayır: "Biz ailəvi dost idik. Bir dəfə Fred Asif, mən və Asifin sürücüsü Cəbrayıl UAZ maşını ilə erməninin tutduğu kəndi azad etdik. Aranzəmin kəndinə hücum zamanı Asifin 39 dərəcə temperaturu olsa da, döyüşdən qalmadı. Rəhmətlik mənə dedi ki, Adil, birdən bizi əsir tutsalar, birinci mənə atarsan. Erməni mövqelərindən bir BMP-2 dayanıb bizə atəş açırdı. Asif batalyona geri çəkilmək əmri verdi və biz üç nəfər düşmənin üstünə getdik. Ora çatanadək BMP bizə 8 mərmi atdı. Ancaq sağ qaldıq, bu zaman BMP-dən 4 erməni düşüb qaçdı. Kəndi ermənidən təmizləyəndən 25 dəqiqə sonra Milli Qəhrəman Şirin Mirzəyev öz batalyonu ilə gəlib və onları bu uğur münasibətilə təbrik etdi".

 Qarabağ qazisi Rey Kərimoğlu isə Fred Asiflə iki dəfə şəxsən görüşdüyünü deyir: "Ağdərə istiqamətində gedən döyüşlərin birində tankımız xarab olub dərədə qalmışdı. Onu çıxarmaq üçün isə BAT deyilən xüsusi texnika lazım idi. Həmin texnika da ancaq Fred Asifin rəhbərlik etdiyi hərbi hissədə - Muradbəylidəydi. Batalyon komandirimiz Şirin Mirzəyevin tapşırığı ilə mən həmin hissəyə getdim. Fred Asiflə görüşdüm və o, dərhal tapşırıq verdi, onun göndərdiyi texnika ilə həmin tankı xilas etdik". Növbəti dəfə Fred Asiflə Xocalı hadisələri zamanı görüşüblər: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhliz açdıq. Fred Asif də öz batalyonu ilə orda idi".

 1993-cü il oktyabrın 27-də Asif Şelli uğrunda gedən döyüşlərdə səhhəti ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vəfat edir. 1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib. Bakının 3-cü mikrorayon dairəsi yaxınlığındakı küçələrindən biri onun adını daşıyır.

 Asif həm də futbol həvəskarı olub. 1991-ci ildə 12 futbol komandası Ağdama gəlməkdən boyun qaçırır. Qarabağ FK-nın keçmiş futbolçusu Yaşar Hüseynovun sözlərinə görə, futbolçular batalyonuyla stadionun bazasında məskunlaşan Asifə müraciət edirlər ki, döyüşlərə qoşulsunlar. Ancaq Fred Asif razı olmur: "Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, "Qarabağ"ın heyətində oynasın".

 Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Asif Yusif oğlu Məhərrəmova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, bu addan imtina edir. Asifin cavabı belə olur: "Azərbaycanın böyük bir ərazisi işğal olunub. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vuraq, bayrağımızı sancaq, ondan sonra qəhrəmanlıq məsələsinə baxarıq". Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ulu öndər Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edir, vəsiqəsini və ulduzunu anasına təqdim edir.

 Bu gün uzun illər bir ovuc torpağına həsrət qalan ağdamlılar indi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bütün Ağdama sahibdirlər. Bu torpaqda uyuyanların da ruhuna bir rahatlıq gəlib. İndi bütün Ağdam şəhidlərinin ruhu sevinir. Ağdam uğrunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların yolunda şəhid olduqları bu torpaq artıq xilas olunmuşdur. Odur ki, şəhidlərin qanı yerdə qalmadı!

M.MİRZƏ,

"Respublika".