Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Avraam Linkoln

"Düşməni uzaqlaşdırmağın ən yaxşı yolu - onu dosta çevirməkdir". Bu idi dahi siyasətçinin həyat şüarı. Amma əfsuslar olsun ki, nə qədər uzaqgörən, tədbirli olsa da, o da taleyin qismətindən yaxa qurtara bilmədi...

ABŞ-ın 16-cı prezidenti, Respublikaçılar Partiyasının banisi - Avraam Linkoln tarixdə ən yaxşı prezidentlərdən biri kimi yadda qalıb. Yəqin çoxlarınız onu 5 dollarlıq əzkinazın üzərindəki şəklindən tanıyırsınız. Amerikada quldarlığın bütövlükdə ləğv olunması məhz onun adı ilə bağlıdır. Onun prezidentliyi dövründə cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək Amerikanın tərkibindən çıxmaq istəsələr də, dörd il davam edən müharibə prezident Avraam Linkolnun siyasi məharəti sayəsində onun qələbəsi ilə nəticələnib, ölkənin parçalanmasının qarşısı alınıb.

Kasıb bir fermer ailəsində dünyaya göz açan Linkoln maddi çətinlik ucbatından məktəbdə yalnız bir il təhsil alsa da, zamanının çox hissəsini ciddi şəkildə elmə sərf edərək hüquqşünas olmağı bacarmışdı.

O, Amerika prezidentləri arasında ən hündürboylusu idi. Boyu 193 sm olmasına baxmayaraq, bunu nəzərə almayan Linkoln üstəlik uzun şlyapa qoymaqla daha da hündür görünməyi üstün bilirdi. Deyilənə görə, bunun səbəbi tamamilə başqa bir şeylə əlaqəli imiş. Maraqlıdır ki, şlyapanı təkcə dəb naminə deyil, içərisində məktub, vacib qeydlərini və pulunu saxlamaq üçün qoyurmuş. Yəqin, tədbirli prezident seyf qutusuna da etibar etmirmiş...

Linkoln mahir siyasətçiliyi ilə yanaşı, həm də həssas yumor hissinə malik olmağı ilə fərqlənib. Prezident olduğu dövrdə siyasətçilərdən biri ona "siz ayaqqabılarınızı özünüz təmizləyirsiniz?" kimi sərsəm bir sual verəndə çox maraqlı cavabı olub: "Bəli, mən öz ayaqqabılarımı özüm təmizləyirəm, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?"

Onun saqqal saxlamağının da qəribə bir tarixçəsi var. Qreys adlı 11 yaşlı amerikalı qız bir dəfə ona məktub yazaraq saqqal saxlamağını xahiş edib. Çox qəribə də olsa, həmin gündən etibarən Linkoln qızcığazın xahişini yerə salmayaraq saqqal buraxıb.

Deyilənlərə görə, məşhur siyasətçi həm də çox həssas və hər şeyi qabaqcadan duyan biri olub. Hətta Linkoln qətlə yetirilməmişdən bir neçə gün əvvəl öz ölümünü yuxuda görüb və bu yuxunu mühafizəçisinə də danışıbmış.

56 yaşlı Avraam Linkoln teatrda tamaşaya baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Qətl siyasi xarakter daşıyıb. Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan aktyor həmin andaca binanı tərk edib qaçmağa nail olub. Qısa bir müddətdən sonra onun fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda o təslim olmaq istəməyib. Buna görə də ferma yandırılıb və saysız-hesabsız açılan atəşlər aktyorun həyatına son qoyub. Beləliklə də, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.

 

Mixail Yuryeviç Lermontov

Gözəl əsərlərinin bir qismini Qafqaza və Azərbaycana həsr edən görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov. Şair çar Rusiyasının zabiti olsa da Qafqaza xitabən: "Azadlıq məskəni doğma ellərin Azadlıq uğrunda can verir indi" və "Sevirəm Qafqazı mən!" - deyirdi. Elə sağlığındaca böyük şöhrət qazanmış bu cür nəhəng istedad sahibinə heyif ki, həyat amansız davrandı...

Şairin dünyaya gəlişindən dərhal sonra onun gənc yaşda öləcəyi proqnozlaşdırılmışdı. Təəssüf ki, falçılar "uzaqgörənliklərində" yanılmamışdılar.

Daha çox Puşkinin ölümünə ithaf etdiyi "Şairin ölümü" şeiri ilə məşhurlaşan Lermontov tam bir rus kişisinə xas olan bütün keyfiyyətlərə sahib idi: cazibədarlıq, istedad, şöhrət. Üstəgəl zabit. Boy-buxun, enlikürəklər. Elə bil "Zəmanəmizin qəhrəmanı"nı yazan şair əsərin obrazı Peçorinin özü idi. Keçdiyi yollarda qadınların baxışlarından həbsə düşən bir yaraşıq... Bu cür nəhəng istedad və qadınların qəlbində taxt quran yazıçı dueldə öldürülür. Yəqin bir az da çox yaşasaydı, qəbrinin üstündə ağlayan bir xeyli qarapaltarlı qadın olardı...

Böyük rus şairi nə qədər sevilən nüfuz sahibi olsa da, bəzi xoşagəlməz xasiyyəti ilə öz çevrəsində ad çıxarmışdı. Müasir alimlərin fikrincə o, şizofreniyanın bir formasından əziyyət çəkib. Deyilənlərə görə, psixoloji problem Mixailə irsən ötürülüb. Sirr deyil ki, şairin babası da, daim dərin depressiyadan əziyyət çəkib və intihar edərək dünyasını dəyişib. Anası yüksək dərəcəli nevrozdan yaxa qurtara bilmirdi, atası isə əyləncəyə və qumara meyilli idi.

Məlumdur ki, Qafqaza ürəkdən bağlanmış, yaradıcılığının çox hissəsini bu diyara həsr etmiş şair həmin yerlərə tez-tez səfər edirdi. İlk səfəri isə hələ 10 yaşında ikən olub. Bədəncə zəif, xəstə olan gələcəyin şairini nənəsi Qafqaza mineral sular və dağ havasında müalicə üçün gətiribmiş. Şair burada 9 yaşlı bir çərkəz qızına aşiq olur, 2 il sonra onu şeirlərində tərənnüm edir. Sonralar da etiraf edir ki, Qafqaz məhz bu qızcığazın fonunda onun üçün daha gözəl görünürdü.

Amma Lermontov heç də həmişə belə sevimli, gözəl xatirələrlə yadda qalmayıb. Xüsusən də qadınlara qarşı. Yeniyetmə vaxtı Yekaterina adlı bir qıza aşiq olur, amma sevgisi cavabsız qalır. İllər keçdikdən sonra məşhurlaşan şair qızla rastlaşır. Bu vaxt Yekaterina nişanlı imiş. Nüfuzundan istifadə edən Lermontov qızı özünə aşiq edir. Gənc qızların tanınmış şairə aşiq olub, uğrunda gələcəyindən vaz keçməsi yəqin ki, təəccübləndirici deyil... Şair arzusuna çatır: aşiq qız nişanlısından ayrılıb onunla görüşməyə başlayanda Lermontov ondan bu yolla qisas aldığını söyləyir və qızdan ayrılır. Üstəlik bu hadisəni sağda-solda danışaraq qızın adına da xələl gətirir.

Dost-tanışın, hətta onunla ilk dəfə üz-üzə gələnlərin ən hiddətləndiyi cəhəti isə şairin yerli-yersiz qarşısındakı adamı lağa qoyması olub. Özü bunu zarafat adlandırsa da, əslində ələ salmaqdan, aşağılamaqdan başqa bir şey deyildi. Bəzən onun sözləri o qədər ağır olurmuş ki, sonu duellə bitirmiş. Yeri gəlmişkən, Lermontov belə duellərdə 4 dəfə güllələnib, hər dəfə də yüngül yaralarla canını qurtarıb. Yalnız sonuncudan başqa. Son dəfə baş tutan dueldə sinəsindən güllələnən 26 yaşlı şair aldığı xəsarətdən sağ çıxmayıb...

 

Arximed

İndiyə qədər bəşər tarixinin yetişdirdiyi ən böyük dühalardan biri - Arximed...Yəqin ki, bu böyük alimin adını eşidəndə uşaqdan böyüyə hər birinizin ağlına ilk olaraq onun məşhur "Evrika!" (Tapdım!) kəlməsi gəlir. Qədim Yunan dövlətinin paytaxtı, Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olan bu dahi şəxsiyyət, əslində öz dövründə bir çox texniki kəşfləri ilə də məşhurlaşıb. Onun nəzəri əsərləri heyrət ediləcək dərəcədə çoxcəhətlidir. Arximedin əsas əsərləri riyaziyyat (həndəsə), fizika, hidrostatika və mexanikanın müxtəlif praktik tətbiqlərinə aiddir. Hidrostatikanın ilk və əsas qanununu Arximed kəşf etmişdi. Bu qanun onun adını daşıyır. Həmin qanuna görə mayeyə batırılmış cisim onun çıxardığı mayenin çəkisinə bərabər qüvvə ilə mayedən itələnir. Lakin qanunun necə kəşf edilməsi ilə bağlı yanlış versiyalar irəli sürülür.

Əfsanəyə görə, Arximed bir dəfə hamamda vannada uzanıb ayağını qaldırarkən ayağının çox asan qalxdığını görür. Ağlına gələn ilk fikirdən vəcdə gələn alim "Evrika!", "Tapdım!", - deyə qışqıraraq vannadan çıxır. Bu rəvayətin başqa bir variantı isə belədir: Arximed hamamda su dolu vannaya girərkən, suyun vannadan daşdığını görür, məşhur qanun ağlına gəlir və o, "Evrika!", - deyə qışqıraraq, çılpaq vəziyyətdə küçəyə qaçır.

Bu rəvayətlər maraqlı olsa da, əslində həqiqətə uyğun deyil. Məşhur "Evrika!" kəlməsi Arximed qanununun kəşf edilməsi ilə əlaqədar deyil, metalların xüsusi çəkisi qanunu tapılarkən deyilib.

Rəvayətə görə, Sirakuza hökmdarı Giyeron tac hazırlamaq üçün zərgərə qızıl verir. Zərgərin hazırladığı tacın çəkisi hökmdarın verdiyi qızılın çəkisinə bərabər idi. Lakin Giyeron zərgərin düzgünlüyünə şübhə ilə yanaşaraq, Arximedi yanına çağırır və tacdakı qızılın onun verdiyi qızıla uyğun olub-olmadığını yoxlamağı əmr edir. Bunun üçün Arximed hər birinin çəkisi tacın çəkisinə bərabər olan iki külçə hazırlayır: biri qızıldan, o biri gümüşdən. Sonra onları növbə ilə içərisində su olan qaba salaraq hər dəfə suyun nə qədər qalxdığını qeyd edir. Axırda tacı qabdakı suya salıb onun qalxma səviyyəsinə görə müəyyən edir ki, tacın həcmi qızıl külçəsinin həcmindən artıqdır. Beləliklə, zərgərin qızıldan oğurlayaraq, əvəzinə ucuz metaldan istifadə etdiyi sübut olunur.

Pun müharibəsi zamanı Sirakuza şəhərinin romalılardan müdafiəsi zamanı Arximed bir neçə döyüş maşını icad edir. Onların köməyi ilə yerli əhali sayca onlardan qat-qat çox olan düşmənə üç ilə yaxın müqavimət göstərə bilir. Belə döyüş maşınlarından biri romalıların gəmilərini yandıra bilən güzgülər sistemi idi.

Məşhur alim elə Sirakuzanın mühasirəsi zamanı da həlak olur. 75 yaşlı alim öz evinin həyətində, qum üzərində həndəsi fiqurlar çəkərək, qarşısına qoyduğu riyazi məsələnin həlli ilə məşğul olarkən Roma əsgərləri tərəfindən qətlə yetirilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".