Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Yunan sivilizasiyasının başlanğıcı"nı oxuculara təqdim edirik.

“Respublika”.

Yunan sivilizasiyasının başlanğıcı

Qədim Yunanıstan mədəniyyəti bəşəriyyətin təkamülü yolunda dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş edərək tarixin gedişatını dəyişdirən ən mühüm amillərdəndir. Yunanıstanda b.e. əvvəl 1600-cü ildə riyaziyyat, fəlsəfə, təbiətşünaslıq, astronomiya və təbabət kimi bir sıra elmlərin əsası qoyulmuşdur. Bu dövrdə yaranmış və inkişaf etmiş elmlər müasir elmin inkişafında ehkama çevrilərək, dünya sivilizasiyasının inkişafı və formalaşmasında mühüm rol oynamışdır.

Yalnız Yunanıstanda deyil, həm də dünya mədəniyyətinin sonrakı inkişaf tarixində yunan mədəniyyətinin müstəsna rolu olub. Bu dövrdə başlayan mədəniyyətin səciyyəvi xüsusiyyətləri - dindən elmə, mistik baxışlardan materialist təlimə, incəsənət sahəsində isə şərtilikdən realizmə keçid olmuşdur. Qeyd etdiyimiz xüsusiyyətlər klassik dövr yunan mədəniyyətində öz inkişafının ən uca zirvəsinə çatmışdır. Yunan mədəniyyətinin tərəqqisinin ən yüksək inkişaf mərhələsini də klassik dövr təşkil edir. Müxtəlif sahələrdə qədim Şərq mədəniyyəti ilə əlaqəli olan və Egey mədəniyyətindən yaranan yunan mədəniyyəti üçün e.ə. VIII-VI əsrlər böyük tərəqqi dövrüdür. Bu dövr eyni zamanda, yunan əlifbasının yaranması, ilk elmi və ədəbi nümunələrin meydana çıxması ilə səciyyəvidir.

Başında Zevs allahının durduğu Olimp dini də əsasən bu dövrdə formalaşmış, materializm ilə idealizmin, dialektika ilə metafizikanın mübarizəsi də e.ə. VIII-VI əsrlərdə başlanmışdır.

Yunan fəlsəfəsinin yaranması quldarlıq cəmiyyətinin təkmilləşdiyi və quldarlıq dövlətinin təşəkkül tapdığı dövrə təsadüf edir. İlk yunan alimlərinin vətəni İoniya idi. İoniyanın ardınca digər Hellin ölkələrində - Siciliya, Cənubi İtaliya, Egey dənizi adalarında olan şəhər dövlətlərində müxtəlif sahələrdə tədqiqat aparan alimlər meydana çıxmışdır. İoniya filosoflarının ilk görkəmli nümayəndəsi isə e.ə. təxminən 624-547-ci illərdə yaşamış Miletli Fales olmuşdur. İoniya fəlsəfəsinin banisi olan Fales bütün mövcudatın maddi əsasının sudan təşkil olduğu fikrini əsaslandırırdı. Onun fikrincə, su daimi hərəkətin, bütün yaşayışın, eyni zamanda insanın həyat mənbəyinin əsasını təşkil edir. İoniyada yaradılmış riyaziyyat məktəbinin başında Falesin dostu və şagirdi Anaksimandr (e.ə. 610-546) dayanırdı. O, "Təbiət haqqında" əsərində əbədi hərəkətdə olan apeyronu (sonsuz)-əbədiyaşar materiyanı dünyanın əsası, başlanğıcı hesab edirdi. Onun təliminə görə, apeyron dörd ibtidai başlanğıcı (torpaq, su, od, hava) özündə əks etdirir. Anaksimandrın fəlsəfi sisteminin əsasında üzvi aləmin mənşəyi və inkişafının araşdırılması dayanırdı. Yunanıstanda idealist təlimin banilərindən biri olan Pifaqor (e.ə. təxminən 580-500) ədədi bütün olanların başlanğıcı hesab edirdi. Ona da Anaksimandr və Anaksimenin güclü təsiri olmuşdur. O, kainatı ahəngdar ədədlər və onların tənasüb sistemi kimi təsəvvür edirdi.

Yunan alimləri təbabətdə də diqqətəlayiq nailiyyətlər qazanmışdılar. Dünya təbabət elmi tarixində xüsusi yeri olan Hippokrat da (e.ə. 460-377) məşhur Kos (Kiçik Asiya sahili yaxınlığında ada) təbabət məktəbinin görkəmli nümayəndəsi olmuşdur. Onun təbabət sahəsində böyük xidməti ondan ibarətdir ki, xəstəliyi tədqiq metodunu naturalist filosofların qeyri-elmi spekulyatif fikirlərinə qarşı qoymuşdur.

V əsr yunan fəlsəfəsinin inkişafı daha çox Emkedokl, Anaksaqor, Levkipp və Demokritin adı ilə bağlıdır. Onlar materiyanın quruluşuna dair bir çox nəzəriyyələr təklif etmişlər. Məsələn, Levkipp ilk dəfə materiyanın bölünməz hissəsi-atom haqqında təlim hazırlamışdır. Bu təlimi onun tələbəsi Demokrit öz əsərlərində daha da təkmilləşdirmişdir. Haqqında danışdığımız dövrün materialist təlimlərini Epikür (e.ə. 341-270) sona çatdırmışdır. "Epikür bağı" adlı fəlsəfi məktəb (e.ə. 306) yaradan Epikür ömrünün sonunadək Afinada yaşamışdır. Yaradıcılığı ərzində yazdığı 300-ə qədər əsərin az bir hissəsi bizə gəlib çatmışdır. Onun fikrincə, kainat sonsuz və əbədidir. Atomlar öz-özünə başlanğıc düzxətli hərəkət vəziyyətindən çıxmaq və əyrixətli hərəkət etmək iqtidarında deyillər.

Yunanıstanda idealist fəlsəfənin banilərindən olan Sokratın (e.ə. 469-399) fəlsəfi təlimi və həyatı haqqında məlumatlar onun tələbələri və davamçıları olan Platonun, Ksenofontun, Aristotelin əsərlərində öz əksini tapmışdır.

Qədim Yunanıstanın məşhur filosoflarından biri də Aristotel (e.ə. 384-322) olmuşdur. Aristotel yalnız fəlsəfə sahəsində deyil, məntiq, ədəbiyyat nəzəriyyəsi, təbiətşünaslıq, siyasət və tarix sahəsində də maraqlı əsərlər yazmışdır. Zoologiya və botanika elmlərinin inkişafında da onun böyük xidmətləri olmuşdur.

Bəhs etdiyimiz dövrdə yunan ədəbiyyatının da sürətli inkişafı müşahidə olunur. Maraqlıdır ki, eyni zamanda epik və dramatik poeziya ilə yanaşı, lirik poeziya da yaranır. Belə ki, lirik şairlərdən Tirtey, Kallin, Feoqnid, Alkey, Sapfo, Anakreont, Arxllox, Pindar və başqalarının əsərləri cəmiyyətdə yayılmağa və sevilərək qəbul olunmağa başlayır. Yunanıstanda yaranan ədəbiyyat mövzu baxımından tragikliyi ilə diqqəti cəlb edir. Yunan tragediyasının banisi isə Fespid (e.ə. VI əsr) hesab olunur. Tragediya öz yaranışı etibarilə Dionis allahı (üzüm və şərab allahı) şərəfinə keçirilən bahar bayramı ilə bağlıdır.

Dionis ayinindən yaranmış yunan dramı, sonralar bu ayindən ayrılaraq yunan qəhrəmanlarını öz süjet dairəsinə salır. İlk yunan dramaturqları olan Fespid, Pratin, Xeris və Frinixin əsərləri dövrümüzə gəlib çatmasa da, Frinixin "Miletin alınması" və "Finikiyalı qadınlar" əsərləri haqqında müəyyən məlumatlar bəllidir. Həmin məlumatlar o dövrün yunan dramaturgiyası haqqında fikir söyləməyə imkan verir. Dünyanın digər mədəniyyət mərkəzlərində olduğu kimi, teatr Yunanıstanın ictimai həyatında da mühüm rol oynamış və olduqca populyarlaşmışdı.

Yunan teatrının inkişafında Esxilin böyük rolu olub. Onun dünya ədəbiyyatına, eyni zamanda müasir ədəbiyyata güclü təsiri olub. Enni, Aksi, Seneka (Roma şairləri) və başqaları onun yaradıcılığından bəhrələnmiş, yeni dövr şair və yazıçıları - Kalderon, Milton, Volter, Höte, Bayron, Şiller və s. Esxilin əsərlərinə nəzirələr yazmışlar.

Qədim Yunanıstan mədəniyyətində komediya janrına bənzəyən mim, fliak və pantomima kimi kiçik formalı komik tamaşalar da özünəməxsus yer tuturdu. Həmin janrın nümayəndələri isə siciliyalı Sofron (e.ə. V əsr) və onun oğlu Ksenarx (e.ə. IV əsr) olmuşdur.

Yunanıstanın ictimai həyatında özünəməxsus yer tutan musiqi xüsusi mənəvi-tərbiyəvi əhəmiyyətə malik idi. Yunanıstanda üç növ musiqi aləti geniş yayılmışdı: simli, nəfəsli və zərb. Simli alətlərdən lira, gitara, arfa və s. nəfəsli alətlərdən avlos, zərb alətlərindən isə kimbal və timkanı göstərmək olar. Yunanlar simli musiqini insanın hisslərində ahəngdarlıq yaradan bir qüvvə, nəfəsli musiqini isə "barbar" musiqisi, hiddətləndirici bir qüvvə hesab edirdilər. Getdikcə musiqi müstəqil bir sənət sahəsinə çevrilirdi. Yunan sənətkarları musiqi tonları qammasını işləyib hazırlayırdılar.

Yunanlar yalnız ədəbiyyat, teatr və musiqidə deyil, mədəniyyətin digər sahələrində də uğurlar qazanmışdılar. Onların ən mükəmməl memarlıq əsəri Afina akropolunun başında tikilmiş İlahə Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı akropola gedən böyük yol və əfsanəvi Afina padşahı Erextey və Gefestə həsr olunmuş məbədlər yunan memarlıq sənətinin nadir incilərindəndir.

Bu dövrün görkəmli heykəltəraşları arasında Polikletin, Praksitelin və Lisippin də xüsusi yeri vardır. Onların əsərlərində sağlam insan bədəninin gözəlliyi sənətkarlıqla əks olunurdu. Yunanıstanda rəssamlıq heykəltəraşlıqla əlaqədə inkişaf edirdi. Yunan rəssamları içərisində b.e.ə. V əsrin birinci yarısında yaşamış Poliqnot və ikinci yarısında yaşamış Apollodor məşhur olmuşdur. Rəssamlıqda diqqəti cəlb edən cəhətlərdən biri də qablar üzərində yunan əfsanələrindən götürülmüş mövzuların çəkilməsi idi. Rəssamlar bu sahədə böyük uğurlar qazanmışdılar.

Yunan mədəniyyətinin tamlığı, harmoniyası, nikbinliyi indiyədək əvəzsiz bir sənət nümunəsi kimi qalmaqdadır. Yunanıstan mədəniyyəti ilk öncə Roma mədəniyyətinin, daha sonralar isə bütün dünyada sivilizasiyanın inkişafına böyük təsir göstərərək tarixin gedişatını dəyişdirdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".