DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRAN VƏ TÜRKİYƏ ARASINDA ƏMƏKDAŞLIQ SAZİŞLƏRİ İMZALANIB

İranın paytaxtı Tehrandakı Sədabad sarayında iki ölkə prezidentləri İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iyulun 19-da Türkiyə və İran arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, İran və Türkiyə tranzit daşımaların inkişafı, elm, idman, enerji, mədəniyyət, kənd təsərrüfatı və ticarət-iqtisadi mübadilə sahələrində əməkdaşlıq sazişləri imzalayıblar. Bildirilir ki, sənədləri iki ölkənin bir sıra idarələrinin rəhbərləri imzalayıblar.

Qeyd edilir ki, Tehranda iki ölkə prezidentinin sədrliyi ilə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

İran prezidenti İbrahim Rəisinin sözlərinə görə, əməkdaşlıq səviyyəsini təxminən 30 milyard dollara qədər artırmaq olar ki, bu da indiki vəziyyətdən təxminən üç dəfə çoxdur. O əlavə edib ki, iki ölkə arasında 25 illik qaz müqaviləsinin uzadılması və qaz nəqli sahəsində əməkdaşlığın genişləndirilməsi qərara alınıb.

Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan öz növbəsində Türkiyə və İranın müdafiə sənayesi, neft-qaz sahəsində əməkdaşlığı artırmaq üçün potensialın olduğunu diqqətə çatdırıb.

 

BÖYÜK BRİTANİYADA BAŞ NAZİR SEÇKİLƏRİNİN NÖVBƏTİ TURU KEÇİRİLİB

Böyük Britaniyada baş nazir seçkilərinin üçüncü turu başa çatıb. Bu barədə “Report” agentliyi “The Guardian” nəşrinə istinadən xəbər verib. Nəşrin məlumatına əsasən, beş namizəddən dördü növbəti mərhələyə keçib.

Bildirilir ki, birinci yeri əvvəlki iki turda olduğu kimi 115 səslə keçmiş maliyyə naziri Rişi Sunak tutub. İkinci və üçüncü yerlərdə keçmiş müdafiə naziri Penni Mordaunt (82 səs) və xarici işlər naziri Liz Tras (71 səs) qərarlaşıb. Dördüncü yeri bərabərlik və yerli idarəetmə naziri Kemi Badenox (58 səs) tutub.

Eyni zamanda, parlamentin üzvü Tom Tuqendat Böyük Britaniya hökumətinin başçısı vəzifəsinə namizədlər siyahısından çıxıb. O, 37 səs toplayıb və beşinci yerdə qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, Böyük Britaniya indi baş nazir seçkilərinin birinci mərhələsi keçirilir, bu turda mühafizəkar deputatlar baş nazirliyə iki əsas namizədi seçəcəklər. Bundan sonra bütün Böyük Britaniya mühafizəkarlarının qalan iki namizəd arasından baş naziri seçəcəyi ikinci mərhələ baş tutacaq.

 

AVROPA İTTİFAQI İKİ ÖLKƏ İLƏ ÜZVLÜK DANIŞIQLARINA BAŞLAYIR

Avropa İttifaqı (Aİ) Şimali Makedoniya və Albaniya ilə bloka üzvlük danışıqlarının başladığını elan edib. “APA”nın verdiyi xəbərə görə, prosesin başladığını elan edən Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Şimali Makedoniya baş naziri Dimitar Kovaçevski və Albaniya baş naziri Edi Rama ilə keçirdiyi birgə mətbuat konfransında bunu “tarixi an” adlandırıb.

Bununla yanaşı, Ursula Fon der Lyayen iki ölkənin qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə islahatlarını yüksək qiymətləndirdiyini bəyan edərək, bunu liderlərin və xalqın uğuru adlandırıb.

“Şimali Makedoniya və Albaniya hökumətləri islahatları təkcə Avropa İttifaqına daxil olmaq üçün deyil, ölkələri üçün xeyirli olduğuna və artıq xalq üçün daha yaxşı həyat keyfiyyəti təmin etdiyinə görə həyata keçirib”, - deyə Avropa Komissiyasının prezidenti vurğulayıb.

Xatırladaq ki, Şimali Makedoniya 2005-ci ildə Aİ-yə namizəd olub, Albaniyaya isə 2014-cü ildə bu status verilib. Danışıqlar prosesi Şimali Makedoniya ilə Bolqarıstan arasında dil və tarixi məsələlərlə bağlı mübahisə səbəbindən 2020-ci ildən dayandırılıb.

 

İSPANİYADA İSTİLƏR 510 NƏFƏRİN HƏYATINA SON QOYUB

İspaniyada anomal istilər səbəbindən 500-dən artıq insan dünyasını dəyişib. “Trend”in verdiyi xəbərə görə, bu barədə “EFE” agentliyi ölkənin III Karlos adına Sağlamlıq İnstitutuna istinadən məlumat yayıb.

Bildirilir ki, 10-16 iyul tarixləri ərzində ölkədə anomal istilər 510 nəfərin ölümünə səbəb olub. Məlumata əsasən, əksər hallarda söhbət 85 yaşdan yuxarı insanlardan gedir.

Eyni zamanda, verilən xəbərə görə, İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava xəbərdarlığının səviyyəsini “sarı” (təhlükə) və “narıncı” (yüksək təhlükə) səviyyəsinə qaldırıb.

Bununla yanaşı, bəzi əyalətlərdə xəbərdarlıq səviyyəsi ən yüksək həddə - “qırmızıya” (həddindən artıq təhlükə) qaldırılıb.

 

JOZEF BORREL: Aİ-NI ƏN ÇOX NARAHAT EDƏN MƏSƏLƏ QAZ TƏCHİZATIDIR

Avropa İttifaqında (Aİ) ən çox narahatlığa səbəb olan məsələ yaxın gələcək üçün qaz təchizatı ilə bağlı vəziyyətdir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Josef Borrel Aİ Xarici İşlər Nazirləri Şurasında keçirilmiş müşavirənin nəticələrinə əsasən bəyan edib.

“Şimal axını-1” qaz kəməri hələ də təmirdədir, görək bu müddət bitdikdən sonra nə baş verəcək. Biz cəmiyyətimiz və iqtisadiyyatımız üçün ən ciddi narahatlıqlara səbəb olan qaz təchizatı ilə bağlı vəziyyəti izləməyə davam edəcəyik”, - deyə diplomat vurğulayıb.

Məlumata əsasən, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyasına, xüsusən də bu ölkənin enerji resurslarına qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qeyd edək ki, bu ərəfədə Almaniya İqtisadiyyat İnstitutunun direktoru Mixael Hyuter Avropa İttifaqı ölkələri enerji ehtiyatlarının çatışmazlığı vəziyyətində qonşuları ilə yanacağı bölüşdürməkdən imtina edərlərsə, Avropanın qaz böhranı ilə üzləşə biləcəyini diqqətə çatdırıb.

 

AVSTRİYA NATO ÜZVü OLMAQ NİYYƏTİNDƏ DEYİL

Avstriya İsveç və Finlandiyadan nümunə götürüb NATO-ya üzv olmağı planlaşdırmır. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu Vyanada keçirilən mətbuat konfransı zamanı Avstriyanın federal kansleri Karl Nehammer bəyan edib.

Məlumata əsasən, federal kanslerin sözlərinə görə, onun ölkəsi “hərbi neytrallıqlarını yenidən nəzərdən keçirən” və “NATO-ya üzv olmağa çalışan” İsveç və Finlandiyanın addımlarını təkrarlamaq niyyətində deyil.

Eyni zamanda, Karl Nehammer qeyd edib ki, Avstriya Avropa İttifaqının beynəlxalq sahədə və təşkilatın təhlükəsizliyi sahəsində birgə siyasətinə sadiqdir və həmçinin öz müdafiəsinə investisiyaları artırmağı planlaşdırır.

 

MÜNAQİŞƏ ZONALARINDA UŞAQ OĞURLUĞU HALLARI KƏSKİN şƏkildƏ ARTIB

“Son illər silahlı münaqişələrin davam etdiyi bölgələrdə uşaq oğurluğu halları kəskin şəkildə artıb”. “Report” agentliyinin xəbərinə görə, bunu BMT-nin uşaqlar və silahlı qarşıdurmalar üzrə xüsusi nümayəndəsi Virciniya Qamba qeyd edib.

Məlumata görə, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən toplantıda çıxış edən Virciniya Qamba 2020 və 2021-ci illərdə qaçırılan uşaqların sayına görə Suriya, Somali, Konqo Demokratik Respublikası, Burkina Faso və Çad Gölü hövzəsinin ilk beşlikdə olduğunu bildirib.

BMT rəsmisi əlavə edib ki, ötən il münaqişə bölgələrində əsasən oğlanlar olmaqla 3000 uşaq qaçırılıb. “Son illər uşaq oğurluğu sayının kəskin artmasına görə BMT Təhlükəsizlik Şurası 2015-ci ildə 2225 saylı qətnamə qəbul edib və uşaq oğurluğu ilə məşğul olan tərəflərin məsuliyyətə cəlb edilməsinin vacibliyini rəsmən təsdiqləyib”, - deyə Virciniya Qamba vurğulayıb.

Bununla yanaşı, təşkilat rəsmisi silahlı münaqişələrdə uşaq oğurluğu hallarının monitorinqini və hesabatını gücləndirmək məqsədilə BMT-nin uşaqların müdafiəsi proqramlarının daha da genişləndirilməsini tövsiyə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.