Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Karl Marks

Proletariatın  iblis ruhlu peyğəmbəri, siyasi liderlərin sevmədiyi adam – KARL MARKS... İddiası dünyanın yeni peyğəmbəri və ya fəlsəfənin yaradıcısı olaraq tanınmaq idi. Tanındı da, amma necə?.. “Vəhşi qaban", "pivə həvəskarları klubunun prezidenti", "pul hərisi" kimi  daşıdığı bir çox ləqəbləri ilə hələ tələbəlik illərindən məşhurlaşmışdı...

Gələcəyin məşhur filosofu  gənclik illərində hamının onu tanıdığı xarici görkəmə özünün xüsusi statusunu göstərmək üçün müraciət etmişdi. Onun uzun  saqqal saxlamasının  səbəbi də  haradasa Musa ilə Sokrat, bəzi ehtimallara görə isə hətta Məhəmməd Peyğəmbər kimi görünmək arzusundan irəli gəlirdi.

Hələ universitetdə oxuduğu vaxtlarda "vəhşi qaban" kimi tanınan Marks üçün xarakterik xüsusiyyətlər daim qalmaqalda olmaq, inadkarlıq idi. Maraqlıdır ki, bu xoşagəlməz xarakteri ilə filosof nəinki sosialistləri öz ətrafında toplamağa müvəffəq olur, həmçinin təşkilatdakı rəqiblərini sıxışdırmağı da bacarırdı. Görünür, hansısa izaholunmaz cəhətə  malik imiş...

Marksın karyerasına diqqət yetirsək, bütün təxəllüslərini doğrultduğu qənaətinə gəlmək elə də çətinlik törətmir. Deyilənə görə, hətta çox pinti və bərbad ev sahibi olan Marks, az hallarda yuyunar, paltarlarını  gec-gec dəyişdirərdi. Ətrafdakı çirkli qab-qacaqların əlindən isə evdə tərpənmək mümkün deyilmiş. Filosof evindən çıxanda sanki mağaradan çıxırmış... Tütünə aludəçi olduğunu söyləyirlər, “dəmkeş” imiş,  gənc ikən sərxoş halda ictimai asayişi pozduğuna görə hətta həbs də olunub. Xüsusilə “Kapital”ı yazarkən çəkdiyi qəlyanın sayı-hesabı olmayıb.  “Kapital” mənə çəkdiyim tütün qədər pul qazandırmadı”.  İnanmıram ki, kimsə mənim kimi bütün ömrü boyu puldan yaza və pula bu qədər ehtiyacı olar»- deyərdi. Bütün həyatı boyu pul çatışmazlığından əziyyət çəkən Marks yoxsulluqdan üç övladını itirib. Qara qəpiksiz qalarkən, arvadının zinət əşyalarını lombarda aparıb, yolda oğurluq şübhəsi ilə həbs də olunubmuş. Pul qazanmaq anlamındakı planları hər zaman  iflasa uğramış Marks heç də kasıb həyat tərzi sürməyib. Çünki daim dostlarından yüksək məbləğdə borc alan filosof onu heç vaxt geri qaytarmırmış.

Hələ 18  yaşında  ikən özündən 4 yaş böyük Cenni ilə evlənən Marks siyasi-fəlsəfi və iqtisadi fəaliyyətləri ilə yanaşı, çox sevdiyi arvadı üçün sevgi şeirləri də yazırdı. Filosof arvadına olan böyük "sevgisini" yerə-göyə sığışdıra bilməsə də, o da bəzi "sədaqətli" kişilər kimi boş durmayıb. Deyilənlərə görə, qulluqçu qadından nikahdankənar övladı dünyaya gəlibmiş. Ən maraqlısı isə onun bu sirrinin açılmaması, nikahının pozulmaması üçün ən yaxın dostu Engels bunu öz üzərinə götürmüş, Marksın həyat yoldaşına uşağın onun özünə aid olduğunu söyləmişdi.

Mənşəcə yəhudi olan, amma özünü xalis alman hesab edən, özü də ateist sayılan Marks yəhudilərə və iudaizmə mənfi münasibət bəsləyirdi. Onun "Yəhudi məsələsi" adlı məqaləsi bu baxımdan xüsusilə əlamətdardır. Yüz il sonra bütün Avropada yəhudiləri soyqırıma məruz qoyan Hitler bir dəfə etiraf etmişdi ki, onda yəhudilərə olan acımasız nifrət məhz gənclik illərində oxuduğu Marksdan qaynaqlanıb.

Karl Marks  ömrü boyu  zərərli vərdişləri, habelə normal qidalanmama səbəbindən dəqiq diaqnozu qoyulmayan sinə xəstəliyindən əziyyət çəkirdi. Bu isə ağciyərindəki iltihabdan qaynaqlanırdı. 64 yaşında ölməsinə səbəb də elə bu xəstəlik idi...

 

Fransua-Marie Arouet (Volter)

Viktor Hüqo onun haqqında belə deyərdi: "Volter insan deyil, o, bütöv bir qərinədir". Volter təxəllüsü ilə tanınan fransız yazıçısı, tarixçi, filosof Fransua-Marie Arouet həqiqətən də, xüsusi fitri istedadı və zəngin zəkası ilə seçilən dahilərdəndir. Çoxyönlü və məhsuldar yazıçı, demək olar ki, bütün ədəbi formalarda əsərlər, o cümlədən pyes, şeir, roman, esse, tarixi və elmi ekspozisiyalar yaratmışdır. Xristianlığı, xüsusən də Roma Katolik Kilsəsi və köləliyi tənqid edən Volter, eləcə də insanların azadlığını müdafiə etməsi ilə məşhurlaşıb. Yeri gəlmişkən qeyd edək ki, bu məşhurluq ona baha başa gəlmişdi. Ədəbi fəaliyyəti onun bir neçə dəfə həbsə düşməsi  və sürgün olunmasına səbəb olmuşdu.

Sizlərə bir qədər qəribə gəlsə də, dahi şəxsiyyətlərin bəziləri kimi Volter də bu üsulla uğura nail olmuşdur: yazıçı 50-dən çox tamaşanın ssenarisini  yatağında qələmə alırmış. Əslində tənbəllik onun təbiətinə xas deyildi, gün ərzində  dincəlmədən 40-50 fincan qəhvə içərək saatlarla işləyə bilirdi. Üstəlik eyni anda bir neçə əsər yazma qabiliyyətinə malik olan Volter, özünün də etiraf etdiyi kimi, ilham pərilərini yalnız yataqda yaxalaya bilirmiş.

Maraqlıdır ki, uşaq ikən astroloqlar onun  33 yaşına qədər yaşaya biləcəyini  proqnozlaşdırmışdılar. Gənc yaşda dueldə öləcəyi ehtimal edilirdi. Amma  xoşbəxtlikdən bu duel baş tutmadı... 63 yaşında məşhur filosof yazırdı: "Mən 30 il astrologiyanı aldatdım, buna görə məni bağışlamanızı xahiş edirəm".

Ağıl və istedad şübhəsiz ki, vacibdir, amma Volter parlaq karyerasını həm də onun qarşısına çıxan, özünə ilham pərisi hesab etdiyi çox zəkalı bir qadına - Emili Markiz de Şatleyə borcludur. Bu qadın yazıçı üçün sevgili, həyat dostu, demək olar ki, hər şey olub. Məhz o, atəşli Volterin daxili ehtiraslarını, enerjisini lazımi məcraya yönəldirdi. Məşhur filosofun  özündən xeyli kiçik Emilisinə olan sevgisi bir dastana çevrilmişdi.  Qadın fizika təcrübələri aparır, riyaziyyatla məşğul olurdu. Kitab almağa pulu çatmayanda  riyazi hesablamalar apararaq qumar vasitəsilə pul qazanırdı. Emili bir müddət Volteri sevsə də, yaşlandıqdan sonra onu tərk edərək gənc bir oğlana qoşulub qaçır. Daha sonra uşaq dünyaya gətirən Emili  qızdırmadan dünyasını dəyişir, uşaq isə sağ qalır.  Qeyd edək ki, Volter uşağın ondan olmasına özünü də, qadını da inandırmışdı. 15 illik sevgilisinin ölümü Volter üçün böyük bir zərbə olur. Hətta zəhər içərək həyatla vidalaşmaq da istəyir.  Xoşbəxtlikdən özünü toparlayan Volter sevgilisinin ölümündən sonra daha 29 il yaşayır. Emili ilə keçən hər anı filosof, "yerdəki cənnət" adlandırırdı.

Ömrünün son illərində prostat xərçəngindən əziyyət çəkən yazıçı ağrılarını azaltmaq üçün  tiryək aludəçisi də olmuşdu. Bir müddət sonra isə  83 yaşlı yazıçı yuxuda ikən dünyadan əbədi olaraq köçür. Yeri gəlmişkən qeyd edək ki, yazıçının külü Panteondadır.

 

Antonio Vivaldi

Qırmızı saçlarına görə "Prete Rosso"  (Qırmızı keşiş) ləqəbi ilə tanınan bu musiqiçi bütün dövrlərin ən məşhur bəstəkarlarından biridir. O, italyan barokko klassik musiqi bəstəkarı, skripkaçı, dirijor, pedaqoq və keşiş olan Antonio Vivaldidir. Məşhur İtaliya bəstəkarı Vivaldini dünya skripka sənətinin atası adlandırsaq, yanılmarıq. Həm də musiqi müəllimi olan  bu bəstəkar saysız-hesabsız skripkaçılar yetişdirib. 

Vivaldinin istedadlı skripka ustası kimi  yetişməsində atasının rolu danılmazdır. Atası bərbər olsa da, həm də istedadlı skripkaçı, anası isə dərzi idi. Ata və oğul birlikdə skripka çalaraq Venesiyada qastrol səfərində olurdular.

Keşişlik təhsili alan Vivaldi 25 yaşında rəsmi olaraq keşiş işləməyə başlayıb. Keşiş olmasına baxmayaraq, bəstəkar donjuanlığı ilə də məşhurlaşmışdı. Deyilənlərə görə, Kazanovadan sonra ən çox sevgilisi olan ikinci adam imiş.  Kahinliyindən istifadə edən Vivaldiyə hər bir  evə, məkana  giriş  problem yaratmadığından onun üçün qadın tapmaq heç də çətin deyildi. Demək olar ki, yazdığı bütün əsərlərini həyatında olan qadınlara ithaf edən Vivaldi, “Bax bunu sənin üçün yazdım” deyəndə  qarşısındakı xanım əriyib muma dönürdü.

Avropanın hər yerində müxtəlif konsertlər təşkil etməklə, musiqisevərlərin zövqünü oxşayan Vivaldi, bəstələrinin çoxunu qadın ansamblı üçün nəzərdə tuturmuş. Bununla da bəstəkar qadınların ansambllara cəlb olunmasına müsbət təsir göstərib.

Venesiyada kimsəsizlər üçün konsertlərdən bir müddət sonra ifaçı qızlarla tanış olmaq üçün qatıldığı yeməyin ardınca o, "Bu çirkin qızların hamısına aşiq oldum" - yazır. Bir müddət sonra şəhər ailələri də qızlarını həmin yetimxanaya göndərməyə başlayır.

Doğuşdan bəri  ağır astma xəstəliyindən əziyyət çəkən bəstəkar, pilləkənləri qalxıb enməkdə çətinlik çəkirdi. Ömrünün sonlarına yaxın kilsədəki vəzifəsindən məhrum edilməsi bəstəkara ağır zərbə olur. Bütün bunlarla yanaşı, heç vaxt evlənməyən, səfalət içində yaşayan 63 yaşlı tənha bəstəkar infeksiyaya yoluxaraq dünyasını dəyişir.

 Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".