Cəsur kəşfiyyatçı
Sosial həyat

Cəsur kəşfiyyatçı

2020-ci ilin iyulun 12-dən başlayaraq Ermənistan ordusu artilleriya, iriçaplı silahlar və minaatanlardan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizə hücum cəhdi etdi. Azərbaycan Ordusu tərəfindən düşmənin xain hücumunun qarşısı qətiyyətlə alındı, işğalçılara ağır zərbə endirdi. İyulun 16-dək davam edən döyüşlərdə böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Onlardan biri də mayor Anar Novruzov idi.

Anar Gülverdi oğlu Novruzov 12 may 1976-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. O, 10 uşaqlı ailənin sonbeşiyi idi. 1983-cü ildə Masallı rayon Ərkivan qəsəbə Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 1993-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyatının istismarı fakültəsinə verib, lakin, sonra Bakı Neft-Energetika Kollecinə qəbul olub. Sonra fikrini dəyişdirib və sənədlərini Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verib. Bir il təhsil aldıqdan sonra təhsilini yarımçıq saxlayaraq Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. 1994-cü ildə atəşkəsin elan olunması ilə əlaqədar geri qayıdıb və 1995-ci ildə yarımçıq saxladığı təhsilini davam etdirib.

1999-cu ildə Ali Hərbi Məktəbi bitirən Anar Novruzov hərbi vəzifəsinə başlayıb. Həmin ildən öz xahişi ilə kəşfiyyatçı zabit kimi ön cəbhədə xidmət edib. Ön cəbhə bölgələrində, 2005-ci ildə Tərtər rayonunun Qapanlı kəndində, 2008-ci ildə rayonun Həsənqaya kəndində, 2013-2018-ci illərdə Sumqayıtda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Xidmət etdiyi illərdə hərbi texnikanın sirlərini dərindən mənimsəyib, snayper tüfəngi və digər müasir silahlardan istifadə edib. Qüsursuz xidmətinə görə bir çox medallarla, diplom və təşəkkürnamələrlə təltif edilib. Kəşfiyyatçı zabit kimi xidmətinə görə ona “Akula” ləqəbi verilib.

2008-ci ilin 4 mart tarixindən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Ağdərə istiqamətlərində şiddətli döyüşlər başlamışdı. Toqquşmalar zamanı Anar Novruzov Tərtər rayonunun Həsənqaya kəndində kəşfiyyatçı zabit idi və döyüşlərdə iştirak edirdi. İstifadə etdiyi AQS-17 qumbaraatanından atdığı dəqiq atəşlər nəticəsində Ermənistan Ordusunun yüksək rütbəli zabitləri məhv edilmişdi.

Aprel döyüşlərində xidmət etdiyi korpusun döyüşlərdə olmamasına və özünün Sumqayıtda xidmət etməsinə baxmayaraq Anar Novruzov da yaxından iştirak edirdi. O, bu döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəlpə yarası almışdı.

Türkiyədə mükəmməl peşəkar təlim keçən cəsur zabitimiz 26 ildən artıq hərb sahəsində çalışıb, siyasi işlər üzrə tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlib. A.Novruzov müxtəlif illərdə Müdafiə Nazirliyinin “Qüsursuz xidmətə görə” I, II, III dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” yubiley medalları, eləcə də rəhbərlik tərəfindən döyüşlərdə, ictimai-siyasi və mənəvi-psixoloji hazırlığında əldə etdiyi yüksək nailiyyətlərə görə Fəxri fərmanlarla təltif edilib.

2003-cü ildə ailə həyatı quran cəsur döyüşçü toy mağarına “Vağzalı” musiqisi əvəzinə, “Azərbaycan əsgəri” marşının sədaları altında daxil olub, “Qarabağ şikəstəsi” ilə məclisi yekunlaşdırıb.

Anar 14 iyul 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Novruzov Anar Gülverdi oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Həyat yoldaşı Nazilə xanım Anar haqqında xatirələrini bölüşür: “Çətinliyimiz də, xoş günlərimiz də olub. Anar deyib-gülən, zarafatcıl idi. Onun üçün hər şeydən əvvəl Vətən qarşısında xidməti borc idi. Hər dəfə evə gələndə cəbhədə atəşkəs rejiminin pozulduğunu eşidəndə bir yerdə qərar tutmur, hərbi hissəyə qayıtmağa tələsirdi. Elə sonuncu dəfə evə gələndə də belə oldu. Səhhətindəki problemə məhəl qoymadan, müalicə almadan döyüşə qatıldı. Xidməti ilə əlaqədar onu çox sorğu-suala tuta bilmirdik. Narahat olmamağımız üçün çox şeyi bizdən gizlədərdi. Elə Aprel döyüşlərində yaralanmasını, bir neçə gün hospitalda müalicə almasını da sonradan bildik...”.

Azərbaycan xalqının əzəli və tarixi yurdları  30 ildən sonra azad edildi, uzunillik Vətən həsrətinə son qoyuldu. Döyüş meydanında göstərdiyimiz gücün mənbəyi Azərbaycan xalqının iradəsidir. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edir. Qələbəni görən və bu hissləri yaşayan xalq xoşbəxtdir. İgid qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

İllər, əsrlər ötəcək, ancaq Anar kimi Vətən oğulları heç vaxt unudulmayacaq.

M.MİRZƏ,

“Respublika”.