Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı və ya fərqli nəticələr versəydi, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bu sayımızda bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Mesopotamiyada ilk Şumer şəhərinin yaranması"nı oxuculara təqdim edirik.

“Respublika”.

 

Mesopotamiyada ilk Şumer şəhərinin yaranması

Tarixin gedişatına təsir edən ən mühüm hadisələrdən biri də Mesopotamiyanın ərazisində ilk Şumer şəhərinin yaranmasıdır. Böyük sivilizasiyaların və dünyada mədəni irsin ilkin təməllərini qoyan şumerlərin tarix "səhnəsinə" digər qədim tayfalarla müqayisədə daha tez çıxdıqları danılmaz faktdır. Ötən yüzilin araşdırmaları, əldə edilən dəlillər dünya sivilizasiyasının əsaslarının məhz Şumerdən başlandığını göstərir. Müasir türk xalqlarının əcdadı olan şumerlər haqda dünyanın məşhur alimləri fikir söyləyiblər. Amerika alimi, şumerşünas S.Kramerin "Tarix Şumerdən başlanır" adlı məşhur əsərində insanlığın məhz şumerlərdən başlandığı göstərilir. Dünyanın məşhur alimləri - fransız E.Reklü, alman Q.Vinkler, polyak Z.Kasidoloki, ingilis Vulli, rus Reder və başqaları da bu fikirlə həmrəydirlər.

Qədim Dəclə və Fərat çayları arasındakı düzənlik Mesopotamiya adlanırdı. Mesopotamiya sözü yunan mənşəli sözdür. Bu ərazi Dəclə və Fərat çayları arasında yerləşdiyinə görə İkiçayarası adlandırılmışdır. Ərəblər buranı "Bəhrəlnəhreyn" adlandırırlar. Bu ərazilər əbəs yerə dünyanın ən qədim və ən böyük sivilizasiyası hesab edilmir.  

Əslində, şumerlərin İkiçayarasının yerli sakinləri olmaması ilə bağlı bəzi dəlillər var. Belə ki, bir çox alimlər onların Altay dağlarından köç etmiş qədim türk tayfaları olduqlarını hesab edirlər. Şumerlər Mesopotamiyaya eramızdan əvvəl VI-VII minilliklər arasındakı dövrdə gəlmiş və həmin zamandan etibarən burada məskən salmağa başlamışdılar. Bu səbəbdən Mesopotamiyanın cənub hissəsi həm də, qədim Şumer adlanır.

Şumerlərin bu əraziyə köç etməsindən öncə orada nə meşə, nə metal, nə də tikinti daşı var idi. Nil çayından fərqli olaraq, Fərat və Dəclə çaylarının daşqınları çox dağıdıcı təsirə malik idi. Ərazinin çox hissəsi suyun altında qalırdı. Şumerlərin əraziyə gəlişi ilə vəziyyət kəskin şəkildə dəyişdi. Çaylarda bəndlərin qurulması, suvarma kanallarının çəkilməsi əkinçiliyin inkişafına zəmin yaratdı və ərazini çiçəklənən bir diyara çevirdi. Beləcə, Cənubi Mesopotamiya münbit və məhsuldar torpaqlara çevrildi. Çayların ətrafında kiçik yaşayış məskənləri, şəhərlər yarandı. Bizim eradan əvvəl III minilliyin sonlarında iqtisadiyyat və mədəniyyət mərkəzləri hesab olunan Akkad, Laqaş, Ur, Kiş, Babil kimi şəhər dövlətləri meydana gəldi. Şəhərlərin çoxu şumerlər tərəfindən salındığı üçün həmin mədəniyyət şumer mədəniyyəti kimi qəbul edilir. Şumer mədəniyyətinin mövcudluq tarixi e.ə. IV minillikdən-III minilliyin I yarısına qədərdir. Ümumilikdə götürdükdə Şumerdə Eredu, Ur, Larsa, Uruk, Laqaş, Umma, Şuruppaq, Isin, Nippur və Kiş kimi 21-i böyük olmaqla 35 müstəqil şəhər dövlətləri mövcud olmuşdur.

Şumerdə mövcud olmuş dövlətlər erkən sülalələrin adını daşıyırdı. İlk erkən sülalələr dövrü e.ə. XXVIII-XXVII əsrləri əhatə edir. Birinci erkən sülalə dövründə Kiş şəhər dövləti siyasi üstünlük təşkil etmişdi. Kiş şəhərinin siyasi üstünlüyü o qədər böyük idi ki, daha sonralar da hakimiyyəti ələ keçirənlər öz titullarına "Kiş hökmdarı" adını əlavə edirdilər. Buna misal kimi onu göstərə bilərik ki, Laqaş hökmdarı Kişi fəth etdikdən sonra, özünü "Kiş hökmdarı" adlandırmışdı.

Erkən Şumer şəhər dövlətləri ilk vaxtlarda tanrıların adından danışan "en" adlı kahinlər tərəfindən idarə edilirdi. Onlar şəhərin idarə olunması ilə bərabər, məbəd işlərinə, ölkənin təsərrüfat həyatına, suvarma kanallarının çəkilməsinə, hərbi işlərə də rəhbərlik edirdilər. Lakin eramızdan əvvəl III minillikdə şəhərlər arasında başlanan toqquşmalar hərbi başçıların nüfuzunu daha da artırdı. Tədricən bu başçılar "ensi", yaxud "luqal" adlanan hökmdarlara çevrildilər. Bütün Mesopotamiyaya hakim olan krala "luqal" deyilirdi. Sonrakı dövrlərdə isə hər iki söz "hökmdar" mənasında işlənirdi və bəzi şəhərləri luqallar, bəzilərini isə ensilər idarə edirdilər. Luqallar üstünlük baxımından ensilərdən daha böyük səlahiyyətə sahib idi. Hökmdarlar dövlətin başçısı olmaqla yanaşı, ordu komandanı və baş kahin vəzifəsini də öz əllərinə almışdılar. Şəhər ərazisindəki torpaqların bir hissəsi sakinlərin, qalan hissəsi isə kahinlərin nəzarətində olan məbədlərə məxsus idi.

Beləliklə, eramızdan əvvəl III minilliyin I yarısında Mesopotamiyada idarəetmə orqanları, qanunları, ordusu olan inkişaf etmiş şəhər dövlətləri meydana gəldi. Hökmdarlar dövlətin başçısı olmaqla yanaşı, ordu komandanı və baş kahin vəzifəsini də öz əllərinə almışdılar. Əsrlərlə davam edən müharibələr şumerlərin bir xalq kimi azalmasına, şəhər dövlətlərinin isə zəifləməsinə gətirib çıxarsa da, onlar Mesopotamiyada zəngin dövlətçilik təcrübəsi ilə yanaşı, böyük bir mədəniyyətə də sahib olmuşdular. İlk zamanlar misirlilər kimi şəkilli yazılardan istifadə edən şumerlər eramızdan əvvəl III minilliyin əvvəllərində müxtəlif işarələrdən ibarət mixi yazı sistemini ixtira etdilər. Sonralar şimalda yaşayan Akkadlar, Babillər və Aşşurlar da mixi yazısını mənimsəməyə başladılar. Şumer şəhər dövlətlərinin hər birinin öz tanrısı və onun şərəfinə inşa edilən məbədləri - ziqquratı var idi. Mesopotamiya memarlığına xas olan ziqqurat 3, 5, 7 mərtəbədən ibarət olan pilləli məbədlər idi. Ziqquratın yuxarı pilləsində kiçik ibadətgah yerləşirdi. Bu məkandan səma cisimlərini müşahidə etmək üçün kiçik rəsədxana kimi də istifadə edilirdi. Zaman keçdikcə memarlar daha əzəmətli və gözəl məbədlər inşa etməyə başladılar. Qeyd edək ki, inşaat işlərində ilk dəfə çiy kərpicdən də məhz burada istifadə olunurdu.

Təpələr üzərində tikilən məbədlərin divarları müxtəlif təsvirlərlə bəzədilir, daş və mərmərdən kiçik heykəlciklər yonulurdu. Bununla yanaşı, Mesopotamiyada zərgərlik, silahqayırma və başqa sənət sahələri də inkişaf etmişdi. Sənətkarlar müxtəlif daşlardan möhürlər hazırlayırdılar. Bu möhürlərin üzərində insan, heyvan şəkilləri təsvir edilirdi. Şumerdə dama oyununun ilkin nümunəsi olan oyun lövhəsi də yaradılmışdı.

Tarixdə ilk dəfə mixi yazı sistemini, təkər-nəqliyyat, tunc alətlər, rəngli şüşə, altmışlıq hesablama sistemi (indiki dövrdə də istifadə olunur) astronomiya, riyaziyyat, həndəsə, məktəb, dərsliklər, ilin dəqiq ölçülməsi, aylara bölünməsi, məhkəmə sistemi, gəmiqayırma və digər elmi-texniki, iqtisadi yenilikləri şumerlər yaratmışlar. Qeyd edək ki, dünyanın Babil-Aşşur mədəniyyəti kimi tanıdığı elmi nailiyyətlərin arxasında məhz şumerlərin dayandığı sonralar məlum olmuşdur.

Şumer şəhərləri arasında şiddətli çəkişmələr və savaşlar baş verirdi. Bir-birinin ardınca, əvvəlcə Kiş, sonra Uruk, daha sonra isə Ur şəhərlərinin siyasi, iqtisadi və hərbi nüfuzu artmış, ancaq sonra onlar çökmüşdülər. E.ə. XXVIII-XXVII əsrlərdə Uruk şəhərinin güclənmiş hökmdarı Gilqameş Şumerin böyük ərazisinə nəzarət edirdi. Gilqameş Urukun ən qüdrətli əfsanəvi hökmdarı olmuşdur. Təxminən yüz ildən sonra Laqaş şəhərinin hökmdarı Eannatum Şumer ərazisinin əksəriyyətini öz hakimiyyətinə tabe etmişdi. Ancaq ardı-arası kəsilməyən savaşlar və daxili çəkişmələr şumerliləri zəiflətmiş və sonda onlar Akkad dövləti tərəfindən istila edilmişdir. Lakin bundan sonra da bəzi şumer şəhərləri müstəqil olmuşdur. Məsələn, e.ə. XXII yüzillikdə Laqaş və Ur şəhərləri yenə də böyük nüfuz qazanmışdır. Ancaq bundan sonra şumer mədəniyyəti və xalqı tarixi səhnədən silinib getdi, əzəmətli şəhərləri isə xarabalıqlara çevrildi. Buna baxmayaraq, onların bütün sahələrdə olan nailiyyətləri gələcək tarixə, dünya mədəniyyətinə və elminə böyük təsir göstərmişdir. Hesab olunur ki, şumerlərin əksəriyyəti akkadlarla qarışmış, onların dili də ortalıqdan çıxmışdır.

Şumer hökmdarları döyüşkən samiləri (Ərəbistan yarımadasında yaşamış müasir ərəb və yəhudi xalqlarının əcdadları) sıraları seyrəlmiş ordularına getdikcə daha çox cəlb edirdilər. Sami döyüşçülərindən biri Sarqon e.ə. XXIV əsrdə Uruk hökmdarını öldürərək hakimiyyəti ələ keçirdi. Sarqon (Şarrukin) Akkad şəhərini öz dövlətinin paytaxtı elan edib, iqamətgahını buraya köçürdü. Sami tayfalarından güclü ordu yaradan Sarqon zəifləmiş Şumer dövlətlərini bir-birinin ardınca məğlub edərək, İkiçayarasını ilk dəfə vahid dövlətdə birləşdirdi.

Təxminən 2000 il müddətində mövcud olan şumerlər hücumlardan zəifləyib kiçik parçalara ayrılaraq tarix səhnəsindən tədricən silinməyə başladılar. Yeri gəlmişkən qeyd edək ki, bəzi tədqiqatlarda şumerlərin zəifləməsinin səbəbi torpaqlarının şoranlaşması ilə kənd təsərrüfatı məhsullarının get-gedə azalması və yaxud ərazidə baş verən təbii fəlakətlərlə də əlaqələndirilir.

Zəngin mədəniyyət, dil, ədəbiyyat, elm və sənətə malik olan şumerlər tədricən məhv olsalar da, onların tarix səhnəsindəki hərəkət trayektoriyası bəşəriyyətin təkamülünə səbəb olmaqla dünya düzəninin dəyişməsində böyük rol oynadı.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".