IDMAN: Daim zirvələrdə
İdman

IDMAN: Daim zirvələrdə

Beynəlxalq qrossmeysterimiz şahmat festivalının qalibi olub

Milli şahmatçımız beynəlxalq qrossmeyster Günay Məmmədzadə Polşada Lex Kaçinskinin xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat festivalında uğurla çıxış edib.

 Dairəvi sistem üzrə keçirilən yarışda təmsilçimiz dünyanın reytinqli qadın şahmatçılarından üstün olaraq turnirdə birinci yerə layiq görülüb.

 

Teymur Rəcəbov iddiaçılar turnirində üçüncü yeri tutub

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirinin qalib və mükafatçıları müəyyənləşib.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 7,5 xalla üçüncü yeri qazanıb. Yarışın qalibi 9,5 xalla Yan Nepomnyaşi (FIDE) olub. İkinci yerdə isə 8 xalla çinli Liren Dinq qərarlaşıb.

Mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilib.

 

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib

Kikboksinq üzrə gənclər, yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən oğlanların yarışı rinqdə, qızların turniri isə tatamidə baş tutub.

Yekun nəticələrə görə, ən çox medal qazanan DİN İdman Cəmiyyətinin komandası 9 qızıl, 2 gümüş, 12 bürünc medalla ümumi hesabda birinci olub.

ZV Döyüş Akademiyası 9 qızıl, 3 gümüş, 1 bürünc medal qazanaraq ikinci, "Abşeron" yığması 2 qızıl, 5 gümüş, 2 bürünc medalla üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, bu yarışda fərqlənənlər sentyabrın 30-dan oktyabrın 9-dək İtaliyada uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

 

Cüdo üzrə milli komandamız turniri uğurla başa vurub

Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət milli komandası Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən açıq Avropa turnirini birinci yerdə başa vurub.

Komandamız yarışda 3 qızıl, 3 bürünc medal qazanaraq ümumi hesabda birinci pillədə qərarlaşıb. Qızıl medalları yığmamızın aktivinə Nazir Talıbov (60 kq), Telman Vəliyev (73 kq), Murad Fətiyev (90 kq) yazdırıblar. Tatami ustalarımız Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) isə bürünc medala yiyələniblər.

Yarışda Azərbaycan 14 kişi və 3 qadın olmaqla 17 cüdoçu ilə təmsil olunub. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".