İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Badmintonçularımız  "Croatia Open-2022" turnirində

Badmintonçularımız Xorvatiyanın Dubrovnik şəhərində keçirilən "Future" seriyalı "Croatia Open-2022" turnirində çıxış ediblər.

Badmintonçuların şəxsi yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Aqil Qəbilov ilk görüşündə rəqibinə 2:0 hesabı ilə qalib gəlib. İkinci görüşündə İngiltərə badmintonçusuna 0:2 hesabı ilə uduzub.

Təsnifat mərhələsində keçirdiyi ilk görüşdə Cahid Əlhəsənov qalib gəlsə də, növbəti mərhələdə 0:2 hesabı ilə məğlub olub.

Qadın badmintonçuların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan Era Maftuha turnirin səkkizdəbir finalına yüksəlmək uğrunda keçirilən görüşdə Thi AnhThuya (Vyetnam) 0:2 hesabı ilə uduzub.

Kişi badmintonçuların qoşa yarışında Cahid Əlhəsənov-Amri Khadafi tandemi fransalı Nikolas Hoareau-Aymerik Tores qoşasına 0:2 hesabı ilə məğlub olub.

 

Azərbaycan millisi beynəlxalq  yarışın qalibi olub

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinin ikinci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb.

Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu olan Macarıstan təmsilçisinə 5:1 hesabı ilə qalib gəlib. Güləşçimiz dörddəbir finalda rəqibini üstələyib. Ülvü Qənizadə yarımfinalda norveçli rəqibini 3:1 hesabı ilə məğlub edib. Ayağından zədələndiyi üçün həlledici görüşdə iştirak etməyən Ülvü Qənizadə gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yerə layiq görülüb.

 

Cüdo üzrə komandamız  Avropa birinciliyində  8 medal qazanıb

Xorvatiyada keçirilən cüdo üzrə Avropa birinciliyinin ikinci günündə qızlar arasında Fidan Əlizadə (57 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb. Nicat Nağıyev, Əbil Yusubov (66 kq), Əli Hacızadə (73 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal əldə etmişlər. Qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırmışlar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov isə (50 kq) bürünc medala sahib olmuşdur.

İki günün nəticələrinə görə komandamız 3 qızıl, 1 gümüş 4 bürünc medal qazanıb.

 

Rumıniyada  7 boksçumuz  finala yüksəlib

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

Bu mərhələdə Azərbaycan millisinin 7 idmançısı mübarizə aparıb və hər biri rinqdən qələbə ilə ayrılaraq finala yüksəlib.

Qeyd edək ki, 12 ölkədən 200-dən artıq idmançının qatıldığı yarışda boksçularımız final döyüşlərində iştirak edəcəklər.

Nərgiz İSMAYILOVA,

"Respublika".