DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BMT-NIN BAŞ KATİBİNDƏN QLOBAL ƏRZAQ QITLIĞI BARƏDƏ XƏBƏRDARLIQ

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş qlobal ərzaq qıtlığı barədə xəbərdarlıq edib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

BMT-nin baş katibi milyonlarla insanın ölümünə səbəb ola biləcək ərzaq qıtlığının başlıca səbəbləri kimi iqlim dəyişikliyi və koronavirus pandemiyasını göstərərək, Ukraynadakı müharibəni də bura şamil edib.

Eyni zamanda, Antonio Quterreş 2022-ci ildə bir çox regionlarda aclığın elan olunacağını və 2023-cü ilin daha pis ola biləcəyini vurğulayıb.

Antonio Quterreş fikirlərini belə yekunlaşdırıb: “Heç bir ölkə belə bir fəlakətin sosial və iqtisadi nəticələrindən sığortalanmayacaq”.

 

İSPANİYA NATO-NUN TARİXİ SAMMİTİNƏ EV SAHİBLİYİ EDƏCƏK

İspaniyanın NATO-ya qəbul olmasının 40-cı ildönümü ərəfəsində - iyunun 29-30-da Madriddə Şimali Atlantika Alyansının tarixi sammiti keçiriləcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, Madrid tarixdə ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Məlumata əsasən, sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də Alyansın digər əsas tərəfdaşları bir araya gələcəklər.

Eyni zamanda, sammitdə ABŞ prezidenti Cozef Baydenin iştirakı da gözlənilir. Həmçinin Ukrayna prezidenti Volodimir Zelenski sammit iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək.

NATO müttəfiqləri ən aktual təhlükəsizlik məsələlərini, o cümlədən Ukraynada hərbi əməliyyatları, NATO-nun yeni Strateji Konsepsiyasına dəstəyi müzakirə edəcəklər.

 

NORVEÇDƏ İNSANLARA ATƏŞ AÇAN ŞƏXSİN KİMLİYİ MƏLUM OLUB

Osloda gecə klubunda atəş açaraq 2 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi məlum olub. “APA”nın verdiyi xəbərə görə, bu barədə Oslo polisi məlumat yayıb.

Bildirilir ki, atəş açan şəxs 42 yaşlı İran əsilli Norveç vətəndaşıdır. Hücumun səbəb bəlli olmasa da, iyunun 25-də Osloda keçiriləcək parad terror təhlükəsi ilə əlaqədar ləğv edilib.

Polis rəsmisi Kristian Hatlo hədəf alınan insanların sayına əsaslanaraq, şəxsin qətl, öldürməyə cəhd və terrorizmdə şübhəli bilinərək saxlanıldığını bəyan edib.

“Bizim qənaətimiz ondan ibarətdir ki, şübhəlinin əhalidə ciddi qorxu yaratmaq istədiyini düşünmək üçün əsaslar var”, - deyə K.Hatlo bildirib. O həmçinin şübhəlinin psixi sağlamlığının da araşdırıldığını diqqətə çatdırıb.

 

NÜMAYƏNDƏLƏR PALATASI SİLAHLARA NƏZARƏTLƏ BAĞLI QANUNU TƏSDİQLƏYİB

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə odlu silahların dövriyyəsinə nəzarəti gücləndirən qanun layihəsini qəbul edib. “APA”nın məlumata görə, beləliklə, Konqresin Senatı tərəfindən təsdiqlənən bu sənəd indi onu imzalamağı planlaşdıran prezident Cozef Baydenə verilir.

Bildirilir ki, Konqresin aşağı palatasında səsvermə zamanı 234 nəfər sənədin lehinə, 194-ü əleyhinə səs verib. Yuxarı palatada isə 65 nəfər qanun layihəsini dəstəkləyib.

Hakimiyyətin fikrincə, sözügedən qanun layihəsi özləri və başqaları üçün təhlükə yaradan şəxslərdən odlu silahların müvəqqəti müsadirə edilməsi üçün ştatlara qrantlar nəzərdə tutur.

Bununla yanaşı, qanun layihəsi məişət zorakılığı cinayətlərinə görə məhkum olunmuş şəxslərə ən azı beş il müddətində odlu silah əldə etməyi qadağan edir. Lakin vətəndaş bu müddətdən sonra heç bir zorakılıq hərəkəti etmədikdə, bu hüquq bərpa edilməlidir.

 

GÜRCÜSTANDA MƏHKƏMƏ HÖKUMƏTİN PREZİDENTƏ QARŞI İDDİASINI QƏBUL EDİB

Gürcüstanın Konstitusiya Məhkəməsi “Gürcüstan hökuməti Gürcüstan prezidentinə qarşı” iddiasına baxacaq. “Report” agentliyinin xəbərinə görə, konstitusiya iddiasına məhkəmənin plenumunda baxılması məqsədəuyğun hesab edilib.

Eyni zamanda, məhkəmənin qərarında bildirilib ki, Gürcüstan hökuməti iyunun 10-da konstitusiya şikayəti təqdim edib. İddiada səfirlərin və diplomatik missiyaların rəhbərlərinin təyinatı və vəzifədən azad edilməsi ilə bağlı hökumət və Gürcüstan prezidenti arasında səlahiyyətlərin bölünməsi tələb olunur.

Gürcüstan hökuməti bildirib ki, Konstitusiya Gürcüstan prezidentinə ölkənin daxili və ya xarici siyasətinin həyata keçirilməsində iştirak etmək səlahiyyətini vermir. Bu müstəsna səlahiyyət Gürcüstan hökumətinə məxsusdur.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinə müraciətin səbəbi prezidentin hökumətin təqdimatı ilə bir sıra ölkələrə səfir təyinatından imtina etməsi olub.

 

RUMINİYA TAXIL İXRACINDA UKRAYNAYA DƏSTƏK VERƏCƏK

Rumıniya Ukrayna taxılının öz ərazisindən daşınmasını artırmaq və qlobal ərzaq təhlükəsini azaltmaq üçün addımlar atır. “APA”nın xəbərinə görə, bunu Berlində qida təhlükəsizliyi üzrə beynəlxalq konfransda Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.

Baş diplomatın sözlərinə görə, Rumıniya dünyadakı ərzaq böhranının qarşısını almaq üçün birbaşa dəstək göstərərək milli mexanizmlərdən istifadə edəcək. Bu ölkə Ukrayna taxılını dəmir yolu, avtomobil yolu, dəniz və Dunay çayı boyunca qəbul edir.

“Müharibə başlayandan Qara dənizdə ən böyük liman olan Konstantsu Ukrayna taxılının dünyanın digər hissələrinə göndərilməsi üçün əsas qapıya çevrilib. Biz Konstantsunu Avropa səviyyəsində qida mərkəzinə çevirmək onun yükdaşıma qabiliyyətini artırmaq üçün çalışırıq”, - deyə B.Auresku vurğulayıb.

Bununla yanaşı, nazir ötən il limandan rekord həddə - 25 milyon tondan çox taxıl keçdiyini bildirib.

 

AVROPA QAZ ANBARLARINI NOYABR AYINA QƏDƏR DOLDURMAĞI HƏDƏFLƏYİB

Avropa Parlamenti Avropa İttifaqının (Aİ) qaz anbarlarının qışa qədər doldurulması planlarını təsdiqləyib. Həmin planlar noyabrın 1-dək saxlanma səviyyəsinin ən azı 80 faizini nəzərdə tutur. “Trend”in məlumatına görə, bu barədə Avropa Parlamentinin plenar iclasında qəbul edilən yeni reqlamentlə bağlı press-relizdə bildirilib.

“Üzv-dövlətlər və operatorlar 85 faizi hədəfləməlidirlər. Önümüzdəki illərdə avropalıları potensial təchizatda fasilələrdən qorumaq üçün hədəf 90 faiz olacaq”, - deyə açıqlamada qeyd olunub.

Eyni zamanda, iclas zamanı Aİ ölkələrinin qaz təchizatı mənbələrini şaxələndirmək və enerji səmərəliliyi tədbirlərini gücləndirmək ehtiyacının vacibliyi qeyd olunub.

 

YUNANISTAN RUSİYALILARA VİZA VERİLMƏSİNİ DAYANDIRIB

Yunanıstanın Rusiyadakı viza mərkəzi ölkə vətəndaşlarından viza üçün sənəd qəbulunu müvəqqəti dayandırıb. “Report”un məlumatına görə, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasının açıqlamasında qeyd olunur.

Viza mərkəzində bunun sistemin yenilənməsi ilə əlaqəli texniki səbəblərdən qaynaqlandığı bildirilsə də, sənəd qəbulunun nə vaxt bərpa ediləcəyi barədə məlumat verilməyib.

Bununla yanaşı, 2022-ci il iyunun 27-dən etibarən Yunanıstanın Moskva, Novorossiysk və Sankt-Peterburq şəhərlərindəki konsulluqlarının fəaliyyətinin dayandırılacağı bildirilir. Viza mərkəzləri isə vətəndaşlara məsləhət xidmətləri göstərməkdə və turistlərə pasportlar verməkdə davam edəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.