DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİ QƏRBİN RUSİYAYA QARŞI SANKSİYALARINI TƏNQİD EDİB

Çin lideri Si Cinpin “BRİKS” liderlərinin zirvə görüşündən öncə Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyalarını ciddi tənqid edib. “Teleqraf.com”un xəbərinə görə, Çin lideri hegemonluğa can atmağın, eləcə də bloklar arasında qarşıdurmanın sülh və təhlükəsizliyə xidmət etmədiyini bəyan edib.

“Ukrayna böhranı dünyada hamı üçün yeni oyanış çağırışıdır. Bu, bizə xatırladır ki, güc mövqeyində olmaq, öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına təmin etməyə çalışmaq kimi kor inam təhlükəsizlik dilemması qarşısında qalmaqdan başqa heç bir nəticə verməyəcək”, - deyə Si Cinpin vurğulayıb.

Eyni zamanda, Çin lideri böyük və inkişaf etmiş ölkələrin iqtisadi siyasətlərində məsuliyyətli davranmaları, yürütdükləri siyasətlərin mənfi təsirlərinin və inkişaf etməkdə olan ölkələrə yüklədikləri ağır yükün fərqində olmalarının vacibliyini qeyd edib.

Si Cinpin deyib: “Dəfələrlə sübut olunub ki, sanksiya ikibaşlı qılıncdır və bu, “bumeranq effekti” ilə onu tətbiq edənlərə zərər verir. Qlobal iqtisadiyyatı siyasiləşdirmək, özlərinə təsir rıçaqları yaratmaq və silahlandırmaq üçün istifadə etməyə çalışanlar son nəticədə həm özlərinə, həm də başqalarına zərər verəcək və bütün dünyaya fəlakət gətirəcəklər”.

 

QARİBAŞVİLİ UKRAYNANIN VƏ MOLDOVANIN NAMİZƏD STATUSUNU HƏVƏSLƏNDİRİCİ HƏDİYYƏ AdlandırIB

“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili brifinq zamanı bildirib.

Bununla yanaşı, baş nazir hər iki ölkəni namizəd statusu alması münasibətilə təbrik edib. O deyib: “Ukrayna və Moldovaya uğurlar, hər iki xalqa tərəqqi və sülh arzulayıram. Ukrayna ən ağır müharibə şəraitindədir, Moldova da çətin vəziyyətdədir. Biz onlara paxıllıq etmirik. Əksinə, onları bir daha təbrik etmək və uğurlar arzulamaq istəyirəm”.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan hökuməti namizəd statusunu tez bir zamanda əldə etmək üçün Aİ-nin müəyyən etdiyi bütün şərtləri vaxtında yerinə yetirmək üçün səfərbər olunub.

İrakli Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın Avropa perspektivi layiqincə qiymətləndirilib: “Hazırda Gürcüstanın bütün şərtləri ən qısa müddətdə yerinə yetirməsi üçün əlavə motivasiyası var”.

 

RUSİYA XİN RƏSMİSİNDƏN YUNANISTANLA BAĞLI XƏBƏRDARLIQ

“Yunanıstan artıq rusiyalı turistlər üçün təhlükəsiz ölkə deyil”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Yuri Pilipson qeyd edib.

Eyni zamanda, Rusiya XİN-ə Yunanıstanda ruslara qarşı ayrı-seçkilik və hücumlarla bağlı mesajlar daxil olduğunu bildirən departament rəhbəri yunan rəsmilərindən ölkəsi əleyhinə açıqlamalar verildiyinə və yerli mətbuatda Ukrayna hadisələri ilə bağlı dezinformasiyalar yayıldığına diqqət çəkib.

Yuri Pilipson həmçinin Rusiyanın Afinadakı səfirliyi və Saloniki baş konsulluğuna da ruslardan hüquqlarının pozulduğuna dair şikayətlər daxil olduğunu iddia edib.

Bununla yanaşı, XİN rəsmisi əlavə edib ki, Rusiyanın Yunanıstandakı diplomatik personalının sayının azaldılması ilə əlaqədar diplomatik nümayəndəliklərin imkanları da ciddi şəkildə məhdudlaşdırılıb.

 

ARAŞDIRMA: VAKSİN MİLYONLARLA İNSANIN HƏYATINI XİLAS EDİB

Koronavirus əleyhinə vaksinlər 20 milyonadək insanın həyatda qalmasına səbəb olub. “APA”nın xəbərinə görə, bu barədə “The Lancet” jurnalında dərc olunmuş elmi məqalədə bildirilir.

Məqalədə qeyd edilir ki, araşdırma 185 ölkədə 8 dekabr 2021-ci ilədək olan dövrü əhatə edib. Müəlliflər “COVID-19”dan birbaşa və dolayı ölümləri təhlil edərək müəyyən nəticəyə gəliblər. Həmçinin tədqiqat zamanı ölkələrin çoxillik statistikası da tutuşdurulub.

Bununla yanaşı, məlumata əsasən, məqalə müəllifləri siyahıya Çini daxil etməyiblər. Buna səbəb əhalinin çoxluğu ilə yanaşı, karantin tədbirlərinin sərtliyi olub.

 

ZELENSKİ UKRAYNA ORDUSUNDA İSLAHATLAR APARMAQ NIYYƏTINDƏDIR

Ukrayna ordusunda islahatlar həyata keçiriləcək. “Report” agentliyinin Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Dövlət başçısı İsraildə qəbul edilmiş sistemə əsasən, hərbi xidmətə yanaşmanın dəyişdirilməsini istisna etməyib.

“Bu, Ukrayna Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyinin bazası əsasında hazırladığımız təhlükəsizlik islahatında nəzərdə tutulan modellərdən biridir. Belə bir model var, bu modeli mütləq nəzərdən keçirəcəyik, ictimaiyyətlə müzakirə edəcəyik”, - deyə Ukrayna lideri vurğulayıb.

Eyni zamanda, Zelenski qeyd edib ki, işə qəbul sistemi və hərbi qulluqçuların minimum sayının hesablanması artıq əvvəlki kimi olmayacaq və tələbələr üçün də yanaşma dəyişəcək.

Bununla yanaşı, Ukrayna prezidenti “İsrail modelinə” görə dəyişikliklərin qadınların hərbi xidmətə cəlb olunmasını nəzərdə tutub-tutmadığına toxunmayıb.

 

ALMANIYA KANSLERINDƏN BALKAN ÖLKƏLƏRİ İLƏ BAĞLI AÇIQLAMA

Almaniya kansleri Olaf Şolts altı Qərbi Balkan ölkəsinin Avropa İttifaqına tamhüquqlu üzvlük ehtimalını dəstəkləyəcəyini bildirib. “TRT” telekanalının məlumatına görə, bu barədə Olaf Şolts Belçikanın paytaxtı Brüsseldə bəyanatla çıxış edib.

Kansler Avropa İttifaqına üzv olmaq istəyən altı Balkan ölkəsinin bu istiqamətdə sürətlə irəlilədiyini və bu səbəbdən Almaniyanın bu ölkələri dəstəkləyə biləcəyini vurğulayıb.

“Bu, uzunmüddətli bir yoldur. Buna görə də, bu bölgədə yaşayan vətəndaşların və ölkələrin son illərdə göstərdiyi səylər nəzərə alınmalıdır. Biz bunun tərəfdarıyıq. Altı  Qərbi Balkan ölkəsinin Avropa İttifaqına tam hüquqlu üzvlük ehtimalını dəstəkləmək məsələsində qətiyyətliyik.  Bu ölkələr bu mövzuda Almaniyaya etibar edə bilər”, - deyə Almaniya kansleri vurğulayıb.

Eyni zamanda, Olaf Şolts Avropa İttifaqına üzv 27 ölkənin Moldova və Ukraynaya “Avropa İttifaqına namizədlik statusu” verməsini dəstəkləməsini böyük addım kimi qiymətləndirib.

Məlumat üçün qeyd edək ki, Şimali Makedoniya, Monteneqro, Serbiya, Albaniya, Kosovo və Bosniya və Herseqovina  uzun müddətdir ki, Aİ-nin tamhüquqlu üzvü olmağa çalışır.

 

QIRMIZI QAR ELM ADAMLARINI HƏRƏKƏTƏ GƏTIRDI

Fransanın Alp dağlarında qar örtüyü qırmızı rəngə çevrilib. Hazırda elm adamları dağdakı bu dəyişikliyin səbəbini araşdırırlar. Qarın əriməsini sürətləndirən bu durumun iqlim dəyişikliyindən qaynaqlandığı düşünülür. “Teleqraf.com”un verdiyi xəbərə görə, alimlər dəniz səviyyəsindən 2500 metr yüksəklikdə görünən qırmızı qar nümunələrini araşdırırlar.

Məlumata görə, “qar qanı” adlandırılan nəsnənin yosunlardan qaynaqlandığı ehtimal edilir. Mikroyosunlar normalda yaşıl rəngdə olsalar da, günəş şüalarına məruz qaldıqları üçün qırmızıya çevrilə biləcəyi də ehtimal edilir. Həmçinin yosunların qarın əriməsini sürətləndirdiyi də bildirilir.

Alimlər yosunların artmasının iqlim dəyişikliyi ilə bağlı ola biləcəyi qənaətindədirlər. Mütəxəssislər qeyd edirlər ki, karbon qazının səviyyəsi artdıqda qarın qırmızıya çevrilməsi halları da artır.

Qeyd edilir ki, yosunların yayılması genişlənərsə, bütün dünyada qar və buzlaqların əriməsi sürətlənə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.