Dilqəm Nağıyev
Sosial həyat

Dilqəm Nağıyev

Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız uzun illər keçsə də, tez-tez xatırlanır və gələcək nəsillər üçün nümunəyə çevrilirlər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim mübarizəsinə qalxdı. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Nağıyev Dilqəm Heydər oğlunun da xalqımız qarşısında göstərdiyi igidliklər heç vaxt unudulmayacaq.

Nağıyev Dilqəm Heydər oğlu 1975-ci il iyunun 24-də Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı Mingəçevir şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik çilingəri peşəsinə yiyələnmişdir.

1993-cü il avqustun 7-də Milli Ordu sıralarına çağırılan Dilqəm Vətənin müdafiəsinə yollanır. Bakıdakı hərbi hissələrin birində hərbi təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilir. Dilqəmin ilk döyüş yolu da buradan başlayır. O, Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük şücaət göstərir. Komandirləri Dilqəmin döyüş rəşadətini yüksək qiymətləndirirdilər. Elə buna görə də qısa bir vaxtda ona çavuş rütbəsi verilir. O, daim öz üzərində çalışır, silahlardan istifadə etmək qaydasını inadla öyrənirdi. Bu da onun döyüşlərdə uğur qazanmasına kömək edirdi. Ölkəmizin hər bir ərazisi Dilqəm üçün doğma, əziz idi. Silahdaşlarını dözümlü, cəsarətli olmağa ürəkləndirərdi. Onun qanında, varlığında düşmənə nifrət, kin vardı.

Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı. Həmin gün Dilqəm də öz vətəndaşlıq borcunu yerinə yetirirdi.

1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında Dilqəmin xidmətləri az olmamışdır. 15 mart 1995-ci ildə ikinci dəfə dövlət çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında əsgərlərlə birlikdə qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərən Dilqəm Nağıyev qarşı tərəfdən açılan atəş nəticəsində həlak olur. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir. 9 saylı Mingəçevir şəhər orta məktəbi qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

M.MİRZƏ,

"Respublika".