DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ VƏ SƏUDİYYƏ MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Rəsmi Ankara və Ər-Riyad ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmində olduqlarını vurğulayıblar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ankarada keçirilən danışıqların yekunu üzrə imzalanmış birgə bəyannamədə qeyd olunur.

Bununla yanaşı, sənədə əsasən, tərəflər regionun gələcəyinə töhfə vermək üçün tarixi qardaşlığa əsaslanan əməkdaşlığı inkişaf etdirmək və davam etdirmək əzmində olduqlarını vurğulayıblar.

Eyni zamanda, danışıqlar zamanı tərəflər, ticarətin asanlaşdırılması, investisiya imkanlarının araşdırılması və onların konkret tərəfdaşlığa çevrilməsi məqsədilə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Verilən xəbərə görə, Səudiyyə Ərəbistanı Ər-Riyadın “EXPO-2030” sərgisinə ev sahibliyi etmək namizədliyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edib.

 

OLAF ŞOLTS: UKRAYNADA “MARŞAL PLANI”NA EHTİYAC VAR

“Ukraynanın bərpası üçün “Marşal planı”na ehtiyac var”. “Report” agentliyinin məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı bəyan edib.

Verilən xəbərə əsasən, almaniyalı kansler Ukraynanın bərpası üçün böyük maliyyə sərmayələrinə ehtiyac olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, Olaf Şolts vurğulayıb ki, lazım olan yardımın həcmini və onun təmin edilməsinin prioritetini qiymətləndirmək üçün beynəlxalq ekspertlər təşkilatı yaradılmalıdır.

Bu ərəfədə Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynanın bərpasına maliyyə yardımı etməyə başladığını söyləyib. Makron, həmçinin əlavə edib ki, hərbi cinayətlərin araşdırılması çərçivəsində fransalı ekspertlər, jandarmlar və hüquqşünaslar Ukrayna hakimiyyətinə yardım göstərir.

 

AVROPADA ENERJİ BÖHRANI GENİŞ MIQYAS ALIR

Ukrayna və Rusiya arasında müharibədən sonra Avropada enerji böhranı genişlənməyə davam etdiyi vaxtda məsələ ilə əlaqədar növbəti açıqlama Çexiyadan gəlib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Çexiya hökumətinin enerji təhlükəsizliyi üzrə rəsmisi Vatslav Bartuşka bildirib.

“1973-cü ildəki neft şokunu yenidən yaşayırıq. Əgər bu qış qaz tədarükü dayanarsa, vətəndaşlarımızı isitmək və elektrik enerjisi ilə təmin etmək üçün hər şeyi yandıracağıq”, - deyə hökumət rəsmisi vurğulayıb.

Vatslav Bartuşkanın sözlərinə görə, Avropa ölkələri maye qaz tədarükçüləri ilə uzunmüddətli müqavilələr bağlayacağı təqdirdə, istilik mövsümünə qədər Avropa İttifaqına qazın verilməsi mümkündür.

Çexiya hökumətinin enerji təhlükəsizliyi üzrə rəsmisi bildirib ki, Avropa Komissiyası əvvəllər bu anlaşmanı imzalamaqdan çəkinirdi, lakin indi vəziyyət dəyişib.

 

İRAQ HÖKUMƏTI İRANA SU SİYASƏTİ İLƏ BAĞLI NOTA VERİB

“İraq İranın su siyasətinə görə rəsmi Tehrana nota verib”. “Report” agentliyinin məlumatına görə, bu barədə İraqın su ehtiyatları naziri Mehdi Raşid bəyan edib.

Nazirin sözlərinə görə, İranın Dəclə çayına axan və elektrik enerjisi istehsalı, həmçinin suvarma baxımından İraq üçün mühüm əhəmiyyət kəsb edən Kiçik Zab çayı üzərində bəndlər tikməsi ölkənin su təhlükəsizliyinə ciddi şəkildə təhdid yaradır. “İran ərazisindən başlayan Kiçik Zab və onun qollarının su ehtiyatlarından qeyri-məhdud şəkildə istifadə Dəclə çayının İraqa axınını azaldır. Beləliklə, Tehranın qonşularının maraqlarını nəzərə almadan həyata keçirdiyi su siyasəti onlar arasında gərginliyin artmasına səbəb olur”, - deyə Mehdi Raşid vurğulayıb.

Eyni zamanda, nazir əlavə edib ki, İraqın ən böyük su elektrik stansiyalarından biri Kiçik Zab çayı üzərində yerləşdiyi üçün su axınının azalması ölkənin elektrik enerjisi istehsalına təsir edir.

 

COZEF BAYDENDƏN BENZİN İSTEHSALÇILARINA ÇAĞIRIŞ

ABŞ prezidenti Cozef Bayden istehsalçıları və tədarükçüləri benzinin qiymətini aşağı salmağa çağırıb. “Report” agentliyinin məlumatına görə, bu barədə Amerika lideri jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

“Yanacaq şirkətlərinə çox sadə bir mesaj göndərirəm: qiymətləri endirin, bunu indi, bu gün edin. Sizin istehlakçılar, Amerika vətəndaşları özlərini daha yaxşı hiss etməlidirlər”, - deyə Cozef Bayden vurğulayıb.

Bununla yanaşı, “The Financial Times” nəşri yazır ki, ABŞ-da benzin qiymətləri rekord səviyyəyə yaxındır ki, bu da inflyasiyanı yüksək səviyyədə saxlayır və Cozef Bayden üçün siyasi məsələyə çevrilib.

Bildirilir ki, Cozef Baydenin ABŞ-ın neft şirkətlərinə qarşı ritorikası son həftələrdə olduqca sərt olub. Keçən həftə o, Ukraynadakı vəziyyətlə əlaqədar benzini bahalaşdıran neft şirkətləri üçün bu qədər yüksək gəlirlərin qəbuledilməz olduğunu söyləyib.

 

TÜRKİYƏDƏ MEŞƏ YANĞINLARI İLƏ MÜBARİZƏ DAVAM EDİR

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda artıq bir neçə gündür  hökm sürən meşə yanğınları davam edir. “APA”nın yerli bürosu xəbər verir ki, Muğlanın Marmaris rayonunda meydana gələn və 400 hektardan çox sahəni əhatə edən meşə yanğını ikinci günüdə 5 ayrı istiqamətdə irəliləyir.

Məlumata əsasən, yanğının söndürülməsinə 45 helikopter, 14 təyyarə, 253 yanğınsöndürən maşın, 26 su tankeri, 2600-dən çox meşə mühafizəsi xidmətinin əməkdaşı və müxtəlif təşkilatlara məxsus 600-ə yaxın texnika cəlb olunub.

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, Quru Qoşunlarına aid helikopterlerlə Marmarisdə davam edən yanğının söndürülməsinə dəstək verilir.

Eyni zamanda, Türkiyənin meşə və kənd təsərrüfatı naziri Vahit Kirişci qeyd edib ki, havanın temperaturunun normadan yüksək olması və sərt külək yanğının canlanmasına səbəb olub.

Həmçinin bölgəyə gələn daxili işlər naziri Suleyman Soylu bəyan edib ki, ilk dəfə olaraq Türk Silahlı Qüvvələrinə aid və eyni anda 10 tona qədər su daşımağa qadir olan “CH-47 Chinook” tipli helikopter yanğınları söndürməyə cəlb edilib.

 

KANADADA İNFLYASİYA 40 İLLİK REKORDU YENİLƏYİB

Kanadada illik inflyasiya aprel ayındakı 6,8 faizdən 2022-ci ilin may ayında 7,7 faizə çatıb. “Trend” agentliyinin xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu göstərici ölkənin statistika bürosunun məlumatında öz əksini tapır.

Verilən xəbərə əsasən, qiymət artımı tempi 1983-cü ildən bəri ən yüksək həddə çatıb.

Bununla yanaşı, aylıq və illik artım tempi  müvafiq olaraq 12 və 48 faizə bərabər olan benzinin qiymətləri nəzərə alınmasa, istehlak qiymətləri aprel ayında 5,8 faiz artdıqdan sonra may ayında daha 6,3 faiz artıb.

Eyni zamanda, ərzaq və elektrik enerjisi qiymətləri nəzərə alınmasa inflyasiya 30 illik rekordu 5,2 faizlə yeniləyib.

Məlumata görə, ən əhəmiyyətli artım “elektrik enerjisi” kateqoriyasında qeydə alınıb - 2021-ci ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.