DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RUSİYA VƏ TÜRKİYƏ ARASINDA UKRAYNADAN TAXILIN IXRACI MÜZAKİRƏ OLUNUB

Rusiya ilə Türkiyə hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və gəmilərin təhlükəsiz yola salınmasına dair məsləhətləşmələri davam etdirmək barədə razılığa gəlib. “Report”un xəbərinə görə, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilir ki, nümayəndə heyətləri arasında Moskvada keçirilən danışıqlar nəticəsində əldə edilən razılığa əsasən, taxılla yüklü gəmilər Ukraynadan yola salınacaq.

Rusiya Müdafiə Nazirliyindən isə bildirilib ki, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçirilən danışıqlarda taxıl yüklü gəmilərin Ukraynadan yola salınması ilə bağlı razılıq əldə olunub. Nazirliyinin bəyanatına əsasən, Rusiya və Türkiyə nümayəndə heyətləri həmçinin taxıl ixracı ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər.

Verilən xəbərə görə, Türkiyə və Rusiya generallarından ibarət hərbi heyətlər arasında “qırmızı diplomatiya xətti” çərçivəsində baş tutan görüş konstruktiv və müsbət atmosferdə keçib. Bu görüşün nəticəsi kimi Maldiv bayrağı altında üzən Türkiyənin “Azov Concord” yük gəmisi Rusiyanın nəzarətində olan Mariupulu tərk edən ilk xarici gəmi olub.

 

ƏFQANISTANDA GÜCLÜ ZƏLZƏLƏ NƏTICƏSINDƏ ÖLƏNLƏRİN SAYI 1000-I ÖTÜB

Əfqanıstanda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 1000 nəfəri keçib. “APA”nın xəbərinə görə, bu barədə Paktika vilayətinin informasiya və mədəniyyət departamentinin rəhbəri Məhəmməd Amin Huzayfa “CNN” telekanalına bildirib.

Ölkə rəsmisinin sözlərinə görə, təkcə Qayan və Barmal rayonlarında ölənlərin sayı 1000 nəfəri ötüb, ən azı 1500 nəfər isə yaralanıb. Qonşu Host vilayətində 25, Nanqarhar vilayətində isə 5 nəfər həlak olub.

Bununla yanaşı, axtarış-xilasetmə işlərinin davam etdiyi, insan itkilərinin artacağı istisna edilmir. Zəlzələnin baş verdiyi rayonlarda evlərdə və müxtəlif obyektlərdə ciddi dağıntıların baş verdiyi qeyd olunur.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabillə yanaşı, 500 kilometr radiusda yerləşən Hindistan və Pakistan ərazilərində hiss olunub.

ABŞ Geoloji Müşahidə Mərkəzinin açıqlamasına əsasən, 6,1 bal gücündəki zəlzələ insanların yatdığı ilkin saatlarda baş verib və episentri 51 kilometr dərinlikdə yerləşib.

 

FİNLANDİYALI GENERAL: RUSİYA HÜCUM EDƏRSƏ, DÖYÜŞƏ HAZIRIQ

“Finlandiya Rusiyanın mümkün hücumuna qarşı on illərdir hazılaşıb”. “Report” agentliyinin məlumatına görə, bunu Finlandiya müdafiə qüvvələrinin komandanı, general Timo Kivinen bildirib.

“Rusiya hücum edərsə, biz döyüşməyə hazırıq. Biz planlı şəkildə hərbi müdafiəmizi xüsusi olaraq Ukraynada aparılan döyüş əməliyyatlarına uyğun şəkildə qurmuşuq. Biz müdafiə qabiliyyətimizi zirehli texnikadan, aviasiyadan kütləvi şəkildə istifadə etməklə inkişaf etdirmişik”, - deyə general vurğulayıb.

Timo Kiviven həmçinin qeyd edib ki, ölkəsi əhəmiyyətli dərəcədə ehtiyata malikdir. “Lakin bu məsələdə finlərin motivasiyası həlledicidir. Hətta NATO-ya daxil olandan sonra da Finlandiyanın özünün müdafiəsi üçün əsas məsuliyyəti finlər daşıyacaq”, - deyə general əlavə edib.

Xatırladaq ki, NATO-ya üzv olmaq istəyi fonunda Rusiya bir neçə dəfə Finlandiyaya sərt bəyanatlar verib. Rusiya bu ölkəni, ilk növbədə, nüvə silahı ilə hədələyib.

 

JURNALİST NOBEL SÜLH MÜKAFATINI 103,5 MİLYON DOLLARA SATIB

Rusiyalı Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov Nobel medalını hərracda 103,5 milyon dollara satıb. “APA”nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda baş tutan auksionu təşkil etmiş “Heritage Auctions” şirkəti bəyanatında bildirib ki, əldə edilən gəlir “UNICEF”in Ukraynada qaçqın düşmüş uşaqlara humanitar yardıma sərf ediləcək.

Bununla yanaşı, ABŞ mediasının məlumatına görə, Dmitri Muratovun Nobel medalının auksion qiyməti rekord olub və bu vaxta qədər hərraca çıxarılmış istənilən Nobel medalından daha baha satılıb.

Məlumat üçün qeyd edək ki, 1991-ci ildə “Novaya Qazeta”nı təsis etmiş Dmitri Muratov 2021-ci ildə filippinli Maria Ressa ilə birlikdə Nobel Sülh Mükafatını qazanıb. “Novaya Qazeta” bu ilin martında fəaliyyətini Rusiyanın Ukraynada hərbi əməliyyatları başa çatanadək dayandırdığını açıqlayıb.

 

EMMANUEL MAKRON: TÜRKİYƏ  MÖVQEYİNİ AYDINLAŞDIRMALIDIR

Türkiyənin açıq mövqeyinə qarşı NATO ölkələri rəsmi Ankara ilə təmasları sıxlaşdıraraq İsveç və Finlandiyanı alyansa daxil etmək üçün böyük səylər göstərirlər. “Teleqraf.com”un xəbərinə görə, bu iki ölkənin NATO-ya üzvlüyünü dəstəkləyən Fransa prezidenti Emmanuel Makron Türkiyəni mövqeyindən çəkilməyə məcbur etməyə çalışaraq, Ankaranın ünvanına təkəbbürlü açıqlamalar verməkdə davam edir.

Məlumata əsasən, Fransa prezidenti belə açıqlamalardan birini NATO baş katibi Yens Stoltenberqlə görüşündə verib. Makron Türkiyədən İsveç və Finlandiyanın üzvlüyə qəbulu ilə bağlı mövqeyini aydınlaşdırmasını istəyəcəyini bildirib.

Yelisey sarayının açıqlamasında Emmanuel Makronun Ukrayna müharibəsindən sonra NATO-ya üzvlük üçün müraciət edən iki ölkəyə dəstəyini bir daha təkrarladığı qeyd olunur.

Məlumat üçün qeyd edək ki, Türkiyə PKK/YPG terror təşkilatına dəstək verdikləri əsasıyla Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesini bloklayıb.

 

RUSİYA XİN-I: LİTVAYA CAVABIMIZ DİPLOMATİK OLMAYACAQ

Litvadan keçməklə Kalininqrad vilayətinə malların tranzitinə qoyulan qadağaya Rusiyanın cavabı praktiki sahədə olacaq. “APA”nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı bəyan edib.

“Cavab tədbirlərinə gəlincə, onlar qurumlararası formatda hazırlanır. Onlar diplomatik deyil, praktiki müstəvidə olacaq”, - deyə rusiyalı diplomat vurğulayıb.

Bununla yanaşı, Zaxarova qeyd edib ki, Rusiya Litvaya və Avropa İttifaqına bu cür hərəkətlərin qəbuledilməz olduğunu və görülən tədbirlərin dəyişdirilməsi, eləcə də vəziyyətin hüquqi məcraya qaytarılmasının lazım olduğunu bildirib.

Mariya Zaxarova deyib: “Cavabın nə olacağı və nə vaxt veriləcəyi hələ də müzakirə olunur, bu həm də Vilnüsün tranzit qadağasını ləğv etməyə razı olub-olmamasından asılıdır”.

 

ALMANİYA QAZ TƏCHİZATI İLƏ ƏLAQƏDAR FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDƏCƏK

Almaniya hökuməti iyulun 8-də  qaz təchizatında yaranmış gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiqini açıqlayacaq. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Frankfurter Allgemeine Zeitung” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, indi Almaniyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün fövqəladə planın bir hissəsi kimi birinci hazırlıq dərəcəsi elan edilib. Bu, Almaniya Federal Şəbəkə Agentliyini təbii qaz təchizatı ilə bağlı vəziyyət haqqında gündəlik məlumat verməyə və vəziyyətə daim nəzarətə vadar edir. İkinci mərhələdə isə hökumət şirkətlərə təbii qaza qənaət etməyi tövsiyə edəcək. Bu şərtlər çərçivəsində vəziyyət hələ də tənzimlənə bilər, lakin əlavə qiymət artımları mümkündür.

Bununla yanaşı, nəşr qeyd edir ki, ikinci mərhələyə beş və ya on gün ərzində keçiləcəyi gözlənilir. Bu addıma hazırlıq Rusiya təbii qazının “Şimal axını” ilə bağlı vəziyyətə reaksiyadır. Qeyd edilir ki, bu kəmərlə təbii qaz tədarükü 40 faizədək azalıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.