Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Sevgi iksiri" ilə sonsuzadək sevəcəyik

Deyirlər sevgi insanın iradəsindən asılı olmayan və tədricən ortaya çıxan bir duyğudur. Yəni, sevgi xeyrin və zərərin əvvəlcədən götür-qoy edildiyi rasional yanaşma yox, qəfildən meydana çıxan bir hissdir. Amma Oksford Universitetinin bir akademiki onun hazırladığı məhlulu içməklə istədiyimiz zaman sevə biləcəyimizi iddia edir. Sizcə belə bir şey mümkündürmü?

Təkamülçü antropoloq, həkim dr. Anna Machin uğursuz evlilikləri xilas etməyə kömək edə biləcək "sevgi iksiri"ni tapdığını iddia edir. Alim, hətta bu iksirin üç-beş il ərzində hazırlana biləcəyini deyir.

Akademik beynimizdə bizə sevgini hiss etdirən və bəxş edən dörd kimyəvi maddənin olduğunu söyləyir: dopamin, serotonin, beta endorfinlər və oksitosin. O, beynimizdəki bu kimyəvi maddələrin həm sevgi tapmaq qabiliyyətini, həm də, çütlüklər arasında münasibətlərin uçuruma getdiyi bir zamanda onların yenidən aşiq ola bilmə hissini artırdığını deyir. O, həmçinin bu maddələrdən gələcəkdə  bir dərman kimi istifadə edilə biləcəyini də vurğulayıb.

Elm adamı kommersiya şirkətləri arasında məşhur olan , "sevgi hormonu" kimi də tanınan oksitosinin insanların tanışlıq ərəfəsində özünə inamını daha da gücləndirdiyini və aşiq olmağa kömək edə biləcəyini qeyd edib.

"Oksitosin bir növ enerji içkisinə bənzər bir effekt yaradır. Həmçinin aşiq olma ehtimalını da artıran bu maddə, eyni zamanda qarşılıqlı sevgi münasibətlərini də düzəltmək baxımından effektiv təsirə malikdir. Ancaq bu mövzuda etik suallar və problemlər doğuran məqamlar olduğu üçün araşdırmalar hələ çox vaxt aparacaq", - deyə alim bildirib.

Machin gələcəkdə oksitosin əsaslı "sevgi iksiri"nin çütlüklərin ailədaxili münasibətlərində yaranan problemlərin həlli üçün yeganə çıxış yolu olduğunu qeyd edib.

 

1000 il sonra necə görünəcəyik?

10.000 il əvvəl yer üzünün ilk insan sakinləri heyvan südünü həzm edə bilmirdilər, lakin indi vəziyyət tam fərqlidir. Zaman keçdikcə təkamülün bir nəticəsi olaraq, bizdə heyvan mənşəli südlərə qarşı immun yarandı. Son 150 ildə orta hesabla boyumuz 10 sm, ömrümüz isə son 65 ildə 20 il uzandı. Yəqin ki, bu sual hər kəs üçün maraqlıdır, görəsən bu gedişlə 1000 ildən sonra necə görünəcəyik?

"AsapScience" adlı "YouTube" kanalında elm və texnologiyanın son inkişafı və bir çox mühüm məlumatlar nəzərdən keçirilərək bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı proqnozlar verilib.

Əvvəla hər şeydən öncə, bu qədər zəkalı ola bilməyimizin səbəbi, ən qabaqcıl kompüter sistemlərinin belə müdaxilə edə bilməyəcəyi bir beyinə sahib olmağımızdır. Tədqiqatçılar dünyanın ən qabaqcıl super kompüterlərindən biri, Yaponiyaya məxsus "K" kompüteri ilə insan beyninin fəaliyyətini simulyasiya edib və istehsal etdiyimiz texnologiyaların hələ ki beynimizin zəka səviyyəsinə çata bilməsi üçün uzun müddət lazım olduğunu söyləyirlər. Amma onların proqnozlarına görə, kompüterlər bir gün nəinki beynimizin fəaliyyətini son dərəcə uğurla təqlid edə, həm də bizi üstələyə bilər. Elm adamları gələcəkdə vücudumuzun və damarlarımızın içərisində "üzən" nanobot adlı kiçik robotlarla təbii qabiliyyətlərimizin artırılacağını proqnozlaşdırırlar. Karbon əsaslı bioloji və kimyəvi varlığımızın necə olacağı barədə hələ ki, dəqiq proqnoz vermək mümkün olmasa da, mütəxəssislər gələcəkdə tünd dərili insanların qlobal istiləşmə sayəsində ultrabənövşəyi şüalara və yüksək temperatura qarşı daha güclü olacaqlarını proqnozlaşdırırlar. Bununla birlikdə boyumuzun daha da uzanacağı və getdikcə çəkimizdəki azalma nəticəsində zərif bir görkəm alacağımızı söyləyirlər.

Nə deyək, "yaşayarıq, görərik", 1000 ildən sonra görüşənədək...

 

Pişiklər bu bitkidən niyə zövq alır?

Yəqin ki, pişik saxlayan və yaxud bu heyvanlarla maraqlananlar onların "pişikotu"ndan (lat. Valeriana) nə qədər zövq aldıqlarını yaxşı bilirlər. Hətta pişik sahibləri onları bəzən bu otla da əzizləyirlər. Heyvanların bu bitkiyə olan marağının nədən qaynaqlandığını öyrənmək istəyən alimlər, bu bitki ilə əyləndikləri zaman pişiklərin onu nə üçün çeynəməyə çalışdığını araşdırıblar. İlkin olaraq heyvanların bitkidən kimyəvi maddə əldə edə bilmək üçün çeynədikləri məlum olub. Bəs bu maddə heyvanları nə üçün cəlb edir?

"iScience" jurnalında nəşr olunan araşdırmada adətən pişikləri əyləndirmək və ya bihuş etmək məqsədilə verilən bu otun onlara qoruyucu təsir etdiyi ortaya çıxıb. Bundan əlavə, pişiklərin otu bilərəkdən, qəsdən çeynədikləri də bəlli olub.

Tədqiqatçılar otun tərkibində olan bir çox kimyəvi molekulun pişikləri bihuş etdiyini söyləyirlər. Onlar bu maddənin heyvanlarda aslılıq yaratdığını və bir növ sərxoş etdiyini deyirlər. Bu səbəbdən də pişiklər əyləncələrinin daha erkən başlaması və daha uzun sürə bilməsi üçün bacardıqca bitkini daha çox çeynəməyə çalışırlar. Yəni, heyvanlar bunu sırf həzz və daha çox zövq almaq məqsədilə edirlər.

Alimlər həmçinin bitkinin tərkibində olan kimyəvi maddələrin pişiklərə heç bir zərər vermədiyini, əksinə, onun həşəratları dəf edə bilən komponentlərdən ibarət olduğunu söyləyirlər. Belə ki, bitkinin bilavasitə pişiklər üçün təbii həşəratqovucu təsirə malik olduğu qeyd edilib.

 

Tənbəlsiniz, yoxsa çalışqan?

Uzun müddətdir ki, tənbəl və çalışqan insanların beyinləri arasında fərqin olub-olmaması alimlərin maraq dairəsində idi. Bu yaxınlarda mövzu ilə bağlı araşdırma aparan elm adamları, iki qrupun beyinləri arasında nəzərəçarpacaq səviyyədə fərqin olduğunu ortaya çıxarıblar.

Sınaqlara cəlb edilmiş 264 nəfər kişi və qadının beyni maqnit rezonans tomoqrafiya (MRT) vasitəsilə araşdırılıb. İmpulslara nəzarət edən sinirlər izlənildikdən sonra, həmçinin iştirakçılardan xüsusi hazırlanmış anketlərin doldurulması da istənilib. Nəticədə tənbəllik edən, hər hansı bir işi görməkdə çətinlik çəkən və yaxud ləng tərpənən insanların daha böyük "amigdala"ya sahib olduqları ortaya çıxıb. Qeyd edək ki, beynin bu bölgəsi duyğuların, xüsusən də qorxunun idarə edilməsindən məsul olan nəzarət hissəsidir. Amigdala qorxuya reaksiyamızla yanaşı, bilavasitə hərəkətlərimizə nəzarətin də mərkəzində dayanır.

"Buna görə də daha yüksək "amigdala" həcminə malik olan insanlar düşdüyü vəziyyətlərə görə qərar verməyə çətinlik çəkdikləri və ya tərəddüd etdikləri üçün işlərin başlanmasını ləngidirlər", - deyə müəlliflər "Psychological Science" jurnalında dərc olunmuş məqalələrində izah ediblər.

Bununla belə, tədqiqatın hələ ki, başlanğıc mərhələsində olduğu və tapılan nəticələri dəstəkləmək üçün daha çox araşdırma aparılacağı qeyd edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".