İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Sərbəst güləşçilərimiz Qitə çempionatını 9 medalla başa vurublar

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında sərbəst güləşçilər daha 4 medal qazanıblar.

Yarışın sonuncu günündə Sadiq Hüseynov (45 kq) finalda gürcüstanlı Nikolos Botçorişviliyə tam üstünlüklə (10:0) qalib gələrək qitə çempionu olub. Elman Ağayev (51 kq) isə həlledici görüşdə erməni Narek Hakobyanı 6:0 hesabı ilə üstələyərək Avropa çempionatının baş mükafatına yiyələnib.

Finalda türkiyəli Abdullah Topraka (0:4) məğlub olan Ağa Qasımov (60 kq) komandanın hesabına gümüş medal yazdırıb. Ağanəzər Novruzov (71 kq) isə bürünc medal uğrunda gərgin mübarizə şəraitində keçən qarşılaşmada erməni Razmik Yepremyana minimal fərqlə (6:5) qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Bununla da milli komandanın medallarının sayı 9-a çatıb. Yığmamız Avropa çempionatını 6 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

 

Azərbaycan idmançısı Avropa çempionu olub

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.

Qrup mərhələsini 5 qələbə ilə başa vuran milli komandamızın lideri Anna Başta pley-off mərhələsində keçirdiyi ilk görüşdə Rumıniya təmsilçisi Sabina Martisi 15:8 hesabı ilə məğlub edib. İdmançımız 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib. 1/4 finalda ukraynalı Olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı ilə qalib gələrək finala yüksəlib.

Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.

 

Atletika üzrə komandamız beynəlxalq yarışda uğurla çıxış edib

Atletika üzrə komandamız Qırğızıstanın Bişkek şəhərində keçirilən "Tatyana Kolpakova" mükafatı uğrunda gedən beynəlxalq yarışda uğurla çıxış edərək 6 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

4 atletlə yarışa qatılan komandamızın üzvlərindən Yelena Pextireva (uzunluğa tullanma, 6,10 m), Nazim Babayev (uzunluğa tullanma 7,69 m) yarışın birinci günündə qızıl medal qazanıblar. Əlhəm Nağıyev (100 m, 10,86) (şəxsi nəticə) gümüş, Yekaterina Sariyeva (uzunluğa tullanma 5,75 m) bürünc medala sahib olublar.

Beynəlxalq turnirin ikinci günündə isə komandamız daha 4 qızıl medal əldə edib. Belə ki, Nazim Babayev (üçtəkanla tullanma, 6,24 m), Yekaterina Sariyeva (üçtəkanla tullanma, 13,95 m), Yelena Pextireva (200 m, 25,11), Əlhəm Nağıyev (200 m, 21,59) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

 

Boksçularımız beynəlxalq turnirdə 10 medal qazanıb

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yarışa 14 idmançı ilə qatılan Azərbaycan yığması 10 medal qazanıb.

Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandanın 7 üzvü finalda qüvvəsini sınayıb. Boksçularımızdan 5-i həlledici görüşü qələbə ilə başa vurub. Belə ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Kənan Babayev finalda ermənistanlı Ovane Arutunyana qalib gələrək qızıl medala yiyələnib.

Qoridə 51 kiloqram çəki dərəcəsində Azərbaycan finalı da baş tutub. Avropa birinciliyinin bürünc medalçısı Amin Məmmədzadə Tural Sarıyevlə qarşılaşıb. Döyüş Amin Məmmədzadənin qələbəsi ilə başa çatıb. Tural Sarıyev turniri gümüş medalla bitirib.

Kamil Babayev (54 kq) də yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Boksçumuz finalda qazaxıstanlı Aslan Aslanovu məğlub edib.

Tacı Tağızadə (60 kq) isə çempionluq üçün Qazaxıstan təmsilçisi Tolebek Saxiyev üzərində inamlı qələbə qazanaraq komandamızın aktivinə daha bir qızıl medal əlavə edib.

Millimizin ən ağır çəkili boksçusu Səbuhi Əlizadə (+92 kq) həlledici görüşdəki rəqibi  gürcüstanlı Sandro Çerçvadzeni məğlub edib.

Yığmanın digər üzvü Rza Rzazadə (75 kq) isə finalda ukraynalı Aleksandr Balabinə uduzaraq 2-ci yeri tutub.

Komandamızın heyətində Sənan Hətəmov (71 kq), Aslan Mövsümov (86 kq) və Rəşid Məmmədov (92 kq) yarışı 3-cü yerdə bitiriblər.

Beləliklə, Azərbaycan millisi turniri 5 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu nəticə ilə Azərbaycan komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, yarışda Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistanın 100-dək boksçusu mübarizə aparıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".