DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

JOZEP BORRELLDƏN TAXILIN DAŞINMASI İLƏ BAĞLI RUSİYAYA ÇAĞIRIŞ

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Rusiyanı taxılın daşınması üçün Ukrayna limanlarının bloklanmasını dayandırmağa çağırıb. Bu barədə “APA” agentliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, ali nümayəndə 27 üzv ölkənin xarici işlər nazirinin bazar ertəsi Lüksemburqda keçirilən iclasından öncə verdiyi açıqlamasında Rusiyanın bu addımını ciddi tənqid edib.

“Biz Rusiyanı Ukrayna limanlarının açılmasına çağırırıq. Bu, ağlasığmazdır, təsəvvür etmək olmur ki, Ukraynada milyonlarla ton taxıl bloklanıb, dünyanın digər yerlərində isə insanlar aclıqdan əziyyət çəkirlər”, - deyə Jozep Borrell jurnalistlərə açıqlamasında vurğulayıb.

Bununla yanaşı, ali nümayəndə Rusiyanı insanların aclığından silah kimi istifadə etməkdə ittiham edib və bildirib ki, rəsmi Moskva öz əməllərinə görə məsuliyyət daşımalıdır.

 

OLAF ŞOLTS: AVROPA İTTIFAQI GENİŞLƏNMƏYƏ HAZIRLAŞMALIDIR

Almaniya kansleri Olaf Şolts daha da genişlənmək məqsədilə Avropa İttifaqını qərar qəbuletmə mexanizmlərini modernləşdirməyə çağırıb. “Trend”in verdiyi xəbərə görə, bu barədə Almaniya lideri “DPA” agentliyinə bildirib.

“Avropa İttifaqı genişlənməyə hazırlaşmalıdır. Bunun üçün o, öz strukturlarını və qərar qəbuletmə proseslərini modernləşdirməlidir. Bu gün həll edilməli olan məsələlərlə bağlı yekdil qərarlar qəbul etmək həmişə mümkün olmayacaq. Biz bunu Aİ sammitində bir çox başqa mövzularla birlikdə müzakirə etməliyik”, - deyə alman kansler qeyd edib.

Bununla yanaşı, kansler vurğulayıb ki, 20 il əvvəl namizəd olmuş ölkələrə ittifaqa qoşulmaq üçün “konkret” hərəkətlər təklif etmək lazımdır. Əks halda belə bir təəssürat yaranacaq ki, bu status heç nəyə gətirib çıxarmır.

Xatırladaq ki, ötən həftə Avropa Komissiyasının kollegiyası Avropa Şurasına Ukraynaya ittifaqa üzv olmaq üçün namizəd statusunun verilməsini tövsiyə edib. İyunun 23-24-də keçiriləcək Aİ sammitinin iştirakçıları Ukraynaya bu statusun verilməsinə razılıq versələr, o zaman Kiyev Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir sıra islahatlar aparmalı olacaq.

 

UKRAYNA PARLAMENTİNDƏN RUS DİLİ İLƏ BAĞLI YENİ QADAĞA

Ukrayna parlamenti ölkədəki Rusiya vətəndaşlarının musiqi ilə məşğul olmasına mane olan qanunları dəstəkləyib. “Teleqraf.com”un xəbərinə görə, ölkədə rus kitablarına və mahnılarına ciddi məhdudiyyətlər qoyan qanun qəbul edilib.

Qəbul olunan qanunlardan birincisinə görə, Rusiya vətəndaşları Rusiya pasportundan imtina edib Ukrayna vətəndaşı olmadıqca kitab çap etdirə bilməyəcəklər. Bu qadağa yalnız 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya vətəndaşlığını daşıyanlara şamil ediləcək.

Rusiya və Belarusla yanaşı, Donetsk, Luqansk və Xarkov kimi işğal altındakı Ukrayna ərazilərində nəşr olunan kitabların ölkəyə gətirilməsinin qarşısı alınır. Həmçinin başqa ölkədən rus dilində kitab gətirmək üçün xüsusi icazə tələb olunacaq.

Digər qanun 1991-ci ildən sonra Rusiya vətəndaşlığını almış şəxslərin mediada və ictimai sahədə musiqi ilə məşğul olmasını qadağan edir.

 

SLOVAKİYA HAVA MƏKANINI MÜHAFİZƏ ETMƏK ÜÇÜN ÇEXİYAYA MÜRACİƏT EDİB

Slovakiyanın müdafiə naziri Yaroslav Nad ölkənin hava məkanının qorunması ilə bağlı Çexiyaya müraciət edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “CTK” agentliyi məlumat yayıb.

Bildirilir ki, Slovakiyanın hava məkanının mühafizəsi üçün Polşa ilə ekspertlər səviyyəsində danışıqlar aparılır. Artıq eyni danışıqlar Slovakiya ilə Çexiya arasında da başlayacaq.

Fevralın 24-dən sonra Slovakiya “MiQ-29” qırıcılarının Hərbi Hava Qüvvələrinin istifadəsindən vaxtından əvvəl çıxarılması prosesinə başlayıb. Bratislava onları Ukraynaya vermək imkanını nəzərdən keçirir.

Slovakiya 4 il əvvəl ABŞ-dan 14 ədəd “F-16” qırıcısı sifariş edib. Tədarüklər gecikdiyi səbəbindən Çexiya və Polşaya Slovakiyanın hava məkanının bu ölkələrin hərbi-hava qüvvələrinin qırıcıları tərəfindən müvəqqəti mühafizəsi üçün müraciət olunub.

 

SEVERODONETSK UĞRUNDA HƏLLEDİCİ DÖYÜŞLƏR GEDİR

Hazırda Ukraynanın Severodonetsk şəhəri uğurunda həlledici döyüşlər gedir. “APA”nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar yerli telekanalın efirində bildirib. Nazir müavini qeyd edib ki, Rusiya 26 iyunadək Luqansk vilayətinin sərhədlərinə çıxmağı planlaşdırır.

Eyni zamanda, Anna Malyar əlavə edib ki, Lisiçanskın və Severodonetskin müdafiəsini təşkil edən Ukrayna qüvvələrinin bir qrupu Rusiya hərbçilərinin mühasirəsinə düşüb.

“Biz başa düşməliyik ki, düşmənin silah üstünlüyü var və vəziyyət mürəkkəbdir. İndi həlledici döyüşlər maksimum intensivlikdədir”, - deyə nazir müavini vurğulayıb.

 

TÜRKİYƏNİN VASİTƏÇİLİYİ İLƏ QRUPLAŞMALAR ARASINDA ATƏŞKƏS ELAN OLUNUB

Türkiyənin bölgədə yeni antiterror əməliyyatı hazırlıqları davam etdiyi  bir vaxtda Suriyanın şimalında müxalif qruplaşmalar arasında fikir ayrılıqları səbəbindən baş verən şiddətli toqquşmalar rəsmi Ankaranın vasitəçiliyi ilə baş tutan atəşkəslə sona çatıb. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Röyters” xəbər agentliyi məlumat yayıb.

Türkiyənin Suriya Milli Ordusuna bağlı “Fəlak əş-Şam”, “Levant Cəbhəsi”, “Ceyşül-İslam” və “Əhrar-u-Şam” təşkilatları arasında fikir ayrılıqlarına görə baş verən silahlı qarşıdurmanın sona çatması üçün vasitəçilik etdiyi bildirilir.

Tərəflərin geri çəkilməsi ilə nəticələnən atəşkəs razılaşması Türkiyənin mümkün Suriya əməliyyatından əvvəl imzalanıb. Türkiyənin yeni antiterror əməliyyatlarının gündəmdə olduğu vaxtda müxalif qruplar arasındakı toqquşmalar narahatlıq yaradırdı.

 

ABŞ-DA YÜKSƏK BENZİN QİYMƏTLƏRİ BIR SIRA ÇƏTİNLİKLƏRƏ SƏBƏB OLUB

ABŞ prezidenti Cozef Bayden administrasiyasında ölkədə yüksək benzinin qiymətlərinin aşağı düşməsinə səbəb olacaq kifayət qədər ciddi təkliflər yoxdur. “APA”nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

Məlumata əsasən, problemin həllini qeyri-adi yollarla tapmaq cəhdləri administrasiyanın çətinlik çəkdiyini və yaranmış problemin miqyasını əks etdirir.

Nəşrin xəbərinə görə, Ağ Ev “ümidsiz göstərməyə çalışır ki, administrasiya seçicilərin yanacağın qiymətlərinin artması ilə bağlı narazılığını nəzərə alır”.

Bildirilir ki, Cozef Baydenin köməkçiləri amerikalılara yanacaq xərclərinin bir hissəsini ödəyəcək xüsusi kartların verilməsini nəzərdən keçirirlər.

 

İRAQDA VƏBA XƏSTƏLİYİNƏ 13 YOLUXMA FAKTI AŞKAR EDİLİB

İraqın Süleymaniyyə əyalətində vəba xəstəliyinə yoluxma halı aşkar edilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Verilən xəbərə əsasən, xəstəlik azı 13 nəfərdə aşkarlanıb. Bundan başqa, xəstəliyin simptomlarını daşıyan daha çox xəstənin olduğu qeyd olunur.

İraqda sonuncu dəfə vəba infeksiyası 2015-ci ildə yayılmışdı. O zaman içməli su çatışmazlığı ilə əlaqədar 2000-dən çox şəxs vəbaya yoluxmuşdu. 2007-ci ildə isə ölkədə 7 mindən çox yoluxma qeydə alınmış, 10 nəfər vəfat etmişdi.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.