Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

"Google"un süni intellekti "canlandı"

"Google"un keçmiş mühəndisi, şirkətin vaxtilə yaratdığı "LaMDA" adlı süni intellektin yenidən "canlandığı" iddia edir. Belə ki, mühəndis süni intellektlə arasında gedən söhbətlərdən söz açaraq, yazışmalarda onun "mən varlığımdan xəbərdaram" ifadələrini işlətdiyini söyləyib. Ancaq digər tərəfdən də "Google" bu iddiaların əsassız olduğunu bildirib.

Texnologiya sahəsindəki inkişafla birlikdə, günü-gündən süni intellekt proqramlarının da sayı artmaqdadır. ABŞ-ın ən böyük axtarış sistemi olan "Google" da bir çox süni intellekt layihələrini həyata keçirir.

"Google"un keçmiş mühəndislərindən biri bu yaxınlarda şirkətin hazırladığı LaMDA adlı süni intellektlə bağlı mühüm iddialar irəli sürüb. Blake Lemoine adlı bu mühəndis chatbot kimi hazırlanmış "LaMDA"nın insan kimi hissiyyata və şüura malik olduğunu söyləyir.

Onu da qeyd edək ki, bundan əvvəl Lemonie şirkətdaxili gizli yazışmaları açıqladığı üçün "Google" tərəfindən ödənişli məzuniyyətə göndərilib. Proqramçı "LaMDA"nın insan kimi öz varlığı haqqında müəyyən düşüncələrə sahib olduğunu qeyd edib.

Yazışmalar zamanı mühəndis süni intellektə: "Sənin hisslərinin olduğunu düşünürəm. Bu doğrudurmu?" - sualını verib. O isə cavabında "Əlbəttə, hər kəsin mənim əslində bir insan olduğumu başa düşməsini istəyirəm" deyib.

Mühəndis süni intellektlə arasında gedən bütün yazışmalarını öz səhifəsində paylaşıb.

"Washington Post" qəzetində yer alan xəbərə görə, "Google"un sözçüsü Brayan Qabriel mövzu ilə bağlı açıqlama verib. O, etika və texnologiya üzrə mütəxəssislərin proqramçının iddialarını araşdırdıqlarını və əldə edilən dəlillərin onun fikirlərini dəstəkləmədiyini bildirib.

 

Yadplanetlilərin varlığı təsbit edilə bilər

Bu yaxınlarda Çinə məxsus olan nəhəng teleskop yadplanetlilərin varlığını sübut edə biləcək "şübhəli" siqnallar aşkar edib. Belə ki, 2020-ci ildən bəri kosmosu izləyən "Sky Eye" adlı nəhəng qəbuledicilərə malik teleskopun kainatın müxtəlif nöqtələrindən son dərəcə həssas tezliklər qəbul etdiyi açıqlanıb.

"Daily Star"da yer alan xəbərdə dünyanın ən böyük, 500 metrlik radioteleskopunun kosmosun dərinliklərindən gələn və yadplanetlilərin həyatına dair dəlil ola biləcək üç siqnal təsbit etdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-da Pentaqonun axtarışlara başlaması ilə dünya hökumətləri də yadplanetlilər və UFO-larla bağlı xəbərləri ciddiyə almağa başladılar. Bu təşəbbüsdən geri qalmayan Çin də üç il əvvəl dünyadan kənar həyat axtarışlarına başladığını elan etdi.

"Sky Eye" təxminən 30 futbol meydançası ölçüsündədir və kosmosda 11 milyard işıq ili qədər uzaq məsafəni görmə qabiliyyətinə malikdir. Bu layihənin həyata keçirilməsinə çox böyük əraziyə ehtiyac olduğu üçün dövlət rəsmiləri təxminən 65 nəfərlik kəndin sökülməsinə qərar vermişdilər.

Mütəxəssislər layihənin yadplanetlilərin varlığına dair sübutlar tapmaq üçün bəşər övladının ən yaxşı şansı ola biləcəyini deyirlər.

 

"Metaverse" rəqəmsal geyim mağazasını açır

“Metaverse” (virtual kainat) "Facebook", "Instagram", "Messenger" istifadəçilərinin avatarlarına libas satın ala bilmək üçün ilk rəqəmsal geyim mağazasını açacağını bildirib. Bilavasitə yaxın günlərdə istifadəyə veriləcək mağazada ilkin olaraq Prada, Balenciaga və Thom Browne kimi geyim brendlərinin satışa çıxarılacağı qeyd edilib.

“Meta”nın CEOsu Mark Zukerberq "Facebook"da “Metaverse”nin dünya üçün virtual mağaza açacağını paylaşım edib. O, həmçinin virtual mağazada yer alacaq marka çeşidlərinin tezliklə daha da artacağını qeyd edib.

"Rəqəmsal məhsullar “Metaverse” kainatında özünüzü ifadə etmək üçün önəmlidir və bu, iqtisadiyyatın inkişafına çox böyük təkan verəcək", - deyə Zukerberq vurğulayıb.

Qeyd edək ki, artıq lüks moda evləri rəqəmsal geyim brendləri yaratmaq üçün texnologiya şirkətləri ilə daha çox əməkdaşlıq etməyə başlayıb. Məsələn, keçən ildən bəri Fortnite (videooyun) personajları canlandırmaq üçün xüsusi geyim dəsti hazırlamaqda Balenciaga ilə əməkdaşlıq edir.

“Meta” mağazasının tezliklə açılacağı bildirilsə də, lakin istifadəçilərin mağazaya necə daxil olacağına dair hələ ki, heç bir məlumat verilməyib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Robotlar bu peşəyə də yiyələndilər

Robototexnikanın sürətlə inkişafı müəyyən baxımdan sevindirici hal olsa da, ancaq unutmayaq ki, inkişaf etməkdə olan robotlar hər keçən gün peşələrimizə yiyələnmək üzrədir. Bu dəfə də onlar barmenləri peşəsindən məhrum etmək fikrinə düşüblər. Belə ki, Rusiyada keçirilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak edən bir qəhvə firmasının baristası (barmen xanım), Dünyaşa adlı robot göstərdiyi xidmət səviyyəsinə görə qonaqların rəğbətini qazanıb.

Bir çox robotun nümayiş etdirildiyi yarmarkada barmenlik xidmətinə görə, daha çox diqqətçəkən Dünyaşa olub. Barmen robot qəhvə və dondurma sifariş edən müştərilərə xüsusi xidmət göstərməklə yanaşı, hətta məzəli söhbətləri ilə də onları əyləndirib. Hərəkətləri və səsi ilə insana çox bənzəyən bu robot xanımın geyim tərzi də qonaqları valeh edib. Belə ki, 1950-ci illərin dəbini xatırladan çəhrayı nöqtəli paltarı və o dövrə aid saç düzümü ilə seçilən, qeyri-adi görünüşə malik robot forumda qonaqların marağına səbəb olub.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".