DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN: TƏKQÜTBLÜ DÜNYA DÖVRÜ BAŞA ÇATIB

“Təkqütblü dünya nizamı dövrü başa çatıb. Özü də onu qorumaq üçün edilən bütün cəhdlərə baxmayaraq, başa çatıb”. “APA”nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı bəyan edib.

Vladimir Putin deyib: “Təkqütblülüyün çatışmazlığı elə ideyanın özündədir. Belə ki, əhatəsində yaxın dövlətlər olan bir dünya gücü var və hər şey onun maraqları naminə şərh olunur. Təlatümlü dəyişikliklərin vaxtını gözləmək, hər şeyin əvvəlki kimi olacağına inanmaq səhvdir”.

Eyni zamanda, Rusiya prezidenti Qərb dövlətlərinin hakim elitasının qlobal iqtisadiyyatda hökmranlıqlarının dəyişməz, əbədi qalacağını düşündüklərini xatırladıb.

“Heç nə əbədi deyil. Bəzən dövlətlərin suverenliyi şübhə altına alınır və onların mövcudluğuna təhdid yaranır. Əgər hansısa üsyançını sakitləşdirmək mümkün deyilsə, onu məhv etməyə çalışırlar”, - deyə dövlət başçısı vurğulayıb.

Bununla yanaşı, Vladimir Putin qeyd edib ki, Rusiya Federasiyasına qarşı sanksiyalar ağılsızlıq və düşüncəsizlikdir.

 

ABŞ ANKARA VƏ AFİNANI GƏRGİNLİYƏ SONQOYMAĞA ÇAĞIRIB

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays mətbuat konfransında Türkiyə yaxınlığındakı adaların Yunanıstan tərəfindən silahlandırılması ilə bağlı sualı cavablandırıb. “Teleqraf.com”un xəbərinə görə, “neytral” mövqedən çıxış edən Amerika rəsmisi hər iki ölkəni gərginliyi azalmatağa çağırıb.

“Bu mövzuda mövqeyimiz bir neçə həftə əvvəl eşitdiyiniz kimidir. Bütün ölkələrin ərazi bütövlüyü və suverenlik hüquqlarına hörmət edilməli və qorunmalıdır. NATO müttəfiqlərimiz Yunanıstan və Türkiyəni regionda sülh və təhlükəsizlik naminə birgə işləməyə və fikir ayrılıqlarını diplomatiya yolu ilə həll etməyə təşviq etməyə davam edirik”, - deyə departamentin sözçüsü bildirib.

Eyni zamanda, Ned Prays iki ölkə arasındakı gərginliyə son qoyulmalı olduğunu diqqətə çatıdırıb. O deyib: “İstəyimiz budur ki, müttəfiqlərimiz gərginliyi daha da artıracaq bəyanatlardan yayınsınlar. Təbii ki, Yunanıstan və Türkiyə bizim güclü tərəfdaşlarımızdır. Onlar ABŞ-ın kritik NATO müttəfiqləridir və biz hər iki ölkənin gərginliyi davam etdirməsini istəmirik”.

 

AVROPA KOMİSSİYASI UKRAYNA VƏ MOLDOVAYA MÜSBƏT, GÜRCÜSTANA MƏNFİ RƏY VERİB

Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə komissiyanın sədri Ursula von der Leyen keçirdiyi mətbuat konfransında bəyan edib.

Komissiyanın sədri Ukrayna və Moldovanın Avropa perspektivinə layiq olduqlarını qeyd edərək, hər iki ölkədə bəzi boşluqların aradan qaldırılması üçün islahatların aparılmasına ehtiyacın olduğunu vurğulayıb.

Gürcüstana gəlincə, Ursula von der Leyen bildirib ki, ölkə struktur islahatlar və Aİ-yə aydın yol xəritəsi hazırlamaq üçün siyasi cəhətdən bir araya gəlməlidir.

“Komissiya Gürcüstana namizəd statusu təqdim etməzdən öncə ölkənin bir sıra şərtlərə necə cavab verdiyinin qiymətləndirilməsini tövsiyə edir”, - deyə komissiyanın sədri əlavə edib.

 

“ABRAMS” TANKLARI ELEKTRİK MÜHƏRRİKLƏ TƏCHİZ OLUNA BİLƏR

Amerikanın “M1 Abrams” əsas döyüş tankının yeni nəsli  “General Dynamics Land Systems” şirkəti tərəfindən hazırlanan SEPv4 elektrik mühərrikli hibrid elektrik güc aqreqatı ilə təchiz oluna bilər. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, elektrik mühərrikin tətbiqi nəzərdən keçirilən yeni tankın istifadəsi “səssiz zərbə” adlandıran və düşmən haqqında danışarkən “onlar bizim yaxınlaşdığımızı heç vaxt eşitməyəcəklər” deyən qısa təqdimat çarxlarında əks olunur.

Bildirilir ki, müxtəlif növ hərbi texnikada hibrid güc aqreqatının istifadəsinin üstünlüyü son dərəcə sakit, tam elektrik rejimində işləmək potensialındadır.

Həmçinin güman edilir ki, yenilənmiş “Abrams” pilotsuz təyyarələr kimi hava hədəflərini vura bilən “Kongsberg Protector RS6” uzaqdan idarə olunan silah modulu ilə təchiz ediləcək.

 

NATO TÜRKİYƏNİN UKRAYNA İLƏ BAĞLI SƏYLƏRİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna limanlarından taxıl ixracı məsələsində Türkiyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək qiymətləndirib. “Trend”in verdiyi xəbərə görə, bu barədə Şimali Atlantika Alyansının rəhbəri quruma üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, baş katib İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı Türkiyənin mövqeyindən də söz açıb. O deyib: “Alyans üzvləri Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışırlar. Biz problemləri necə həll edə biləcəyimizi ona görə ciddi nəzərdən keçiririk ki, Ankara Finlandiya və İsveçin yeni üzv kimi ittifaqa qəbuluna “hə” desin”.

 

BORİS CONSON YENİDƏN KİYEVƏ SƏFƏR EDİB

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün iyunun 17-də Kiyevə səfər edib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Sky News” məlumat yayıb.

Bildirilir ki, bu artıq Boris Consonun Ukraynada tammiqyaslı müharibə başlayandan indiyədək ikinci səfəridir. O, apreldə Kiyevə səfər edən “G7” ölkəsinin ilk lideri olub.

Böyük Britaniyanın baş naziri Volodimir Zelenski ilə görüşündə ölkəsinin Ukrayna ordusu üçün genişmiqyaslı təlim proqramına başlamağı təklif edib. Proqram 10 minə qədər ukraynalı əsgərə təlimdən ibarətdir.

 

BMT: DÜNYADA MƏCBURİ KÖÇKÜNLƏRİN SAYI 100 MİLYON NƏFƏRİ KEÇİB

Dünyada məcburi köçkünlərin sayı 100 milyon nəfəri ötüb. “Trend”in xəbərinə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatında qeyd olunur.

Məlumata əsasən, son on ildə evlərini tərk etməyə məcbur olan insanların sayı hər il artaraq ən yüksək səviyyəyə çatıb.

“Bəzi müsbət əlamətlərin olmağına baxmayaraq, məcburi köçün axını və miqyası bu insanlar üçün həll yolu tapılmasını çətinləşdirir”, - deyə hesabatda vurğulanır.

Sənədə əsasən, 2021-ci ilin sonuna müharibə, zorakılıq, təqib və insan hüquqlarının pozulması nəticəsində məcburi köçkünlərin sayı əvvəlki ilə nisbətən 8 faiz artaraq 89,3 milyon nəfərə çatıb. Ali Komissarlığının məlumatına görə, bu isə 10 il əvvəlkindən iki dəfə çoxdur.

 

İSPANİYADA ANOMAL İSTİLƏR MEŞƏ YANĞINLARINA SƏBƏB OLUB

Son bir neçə gündə İspaniyada güclü istilər fonunda meşə yanğınlarının sayı xeyli artıb. “Report”un məlumatına görə, xüsusilə Kataloniya regionunda yanğınlarla  ciddi şəkildə mübarizə davam edir.

Qeyd edilir ki, Baldomar şəhəri yaxınlığında yanğınlar artıq min hektar meşə sahəsini məhv edib. Eyni zamanda, yanğınsöndürənlər alovun 20 min hektara yayıla biləcəkləri barədə xəbərdarlıq edirlər.

Ötən həftədən etibarən İspaniyada ilin bu vaxtı üçün anomal yüksək temperatur müəyyən edilib. Bəzi ərazilərdə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

Qeyd edək ki, anomal istilər Fransa başda olmaqla digər Avropa ölkələrinə də təsir edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.