MƏZUNLARLA GÖRÜŞ
Region

MƏZUNLARLA GÖRÜŞ

İyunun 14-də Tərtər rayonunun 34 tam, 10 ümumi orta məktəbində "Son zəng" çalındı. Bu il rayon üzrə 647 nəfər şagird XI sinfi, 899 nəfər şagird isə IX sinfi bitirib.

Son zəng tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Son zəng tədbirləri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tərtər şəhər 1, 5, 6 saylı tam orta məktəblərində və 2 saylı məktəb-liseydə təşkil olunan son zəng tədbirlərinə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə tədbir iştirakçılarını salamlayıb. Müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb, gələcək işlərində müvəffəqiyyətlər diləyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərdiklərini bildirib.

Tədbirdə çıxış edən müəllimlər və məzunlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".