İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Bakıda Formula 1 Azərbaycan Qran-Prisi start götürüb

Bakı yenidən dünya avtoidman həvəskarlarının diqqət mərkəzinə çevrilib.

Paytaxtımız iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə evsahibliyi edəcək.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunacaq. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına evsahibliyi edir. Bakı şəhər halqasında təşkil olunan ilk yarış Avropa Qran-Prisi adlandırılıb.

Formula 1 Azərbaycan Qran-Prisinin fanatları bu il yarışları tribunalardan canlı izləyə biləcəklər. Məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmış, ötən il isə azarkeşlərin iştirakı olmadan baş tutmuşdur.

 

"Bakı" voleybol komandası açıq turnirin birincisi olub

2005-2006-cı il təvəllüdlü oğlan voleybolçular arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq turnir başa çatıb.

4 komandanın - "Masallı", "Bakı", "Sumqayıt" və "Cəlilabad"ın mübarizə apardığı yarış dairəvi sistemlə keçirilib. Görüşlərdən 9 xal toplayan "Bakı" yığması qalib adını qazanıb. "Cəlilabad" komandası 6 xalla ikinci, "Masallı" komandası 3 xalla üçüncü yerləri tutublar.

Azərbaycan Voleybol Federasiyası və Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirin qaliblərinə kubok və diplomlar təqdim olunub.

 

Güləş üzrə U-15 Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir. Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə beş çəkidə qaliblər müəyyənləşib.

Əli Sucayev (38 kq, Sumqayıt-Təhsil), Əmrah Əmrahov (44 kq, Masallı), Ayxan Cavadov (52 kq, Abşeron), Cavad Məmmədov (62 kq, UGİM-9), Orxan Hacıyev (75 kq, Spartak-Lənkəran) çempionatın qalibi olublar.

 

3x3 basketbol üzrə Sumqayıt birinciliyinə yekun vurulub

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə kiçik yaşlı oğlan və qızlar arasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş 3x3 basketbol üzrə şəhər birinciliyi keçirilib.

1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbində gərgin idman mübarizəsi şəraitində keçirilən birincilikdə 2 və 18 nömrəli tam orta məktəblərin komandaları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".