DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREML: TÜRKİYƏ VƏ RUSİYA XİN BAŞÇILARI ARASINDA RAZILIQ ƏLDƏ OLUNMAYIB

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə səfəri zamanı Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracatı mövzusunda razılaşma əldə edilməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Rusiya xarici işlər naziri Ankarada Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə müzakirələrindən sonra Kremldən açıqlama verilib.

“Türkiyə ilə Ukrayna arasında Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracına dair heç bir razılaşma əldə olunmayıb”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov vurğulayıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi üçün taxıl böhranı beynəlxalq ictimaiyyətin gündəmindədir.

Müharibənin başlaması ilə taxıl daşınması dalana dirənib və Sergey Lavrovla həmkarı Mövlud Çavuşoğlu arasında məhz bu mövzuda danışıqlar aparılıb.

Rəsmi Ankara son vaxtlar Rusiya və Ukrayna arasında razılaşma əldə etməyə çalışsa da, hələlik tərəflər arasında müsbət nəticə əldə olunmayıb.

 

ABŞ-IN SİLAHLA BAĞLI QANUN LAYİHƏSİ QƏBUL EDİLIB

ABŞ Konqresinin Nümayəndələr Palatası silahlar üzərində nəzarət haqqında qanun layihəsi paketini qəbul edib. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı “Interfax” agentliyi yayıb.

Bildirilir ki, “Uşaqlarımızın müdafiəsi haqqında qanun” adı verilən layihənin lehinə 223, əleyhinə 204 konqresmen səs verib.

Məlumata əsasən, yarımavtomat silah alanların minimum yaş həddi 18-dən 21-dək qaldırılıb. Sənəddə 15-dən artıq güllə tutumu olan daraqlardan istifadə qadağan olunur.

Eyni zamanda, odlu silahın yaşayış yerində saxlanılması qadağan edilir. Bu qanun pozuntusuna görə cinayət məsuliyyəti nəzərədə tutulur.

Qeyd edək ki, sözügedən qanun layihəsinin qəbul edilməsinə Texas ştatının Yuvalde və Nyu Yorkun Buffalo şəhərlərində baş vermiş silahlı insidentlər səbəb olub.

 

ÜST: KORONAVİRUSUN ÇOX TƏHLÜKƏLİ ŞTAMMININ YARANMASI AN MƏSƏLƏSIDIR

Koronavirusun yeni və daha təhlükəli ştammı ortaya çıxa bilər. “APA”nın verdiyi xəbərə görə, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib.

Təşkilat sədri dünyada koronavirus pandemiyasının bitdiyi ilə bağlı yanlış təsəvvürə diqqət çəkib. O deyib: “Pandemiyanın bitdiyi hissi başa düşüləndir. Lakin bu, yanlışdır. Hər an yeni və daha təhlükəli variant ortaya çıxa bilər. Çoxlu sayda insan isə müdafiəsiz qalır”.

Baş direktor bildirib ki, dünyada “COVID” infeksiyasına yoluxma və ölüm hallarının sayı azalsa da, ÜST ölkələri sayıq olmağa çağırır.

Ümumilikdə, tibb işçilərinin və 60 yaşdan yuxarı insanların demək olar ki, dörddə üçü koronavirusa qarşı peyvənd olunub, lakin aşağı gəlirli ölkələrdə bu rəqəm elə də yüksək deyil.

 

GÜRCÜSTANDA HƏRBİ XİDMƏTİN MÜDDƏTİ AZALDILIR

Gürcüstanda hərbi xidmətin müddəti 12 aydan 8 ayadək azaldılacaq. “Trend”in məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə çıxışı zamaı bildirib.

Eyni zamanda, nazirin sözlərinə görə, hərbi xidmətə yalnız Müdafiə Nazirliyinin strukturlarına çağırış olacaq.

“Çağırışçıların milli hərbi xidməti formalaşdırılacaq. Xidməti müddəti səkkiz ay təşkil edəcək. Xidmət yalnız Müdafiə Nazirliyinin sistemində həyata keçiriləcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda hazırda hərbi xidmət Müdafiə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidmətində keçirilir.

ABŞ-dan ŞİMALİ KOREYAYA NÜVƏ SINAĞI İLƏ bağlı SƏRT XƏBƏRDARLIQ

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni nüvə sınağı keçirəcəyi təqdirdə Vaşinqton Pxenyana sərt cavab verəcək. “Trend”in verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan brifinq zamanı bəyan edib.

Prezident köməkçisinin sözlərinə görə, ABŞ Şimali Koreyanın raket sınaqlarını izləməyə davam edir. Bu raket sınaqları ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə müttəfiqliyini yalnız gücləndirib.

“Biz KXDR-nin nüvə sınağı həyata keçirmə ehtimalını çox diqqətlə izləyirik, bu da bizim sərt cavabımıza səbəb olacaq”, - deyə Ceyk Sallivan bildirib.

Prezident köməkçisi əlavə edib ki, ABŞ Şimali Koreya ilə diplomatik əlaqə qurmağa açıqdıq, lakin hələ də dialoq çağırışlarına cavab almayıb.

 

AVROPA PARLAMENTİNDƏN UKRAYNAYA DAIR QƏTNAMƏ

Avropa Parlamentinin üzvləri Ukraynaya dəstəyi gücləndirməyə və onun Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunu təmin etməyə çağırıblar. “Report” agentliyinin xəbərinə görə, bu barədə Aİ-nin xarici və müdafiə siyasətinin dəyişdirilməsi ilə bağlı Avropa Parlamentinin plenar iclasında qəbul edilmiş qətnamədə bildirilir.

Sənəddə qeyd edilir ki, Ukrayna xalqı ilə həmrəyliyin siyasi əlaməti kimi bu ölkəyə namizəd statusu verilməlidir.

Bundan əlavə, Avropa ölkələri Ukraynaya lazım olan silahları dərhal verməyə, habelə hərbi əməliyyatlar başa çatdıqdan sonra ölkənin yenidən qurulmasına maksimum töhfə verməyə hazır olmağa çağırır.

Qətnamə müəllifləri, həmçinin Ukraynanın bərpası məqsədilə dondurulmuş Rusiya aktivlərinin və vəsaitlərinin müsadirə edilməsi üçün hüquqi mexanizm yaratmağı təklif ediblər.

 

TÜRKİYƏDƏ YERLİ İSTEHSAL OLAN SÜRƏT QATARININ PROTOTİPİ HAZIRLANIR

Türkiyədə yerli istehsal olan sürət qatarları üçün layihənin həyata keçirilməsi istiqamətində işlər aparılır. “APA”nın məlumatına görə, bu barədə “TÜRASAŞ” holdinqinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, layihənin hazırlanmasının ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihənin məqsədi ölkənin dəmir yolu qatarlarının ixracdan asılılığını azaltmaq və bu sahədə ixrac potensialının formalaşdırılmasıdır.

Eyni zamanda, layihə həyata keçirilərkən “Yeni Nəsil Milli Elektrik Qatarı” layihəsi çərçivəsində inkişaf etmiş infrastruktur və əldə olunan biliklərdən istifadə olunur.

Türkiyə istehsalı olan sürət qatarı 8 vaqondan ibarət olacaq və 582 sərnişini qəbul edəcək. Qatarın sürəti isə saatda 225 kilometrə çatacaq.

 

İRANDA YENİ NƏSİL SENTRİFUQALAR QURAŞDIRILIR

İran uranın zənginləşdirilməsi üçün yeni nəsil sentrifuqaların istehsalını və quraşdırılmasını sürətləndirib. “Report”un xəbərinə görə, bu barədə ISNA agentliyi məlumat yayıb.

Müasir sentrifuqaların quraşdırılması və nüvə obyektlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müşahidə kameralarının söndürməsi agentliyin rəsmi Tehrana qarşı qəbul etdiyi qətnaməyə cavabıdır.

Qeyd edək ki, bir neçə gün öncə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirmişdi ki, İran tərəfi AEBA-nın qətnaməsinə qarşı qətiyyəli və müvafiq cavab verəcək.

Diplomatın sözlərinə görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa özlərinin planlarını AEBA-nın nüfuzundan daha üstün tutaraq, dünyada ən şəffaf və dinc atom proqramına malik ölkəyə qarşı səhv və tələsik qətnamə qəbul etdilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.