Qısa, şərəfli ömür
Region

Qısa, şərəfli ömür

İmişli Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı ilə birgə Mədəniyyət Mərkəzində şəhid baş leytenant Səfərli Cavid Xaliq oğluna həsr olunmuş "Azərbaycan oğluyam" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının əməkdaşları, Aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhidimiz Cavidin şərəfli ömür yolundan danışdı. Bildirdi ki, Səfərli Cavid Xaliq oğlu 1993-cü ildə may ayının 31-də İmişli rayonunun Əliqulular kəndində dünyaya göz açmışdı. Namiq Şirinov adına İmişli şəhər 5 saylı tam orta məktəbində təhsilini bitirəndən sonra 2007-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub, 2010-cu ildə oranı bitirib. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə təhsilini başa vurub. "Leytenant" rütbəsi alan Cavid Səfərlinin çətin və şərəfli zabit həyatı başlayıb. Ordumuza layiqli zabit kimi yetişməyi qarşısına məqsəd qoyan Cavid Səfərli 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində hərbi təhsilini davam etdirir. 2018-ci ildə Azərbaycan ordusunun 100 illiyi medalı ilə təltif edilən gənc zabit Cavid Səfərli Qusar şəhərində yerləşən N saylı hərbi hissədə zabit kimi xidmətə başlayıb, Tabor komandirinin müavini vəzifəsinə yüksəlib. Cavid 27 sentyabrdan başlayan II Qarabağ müharibəsinin ilk günündən Füzuli və Cəbrayıl rayonlarının düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 21 oktyabr 2020-ci ildə, Xocavənd rayonunun strateji əhəmiyyətli Qırmızı bazar qəsəbəsi istiqamətində yerləşən Düdükçü kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Rayon rəhbəri qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin "İrəli!" əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirdi ki, şəhidlik uca və əlçatmaz zirvədir. Hər kəs bu zirvəyə yüksələ bilmir. Torpaq, Vətən yurd sevgisi, elə-obaya bağlılıq hissi güclü olan Vətəninin hər qarışını canından, qanından üstün tutanlar bu yolda ölümün gözünə dik baxmağı bacaran igid oğullar bu zirvəni fəth edirlər. Həmyerlimiz Cavid Xaliq oğlu Səfərli də belə oğullarımızdan biri idi. S.Ağayev qeyd etdi ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə Cavid Səfərli kimi qəhrəman, vətənpərvər, igid döyüşçülərimizin qəhrəmanlığı sayəsində zəbt olunmuş torpaqlarımız düşmən tapdağından azad edildi, bütün şəhidlərimizin ruhu rahatlıq tapdı. Şəhidimizin atası Xaliq çıxış edərək övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildirdi. Qeyd etdi ki, Cavid orta məktəbdə oxuyan vaxtdan hərbiçi olmağı arzulayırdı. Şəhidimizin atası ailələri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə etdilər. Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söz açan Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Faiq Xudanlı həmin qələbədə payı olan Səfərli Cavid kimi oğullarımızla hər birimizin fəxr etməyə haqqı olduğunu bildirdi. Çıxış edənlər şəhidimiz baş leytenant Cavid Səfərli kimi qəhrəman oğullarla fəxr etdiklərini söylədilər. Cavid kimi qəhrəman oğullar böyüdüb boya-başa çatdıran valideyinlərə xalqımız adından minnətdarlıqlarını ifadə etdilər.

Sonra İmişli Mədəniyyət Mərkəzinin işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvər ruhda şeirlər söylənildi və "Qəhrəmanlıq yolu" adlı sənədli film nümayiş olundu.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına, hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Səfərli Cavid Xaliq oğlu ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

"Respublika".