Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Yurdumuzun ən qədim tarixi, gözəl təbiəti, mərd, qorxmaz, qəhrəman insanları ilə tanınan Xocavənd ellərindən Birinci və İkinci Qarabağ müharibəsində yüzlərlə insan döyüşüb, torpaqlarımızın işğalçılardan azad edilməsi üçün canlarından keçiblər. Xocavəndlilər müharibənin gətirdiyi bütün faciələrə mərdliklə sinə gəriblər, 1991-1992-ci illərdə torpaqlarımızın müdafiəsi uğrunda uşaqlı-böyüklü, qadınlı-kişili sözün əsl mənasında yalın əllə, ov tüfəngləri ilə təpədən-dırnağadək silahlanmış erməni işğalçılarına qarşı qeyrətlə döyüşüblər. Bu torpaq Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovu və onun kimi onlarla igid oğulları yetişdirib. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun fədakarlığı, cəsarəti və igidliyi sayəsində Xocavənd rayonunun böyük hissəsi işğalçılardan azad edilib.

Vətən müharibəsində qəhrəman oğulların igidliyi, şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Medalların təqdimetmə mərasiminə həsr edilən tədbir Xocavənd Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra Xocavənd Rayon İcra Hakimiyyətinin binasında davam edən tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Şəhid ailələrinə, Vətən uğrunda öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edib, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu diqqətə çatdırıb.

Tədbirdə Vətən müharibəsi iştirakçılarının döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur hərbçi olduqları bildirilib. Qeyd olunub ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Xocavənd rayonundan olan Vətən müharibəsi iştirakçılarına, qazilərə və şəhid ailələrinə medallar təqdim edilib.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

"Respublika".