GƏDƏBƏY: TARİXİ ABİDƏLƏR TURİZMİN İNKİŞAFINA STİMUL VERİR
Region

GƏDƏBƏY: TARİXİ ABİDƏLƏR TURİZMİN İNKİŞAFINA STİMUL VERİR

Kiçik Qafqazın orta və yüksəklik qurşaqlarında yerləşən Gədəbəy ən qədim yaşayış məskənlərindən biridir. Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əsasən adı ilə məşhur olan Gədəbəy kartofu, taxılçılıq, arıçılıq, maldarlıq inkişaf etmişdir.

Son zamanlarda iqtisadiyyatda gəlirli sahə olan turizmin inkişafında da ürəkaçan canlanma görmək olar. Rayon yeraltı və yerüstü təbii sərvətlərlə zəngindir. Burada çoxlu sayda qədim tarixi abidələr bu günümüzə qədər gəlib çatmışdır.

Bu günlərdə rayonda mövcud olan tarixi abidələrlə maraqlanmaq üçün bölgəyə yollandıq. Mübaliğəsiz demək olar ki, indi Gədəbəy əsl cənnəti xatırladır. Hər tərəf sanki yaşıl xalı ilə bəzədilmişdir. Gülün, çiçəyin ətri insanı valeh edir.

Bu gün rayona yerli və xarici turistlər təşrif buyurur, mövcud abidələri ziyarət edirlər. Hazırda Gədəbəydə turistlərin normal istirahət etmələri üçün kifayət qədər müasir standartlara cavab verən hotel və istirahət mərkəzləri fəaliyyət göstərir. Eyni zamanda, ekoturizmin inkişafında da ürəkaçan mənzərə ilə rastlaşmaq olar.

Rayonda minerallarla zəngin olan təbii bulaqlar və kiçik çaylarda ötən illərdə suyun səviyyəsi azalsa da, bu il yağıntının normal olması bu problemi tamamilə yox etmişdir. İndi bulaqlarda və çaylarda su bolluğu müşahidə olunur. Ümid etmək olar ki, bu mövsümdə turistlərin sayında kəskin artım müşahidə olunacaqdır.

Hazırda mövcud olan tarixi abidələrin qorunması ciddi nəzarətdə saxlanılır. Rayonun Söyüdlü kəndində meşə massivində yerləşən Qız qalası IX əsrə təsadüf edir. Yaşayış massivindən qalaya avtomobil yolu çəkilmişdir ki, bu da turistlərin qalaya gediş-gəlişini asanlaşdırır. Qala müdafiə məqsədilə tikilmişdir. Eyni zamanda, həmin dövrdə ərazidə məbəd (xalq arasında Üçqardaş məbədi deyirlər) və Mahrasa ibadətgahı inşa olunmuşdur.

Cari ildə Qız qalasının təmir və bərpa işləri gözlənilir. Gədəbəyin Qalakənd kəndində XVI əsrə aid olan qala (Koroğlu qalası) yerləşir. Bundan başqa, Böyük Qaramurad kəndində 1634-cü ilə aid olan məbəd mövcuddur. Bu məbəd Vəng adı ilə də tanınır. Məbəd ibadət məqsədilə inşa olunmuşdur.

Gədəbəyin Novosaratovka kəndində də 1535-ci ilə aid olan ibadət etmək üçün məbəd vardır. Eyni zamanda, şəhərin özü də tarixi abidələrlə zəngindir. Şəhərin meşə massivində albanlara məxsus olan kiçik ölçülü kilsə də qorunub bu günümüzədək gəlib çatmışdır. Məlumdur ki, XIX əsrdə məşhur Siemens qardaşları Gədəbəydə mis mədənlərindən mis çıxarmaq üçün Azərbaycanda ilk dəmiryolu xəttini çəkmişlər (1865-1915-ci illərdə). O zaman salınan 1 №-li körpü hələ də qalmaqdadır. Xalq arasında bəzən bu körpüyə "Qanlı körpü" də deyirlər. Səbəb isə fəhlələri aparan qatar həmin körpüdən keçərkən dərəyə düşməsi nəticəsində insanların həlak olmasıdır. Lakin qatarın hansı səbəbdən aşması məlum deyil. Bu tip körpülərdən Səbətkeçməz kəndində 2 №-li, digəri isə 3 №-li körpülər mövcuddur. 1 №-li körpü yeddi tağlı olmaqla ən böyük körpüdür. Ümumiyyətlə, Gədəbəy şəhərindən Qalakəndədək 15-ə yaxın körpü tikilmişdir. Əhali bu körpülərin bəzilərindən hazıradək istifadə edir. Əlinağılar kəndindəki körpü kiçiktutumlu maşınların və insanların gediş-gəlişi üçün yararlıdır. Həmçinin Gədəbəy şəhərində almanlardan qalmış dəmir körpüdən (Gədəbəy şəhəri, Xəlil Haqverdiyev küçəsi) piyadalar hazırda istifadə edirlər.

Qeyd etdiyimiz kimi, rayon ərazisi albanlara məxsus tarixi məbədlərlə zəngindir. Qalakəndin Çanaqçı adlanan ərazisində də məbəd yerləşir. Rayonun Əyrivəng kəndində albanlardan qalma məbədin bir hissəsi müəyyən səbəblərdən uçmuşdur. Bundan başqa, Çaldaş kəndi ərazisində albanlara məxsus kilsə-məbəd mövcuddur.

Gədəbəyin bəzi yerlərində II və III əsrlərə aid qalaçalar qalmaqdadır. Söyüdlü kəndində həmin dövrə aid olan dünya əhəmiyyətli qalaça yerləşir. Qalaça müdafiə, müşahidə və yaşayış məqsədi üçün tikilmişdir. Rayonun Slavyanka kəndində Oğuz türklərinə məxsus olan qalaçalar mövcuddur. Burada böyük daşların üzərində əllə çəkilmiş Osmanlı dövrünə aid simvollar var. Bu qalaçalar II-III minilliklərə təsadüf edir.

Adətən bu qalaçadan bir neçə qalaçanı müşahidə etmək mümkün olmuşdur ki, bu da müdafiə xarakteri daşıyır. Qeyd etmək lazımdır ki, respublikada ən qədim qalaçalar Gədəbəy ərazisindədir. Rayonun Çanaqçı kəndində almanlara aid körpü, albanlara aid isə kilsə mövcuddur. Bundan başqa, Miskinli kəndinin aşağı hissəsində almanların inşa etdiyi daş körpüdən (el arasında Qıl körpü deyirlər) insanlar hələ də istifadə edirlər. Körpüdən hətta iritonnajlı maşınlar da keçə bilir.

Yerli sakinlərin dediyinə görə, körpünün tikintisində yumurtanın ağından və qara qoyunun südü ilə hazırlanmış palçıqdan istifadə olunmuşdur. Bundan başqa, rayonun Novosaratovka kəndində II-III minilliklərə aid 3 ədəd kurqan mövcuddur. Kiçik Qaramuradda isə 8 ədəd kurqan var. Deyilənə görə, o dövrdə yaşayan insanların boyu 2 metrdən uca olmuşdur. Miskinli kəndində köhnə qəbiristanlıqda 1 ədəd at fiquru və qəbirüstü daş kitabələr bir daha Gədəbəyin qədim tarixə malik olduğunu sübut edir.

Göründüyü kimi, Gədəbəy tarixi abidələrlə zəngin olan bir diyardır.

Vəli VƏLİYEV,

"Respublika".