DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ÇİN BİR QƏRARLA ABŞ-I HƏRBI TEXNIKADAN MƏHRUM EDƏ BİLƏR

Çin nadir torpaq minerallarının ABŞ-a tədarükünü dayandırmaq qərarına gələrsə, ABŞ ordusu silahsız qala bilər. “Sputnik” informasiya agentliyi bu barədə “Fox News” telekanalına istinadən məlumat yayıb.

“Bu material olmasa, təyyarələrin uçuşu, tankların isə hərəkəti dayanacaq və orduda rabitə problemləri müşahidə oluna bilər”, - deyə telekanalın məlumatında vurğulanır.

Məlumata əsasən, Çin dünyanın mineral ehtiyatlarının demək olar ki, 90 faizinə nəzarət edir. ABŞ-ın özündə isə bu ehtiyatların istehsalı və hasilatı sərt ekoloji qanunvericiliyə görə məhdudlaşdırılıb.

“Amerikanın “F-35” qırıcıları, “M1 Abrams” tankları, yer-hava raketləri bu materiallardan hazırlanır. Pekinin nadir torpaq mineralları üzərində monopoliyası ABŞ-ın milli təhlükəsizliyini təhdid edir”, - deyə telekanalın xəbərində qeyd olunur.

Öz növbəsində ABŞ senatoru Tom Kotton xəbərdarlıq edib ki, Pentaqonun ehtiyatları maksimum bir ilə kifayət edəcək.

 

FAO: DÜNYADA GƏLƏN İL ƏRZAQLA BAĞLI CİDDİ PROBLEMLƏR YAŞANACAQ

Ukraynadakı böhran səbəbindən dünyada ərzaq çatışmazlığı və bahalaşma gözlənilir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu proqnozu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) iqtisadçısı Maksimo Torero verib.

“Neft qiymətlərinin artması və gübrə ixracının bloklanması ilə ən pis ssenaridə, daha 13,7 milyon insanın qida çatışmazlığı riski ilə üzləşəcəyini gözləyə bilərik. Qarğıdalı və taxıl təkcə çörək hazırlamaq üçün deyil, həm də mal-qaranı bəsləmək üçün lazımdır. Onların bahalaşması məhsulun mayasında da özünü göstərir. Qida istehsalında yaranan çətinliklər 2023-cü ildə böhranın daha da pisləşməsinə gətirib çıxaracaq”, - deyə ekspert vurğulayıb.

Bununla yanaşı, ekspert qeyd edib ki, Ukraynada müharibə davam edərsə, daha 18 milyon insan qida çatışmazlığından əziyyət çəkə bilər.

“Avropada Litva, Moldova, Serbiya, Finlandiya, Estoniya kimi ölkələr demək olar ki, Rusiya gübrələrinin tədarükündən asılıdır. Onlara İrlandiya, Norveç, Polşa, Şimali Makedoniya, Sloveniya da əlavə olunub”, - deyə FAO-nun aparıcı iqtisadçısı bildirib.

 

Aİ RUSİYAYA QARŞI YEDDİNCİ SANKSİYA PAKETİNİN ÜZƏRİNDƏ İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeddinci sanksiya paketinin üzərində işləyir. “APA”nın verdiyi xəbərə görə, bunu Polşanın xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib. Yablonski sanksiyaların Rusiya qazının ixracına yönəldiləcəyini qeyd edib.

“Rusiyanın “Qazprombank”ın hesabına hələ də sata biləcəyi qazı var. Bu ölkənin banklarının “SWIFT” beynəlxalaq sistemindən çıxarıldığı bir vaxtda düşünürəm ki, sanksiyaları daha da sərtləşdirməliyik”, - deyə Polşa xarici işlər nazirinin müavini vurğulayıb.

Eyni zamanda, Yablonskinin sözlərinə görə, bir çox ölkələr Rusiya ilə sərfəli ticarəti davam etdirmək üçün sanksiyalardan qaçmağın yollarını axtarır. Bu da Aİ üçün problemə səbəb olub. Məsələn, bir çox ölkələrin Moskvanın qaz tədarükünün rublla ödənilməsi şərtləri ilə razılaşması Polşanın maraqlarına uyğun gəlmir.

Məlumat üçün qeyd edək ki, bir neçə gün bundan öncə Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini qəbul edib.

 

NİGERİYADA KİLSƏYƏ HÜCUM NƏTİCƏSİNDƏ ONLARCA İNSAN ÖLDÜRÜLÜB

Nigeriyanın cənub-qərbində yerləşən Müqəddəs Fransisk katolik kilsəsində silahlıların hücumu nəticəsində 50-dən çox insan həlak olub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə yerli “Nigerian Tribune” qəzeti həkimlərə istinadən məlumat yayıb.

Bununla yanaşı, nəşrin xəbərinə əsasən, silahlı hücum nəticəsində yaralananlar Ovo şəhərinin tibb mərkəzinə yerləşdiriliblər. Bundan öncə ölkə mətbuatı 25-ə yaxın  insanın öldüyünü bildirmişdi. Öz növbəsində “Politics Nigeria” xəbər portalı 85 nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, səhər ayin zamanı beş yaraqlı kilsəyə daxil olub. Onlar ətrafdakılara atəş açıblar və keşişi ələ keçirməyə cəhd göstəriblər. Keşişin müqavimətindən sonra hücum edənlər kilsə üzvlərinə bomba atıblar.

Məlumat üçün qeyd edək ki, Nigeriyada xristianlar ölkə əhalisinin 47 faizini təşkil edir. Onlar əsasən ölkənin cənubunda yaşayırlar. Müsəlmanlar isə ölkə əhalisinin 51 faizini təşkil edir və şimal və mərkəzi bölgələrində yaşayırlar.

 

ZELENSKİ: “AZOVSTAL”IN 2500-DƏN ÇOX DÖYÜŞÇÜSÜ RUSIYA ƏSİRLİYINDƏDIR

“Azovstal” polad zavodundan olan 2,5 mindən çox ukraynalı hərbçi Rusiya əsirliyindədir və onların azad edilməsi ilə ölkənin Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məşğul olur. “Report” agentliyinin məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Rusiya tərəfinin “Azovstal”ın müdafiəçilərinə qarşı işgəncədən istifadə etməsi sərfəli deyil, çünki onlar “publik məhbus” olublar.

Prezident həmçinin qeyd edib ki, o, ukraynalı hərbçilərin gələcək taleyi ilə bağlı Rusiya hakimiyyətinin və qondarma Donetks xalq respublikasının nümayəndələrinin bəyanatlarını ciddi qəbul etmir.

Xatırladaq ki, Ukrayna hərbçilərinin “Azovstal”dan təxliyəsi mayın 16-da başlayıb. Mayın 20-də zavodun aparıcı müdafiə qüvvəsi olan “Azov” alayı müdafiənin dayandırılması əmri verildiyini açıqlayıb.

 

YAPONİYA CIDDI ENERJİ ÇATIŞMAZLIĞI İLƏ QARŞILAŞA BİLƏR

Yaponiya növbəti qış fəslində havaların soyuq keçəcəyi təqdirdə 2011-ci il zəlzələsindən sonra ən ciddi enerji çatışmazlığı ilə qarşılaşa bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə aparılan hesablamalara əsasən “Nikkei” qəzeti iyunun 6-da dərc etdiyi məqalədə məlumat yayıb.

Məlumata əsasən, elektrik enerjisi çatışmazlığının azı 1,1 milyon ev təsərrüfatını əhatə edəcəyi gözlənilir. Məsələ burasındadır ki, son vaxtlar ölkədə bir sıra istilik elektrik stansiyalarının fəaliyyəti dayandırılıb.

Bununla yanaşı, məlum zəlzələdən sonra işi dayandırılan AES-lərin fəaliyyətinin bərpasına isə yerli hakimiyyət orqanları hələ də razılıq vermirlər. Həmçinin, Ukrayna ətrafında vəziyyətlə əlaqədar Rusiyadan enerji ehtiyatlarının alınması məsələsi də sual altındadır.

Qəzetin yazdığına görə, qış fəsli soyuq keçəcəyi təqdirdə ölkə üzrə elektrik enerjisi çatışmazlığı 3,5 milyon kVt təşkil edə bilər. Mütəxəssislərin rəyinə görə, Rusiyadan sıxılmış qazın idxalı dayandırılacağı halda isə bu göstərici 4 milyon kVt-a çatacaq.

 

İSVEÇ ALİMLƏRİ YENİ NÖV KORONAVİRUS AŞKAR EDİB

İsveçin Uppsala Universitetinin alimləri kürən tarlasiçanlarında yeni növ koronavirus aşkar ediblər. “Trend”in məlumatına görə, bu barədə “Viruses” jurnalında dərc olunan məqalədə qeyd olunur.

Bildirilir ki, mütəxəssislər 2015-2017-ci illərdə İsveçin Qrimsö rayonunda tutulmuş 250-dən çox tarlasiçanı üzərində aparılan müşahidələrdə gəmiricilərin 3 faizindən çoxunda yeni növ koronavirus aşkar ediblər.

Eyni zamanda, mütəxəssislər hesab edir ki, bu virus gəmiricilər arasında geniş yayıla bilər. Yeni aşkar olunan koronavirusa “Qrimsö virusu” adı verilib.

Qeyd edilir ki, bundan öncə “HCoV-OC43” və “HCoV-HKU1” koronavirusları gəmiricilərdən insana keçib və müxtəlif mövsümi respirator infeksiyalara yol açıblar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.