DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NATO-NUN BAŞ KATİBİ: MÜHARİBƏ DANIŞIQLARMASASI ARXASINDA BİTƏCƏK

Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək. “Report”un “CNN” telekanalına istinadən  verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

Baş katibin sözlərinə görə, Ukraynanın NATO-nun əlavə dəstəyinə ehtiyacı olacaq. Stoltenberq həmçinin qeyd edib ki, müharibənin nəticəsini proqnozlaşdırmaq çətindir.

“Müharibələr öz təbiətinə görə gözlənilməzdir və buna görə də biz sadəcə olaraq uzunmüddətli dövrə hazır olmalıyıq. Ukraynalılar öz ölkələrini qorumaq üçün döyüş meydanında itki verir, lakin Rusiyada da itkilər var”, - deyə alyansın baş katibi vurğulayıb.

Bundan öncə Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin təxminən 20 faizi Rusiya ordusunun nəzarəti altına keçib.

 

PAKİSTANIN KEÇMİŞ BAŞ NAZİRİNDƏN XƏBƏRDARLIQ

“Erkən seçkilərin tarixi müəyyən edilməsə, Pakistan vətəndaş müharibəsinə sürüklənəcək”. “Teleqraf.com”un xəbərinə görə, bunu ölkənin keçmiş baş naziri İmran Xan bəyan edib.

Məlumata əsasən, İmran Xan partiyasının etirazçıların müdafiəsi ilə əlaqədar Ali Məhkəmənin qərarını gözlədiyini bildirib və əlavə edib ki, qərardan sonra seçkilərin keçirilməsi tələbi ilə növbəti yürüşün tarixini açıqlayacaq.

Qeyd edək ki, İmran Xan mayın 22-də Pişəvər şəhərində keçirdiyi mitinqdə Şahbaz Şərif hökumətini qəbul etməyəcəklərini açıqlayıb və tərəfdarlarını erkən seçkilər üçün İslamabadda dinc yürüşə çağırıb.

Yürüşlər zamanı onlarca İmran Xan tərəfdarı ilə yanaşı, ən azı 100 polis əməkdaşı yaralanıb, etirazlarda təxminən 1700 nəfər saxlanılıb. Mayın 26-da keçmiş baş nazir paytaxta yürüşü dayandırıb, hökumətə seçki tarixini təyin etmək və parlamenti buraxmaq üçün vaxt verib.

 

ÜST: ŞİMALİ KOREYADA “COVID-19”LA BAĞLI VƏZİYYƏT PİSLƏŞİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada “COVID-19”la bağlı vəziyyətin getdikcə pisləşdiyi qənaətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.

Təşkilat rəsmisi məlumatlara çıxışda və yerlərdəki real vəziyyətlə bağlı böyük problemlər olduğunu, bunun vəziyyəti təhlil etməyi çətinləşdirdiyini qeyd edərək KXDR-i ÜST-ə ölkədəki “COVID-19” epidemiyası ilə bağlı durumla əlaqədar daha çox məlumat verməyə çağırıb.

Maykl Rayanın sözlərinə görə, indi qurumun KXDR-dəki vəziyyətlə bağlı, rəsmi olaraq dərc olunan məlumatlar istisna olmaqla, heç bir məlumatı yoxdur.

Eyni zamanda, təşkilat rəsmisi qeyd edib ki, ÜST dəfələrlə Şimali Koreya hakimiyyətinə pandemiya ilə mübarizədə, o cümlədən “COVID-19”a qarşı peyvəndlərdə yardım təklif edib.

 

VİKTOR MEDVEDÇUKUN MƏHKƏMƏSİ BAŞLAYIR

Ukraynanın Dövlət İstintaq Bürosu (DİB) Ali Radanın deputatı Viktor Medvedçukun işi ilə bağlı ibtidai istintaqı başa çatdırıb. “APA”nın xəbərinə görə, DİB-in yaydığı məlumatda bildirilir ki, “Müxalifət Platforması - Həyat üçün” partiyasından olan deputat Viktor Medvedçukun işi ilə bağlı ittiham aktı məhkəməyə təqdim edilib.

Məlumata əsasən, iş üzrə Viktor Medvedçuk dövlətə xəyanətdə və müharibə qanunlarını pozmaqda ittiham edilir.

Eyni zamanda, istintaqın gəldiyi qənaətə görə, Viktor Medvedçuk Rusiya üçün Ukraynaya qarşı təxribat fəaliyyətinin həyata keçirilməsində yardım göstərib.

Bununla yanaşı, təqsirləndirilən şəxsi əmlakı müsadirə edilməklə 15 ilədək azadlıqdan məhrum etmə cəzasının gözlədiyi bildirilib.

 

COZEF BAYDEN HÜCUM SİLAHLARININ SATIŞINI QADAĞAN ETMƏYƏ ÇAĞIRIB

ABŞ prezidenti Cozef Bayden Konqresi ölkədə baş verən son kütləvi atışmalara cavab olaraq hücum silahlarının və yüksək tutumlu silah sandıqlarının satışını qadağan etməyə çağırıb. “Trend”in məlumatına görə, bu barədə ABŞ prezidenti ölkə vətəndaşlarına müraciətində bəyan edib.

Dövlət başçısının sözlərinə görə, hücum silahlarının satışını qadağan edən qanunun qüvvəyə mindiyi 10 il ərzində kütləvi atışmaların sayı azalmışdı. “Respublikaçılar qanunun 2004-cü ildə bitməsinə icazə verdikdən sonra bu silahların yenidən satışına icazə verildi. Bununla da kütləvi atışmalar üç dəfə artdı”, - deyə Cozef Bayden əlavə edib.

Konqres bu qadağanı qəbul edə bilməsə, ABŞ prezidenti hücum silahlarının alınması yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

 

ÇİN LİDERİNDƏN KOMANDASINA RUSİYA İLƏ BAĞLI TAPŞIRIQ

Çin hökuməti Qərbin sanksiyalarını pozmadan Rusiyaya yardım etməyə çalışır. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Moskva Pekinə ən azı iki dəfə yeni iqtisadi dəstək formaları təklif edib. Rusiya Çindən ticarət sazişlərini saxlamağı, eləcə də Qərbin sanksiyalarından təsirlənən sənaye sahələrinə maliyyə və texnoloji dəstək göstərməyi istəyir.

Qəzetin Pekindəki mənbələri Çinin ən mühüm strateji tərəfdaşına kömək etməyə çalışarkən çıxılmaz vəziyyətdə olduğunu bildiriblər. Çin lideri Si Cinpin komdasına Rusiyaya sanksiyalar rejimini pozmadan necə maliyyə yardımı ediləcəyinin yollarını tapmağı tapşırıb.

Məlumat üçün qeyd edək ki, 2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 200 milyard dollara çata bilər.

 

BMT: TAXIL İXRACININ TEZ BIR ZAMANDA BƏRPA OLUNMASI ZƏRURİDİR

Dünyada 1,5 milyard insan Ukrayna taxılından, Rusiyanın ərzaq və gübrəsindən asılı olduğundan taxıl ixracını bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır. “Report” agentliyinin xəbərinə görə, bu barədə BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib.

“Dünyada bu ərzağa və gübrəyə ehtiyacı olan 1,5 milyard insan var. Ümid edirəm ki, danışıqlar həqiqətən problemsiz keçəcək və mümkün qədər tez başa çatdırılacaq, növbəti böhranla üzləşməmiş limanlar blokadadan çıxarılacaq və gübrə, ərzaq ixracı bərpa olunacaq”, - deyə diplomat Cenevrədə keçirdiyi brifinqdə vurğulayıb.

Qeyd edək ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bu məsələni müzakirə etmək üçün hazırda Moskvada Rusiya hökumətinin nümayəndələri ilə görüşlər keçirir.

 

3D PRİNTERDƏ İLK DƏFƏ İNSAN HÜCEYRƏSİNDƏN QULAQ HAZIRLANIB

ABŞ-da ilk dəfə xəstənin öz hüceyrələrindən hazırlanmış və 3D printerlə çap edilmiş qulağın köçürülməsi uğurla başa çatıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Sağ qulağı balaca və deformasiya ilə doğulan 20 yaşlı qadın 3D printer sayəsində yeni qulağına qovuşub.

“The New York Times” qəzetində yer alan xəbərə görə, əməliyyatı edən həkim Arturo Bonilla Aleksa adlı qadının qulağından yarım qram qığırdaq çıxararaq sağlam sol qulağının 3D skanını apararaq bu materialı “3DBio Therapeutics” şirkətinə göndərib.

Daha sonra şirkət toxuma nümunəsindən milyardlarla hüceyrə böyütmək üçün istifadə edib və sonra şirkətin kolagen əsaslı mürəkkəbilə qarışdırılıb və bu mürəkkəb xəstənin sağlam qulağının güzgü nüsxəsini yaratmaq üçün xüsusi 3D bioprinterə əlavə edilib. Bütün prosesin 10 dəqiqədən az çəkdiyi açıqlanıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.