Qısa,  şərəfli  ömür     
Region

Qısa,  şərəfli  ömür     

İmişli Rayon İcra Hakimiyyəti,  Yeni Azərbaycan Partiyası İmişli  Rayon Təşkilatı ilə birgə İmişli   Mədəniyyət Mərkəzində şəhid   baş  leytenant Səfərli Cavid  Xaliq  oğluna həsr olunmuş “Azərbaycan  oğluyam” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə İmişli Rayon  İcra Hakimiyyətinin başçısı  Elçin  Rzayev, YAP  İmişli rayon  təşkilatının əməkdaşları, Aparatın  məsul şəxsləri, hüquq-mühafizə  orqanlarının  rəhbərləri,  şəhidin  ailə üzvləri və  rayon ictimaiyyəti  iştirak ediblər.

Əvvəlcə  44  günlük  Vətən  müharibəsində  canlarından  keçmiş  şəhidlərin xatirəsi bir  dəqiqəlik sükutla yad  edildi.  Tədbiri  giriş  sözü ilə açan  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı Elçin  Rzayev şəhidimiz  Cavidin  şərəfli  ömür  yolundan  danışdı. Bildirdi ki, Səfərli  Cavid  Xaliq oğlu 1993-cü ildə  may  ayının 31-də İmişli  rayonunun  Əliqulular kəndində dünyaya  göz  açmışdı. Namiq Şirinov adına  İmişli  şəhər 5 saylı tam orta  məktəbində  təhsilini  bitirəndən  sonra  2007-ci ildə  C.Naxçıvanski  adına  hərbi  liseyə  daxil  olub,  2010-cu  ildə  oranı  bitirib.  Elə  həmin  il  Heydər  Əliyev  adına  Azərbaycan  Ali Hərbi Məktəbinə  daxil  olub  və  2014-cü  ildə  təhsilini  başa  vurub.  “Leytenant” rütbəsi  alan  Cavid  Səfərlinin  çətin  və  şərəfli  zabit  həyatı  başlayıb.  Ordumuza  layiqli  zabit  kimi  yetişməyi  qarşısına  məqsəd  qoyan  Cavid  Səfərli 2014-2015-ci  illərdə Tədris-Təlim Mərkəzində  hərbi təhsilini  davam  etdirir. 2018-ci  ildə  Azərbaycan  ordusunun  100  illiyi  medalı  ilə  təltif  edilən  gənc  zabit Cavid  Səfərli  Qusar  şəhərində  yerləşən  N  saylı  hərbi  hissədə  zabit  kimi  xidmətə  başlayıb, Tabor komandirinin  müavini  vəzifəsinə  yüksəlib. Cavid  27 sentyabrdan  başlayan  II  Qarabağ  müharibəsinin  ilk  günündən   Füzuli  və  Cəbrayıl  rayonlarının  düşmənlərdən  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  vuruşub.  21  oktyabr 2020-ci  ildə,  Xocavənd  rayonunun  strateji  əhəmiyyətli Qırmızı  bazar   qəsəbəsi istiqamətində  yerləşən  Düdükçü kəndi uğrunda  gedən  ağır  döyüşlərdə  qəhrəmancasına  şəhid  olub. Rayon  rəhbəri  qeyd  etdi  ki,  Ali  Baş  Komandan  cənab  İlham Əliyevin “İrəli!”  əmrini  layiqincə  yerinə  yetirərək  Vətən  torpaqlarının  ərazi  bütövlüyünü  bərpa  edən hərbçilərimizə, əsgərlərimizə,  canından  keçən  şəhidlərimizə,  sağlamlığını  itirən  qazilərimizə,  onların ailə  üzvlərinə  diqqət  ayırmaq, qayğı  göstərmək  hər  birimizin  borcudur. Çıxış  edən   YAP  İmişli  rayon  təşkilatının  sədri  Səfa  Ağayev  bildirdi  ki,  şəhidlik  uca  və  əlçatmaz  zirvədir.  Hər  kəs  bu  zirvəyə  yüksələ  bilmir.  Torpaq,  Vətən  yurd  sevgisi,  elə-obaya  bağlılıq  hissi  güclü  olan  Vətəninin  hər  qarışını  canından,  qanından  üstün  tutanlar  bu  yolda  ölümün  gözünə  dik  baxmağı  bacaran  igid  oğullar  bu  zirvəni  fəth  edirlər. Həmyerlimiz  Cavid  Xaliq  oğlu Səfərli  də  belə oğullarımızdan  biri  idi. S.Ağayev  qeyd  etdi  ki,  44  günlük  Vətən  müharibəsində  Ali  Baş  Komandan  İlham  Əliyevin  rəhbərliyi  ilə  gedən  döyüşlərdə  Cavid  Səfərli  kimi  qəhrəman,  vətənpərvər,  igid  döyüşçülərimizin  qəhrəmanlığı  sayəsində zəbt olunmuş  torpaqlarımız düşmən  tapdağından azad  edildi, bütün  şəhidlərimizin  ruhu  rahatlıq tapdı. Şəhidimizin  atası Xaliq çıxış edərək övladlarının  qəhrəmanlığı  ilə fəxr  etdiklərini  bildirdi. Qeyd  etdi  ki,  Cavid orta məktəbdə  oxuyan  vaxtdan hərbiçi olmağı  arzulayırdı. Şəhidimizin  atası ailələri adından göstərilən diqqət   və  qayğıya  görə Azərbaycan Prezidenti  Ali  Baş  Komandan İlham  Əliyevə  və  Birinci vitse-prezident  Mehriban  xanım  Əliyevaya  öz  dərin  minnətdarlıqlarını  ifadə  etdilər.   Azərbaycan ordusunun  qazandığı  tarixi qələbədən söz  açan Kürdəmir Regional Mədəniyyət  idarəsinin  rəisi  Faiq  Xudanlı  həmin  qələbədə  payı  olan  Səfərli  Cavid kimi  oğullarımızla  hər  birimizin  fəxr  etməyə  haqqı  olduğunu bildirdi. Çıxış  edənlər   şəhidimiz baş leytenant  Cavid  Səfərli  kimi  qəhrəman  oğullarla  fəxr  etdiklərini  söylədilər.  Cavid  kimi  qəhrəman  oğullar  böyüdüb  boya-başa  çatdıran  valideyinlərə  xalqımız  adından  minnətdarlıqlarını  ifadə  etdilər.

Sonra İmişli Mədəniyyət  Mərkəzinin  işçilərinin hazırladığı  ədəbi-bədii kompozisiya  nümayiş  etdirilib, vətənpərvər ruhda  şeirlər  söylənildi  və  “Qəhrəmanlıq  yolu” adlı  sənədli   film  nümayiş olundu.

Qeyd  edək  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  ölkəmizin  ərazi  bütövlüyünün   təmin  edilməsi uğrunda  döyüş əməliyyatlarında  iştirakına, hərbi  hissə  qarşısına  qoyulmuş  tapşırıqların  icrası  zamanı,  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə Səfərli Cavid  Xaliq  oğlu  ölümündən sonra “Vətən uğrunda”,  "İgidliyə görə",  “Füzulinin azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə”  və   “Xocavəndin  azad  olunmasına  görə” medalları  ilə  təltif  edilib.

Ərəstun ABDULOV,

“Respublika”.