DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN: ABŞ RUSİYA İLƏ MÜHARİBƏ ETMƏK NİYYƏTİNDƏ DEYİL

“Biz Rusiya ilə NATO arasında müharibə axtarmırıq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden “The New York Times” qəzetinə yazdığı məqaləsində bildirib.

Cozef Bayden vurğulayıb ki, ABŞ Rusiya ilə müharibəni arzulamır. ABŞ Prezidentinin sözlərinə görə, NATO qüvvələrinə hücum olmayanadək Vaşinqton Ukrayna münaqişəsinə birbaşa müdaxilə etməyəcək.

Eyni zamanda, Cozef Bayden məqaləsində qeyd edib ki, münaqişədə ABŞ-ın başlıca hədəfi Ukraynanın demokratik dövlət və özünü istənilən hücumlardan müdafiə etmək qabiliyyətinə malik olmasıdır.

“ABŞ başda olmaqla azad dünya və başqa ölkələr hərbi, humanitar və maliyyə yardımı etməklə Ukraynanın tərəfindədir”, - deyə dövlət başçısı məqalədə bildirib.

 

TÜRKİYƏNİN BEYNƏLXALQ ADI DƏYİŞDİRİLİB

Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib. “APA”nın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında məlumat verib.

Nazir qeyd edib ki, yeni qərar rəsmi Ankaranın ölkənin beynəlxalq aləmdə nüfuzunun artırılmasına yönəlmiş addımları çərçivəsində qəbul edilib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını “Türkiye” olaraq qeyd edirik. Xeyirli olsun!”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Beləliklə, bundan sonra Türkiyə adı bütün beynəlxalq forumlarda və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə (Türkey, Turkei, Turquie və s.) “Türkiye” kimi istifadə olunacaq.

 

BELÇİKA UKRAYNAYA HAUBİTSA VERMƏKDƏN İMTİNA EDİB

Ukrayna Belçikadan “M109” zirehli haubitsalarını əldə edə bilməyəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, “De Morgen” nəşri Belçika Müdafiə Nazirliyinin bu silahı əldə etməkdə çətinliklə üzləşdiyini bildirib.

“Qarşı tərəf ödədiyi məbləğin qarşılığında on dəfə çox texnika tələb edərsə, danışıqlar aparmaq çox çətindir”, - deyə məlumatda qeyd olunur.

Törəmə müəssisəsi hərbi texnika ilə məşğul olan “OIP” Şərqi Flamand texnologiya şirkəti belçikalı mütəxəssislərə “M109”un vəziyyətini yoxlamağa icazə verməyib.

Eyni zamanda, Belçika Müdafiə Nazirliyi haubitsaların başqa bir alıcıya satıldığını bildirib. “OIP” isə bu məsələyə münasibət bildirməyib, ona görə də onları kimin aldığı məlum deyil.

“Odur ki, tədarük olmayacaq, lakin bu, prinsipial mülahizələrə görə deyil”, - Belçikanın müdafiə naziri Lyudivin Dedonder bildirib.

 

KORONAVİRUSUN DAHA YOLUXUCU ŞTAMMLARI ORTAYA ÇIXA bilƏR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun indikilərdən daha yoluxucu olma ehtimalı olan yeni ştammlarının ortaya çıxacağını gözləyir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu ÜST-ün eksperti Mariya van Kerkxove təşkilatın “Twitter” səhifəsində yayımlanan sual-cavab seansında bildirib.

“Koronavirusun daha çox variantının müəyyən ediləcəyini və daha yoluxucu olma ehtimalını gözləyirik”, - deyə ekspert vurğulayıb.

Mariya van Kerkxovenin sözlərinə görə, mütəxəssislər bu ştammlarda yoluxmanın xəstəliyin daha ağır gedişinə gətirib çıxarıb-şıxarmıyacağını hələ bilmir.

Bununla yanaşı, ekspert hələ peyvənd olunmayan hər kəsi koronavirusa qarşı peyvənd olunmağa çağırıb.

 

İSVEÇ TÜRKİYƏ İLƏ DANIŞIQLARI DAVAM ETDİRƏCƏK

İsveç NATO-ya daxil olmaq məsələsində Türkiyə ilə danışıqları davam etdirəcək. “Report”un verdiyi xəbərə görə, bu barədə İsveçin baş naziri Maqdalena Andersson “TT” xəbər agentliyinə müsahibəsində bildirib.

Bununla yanaşı, İsveç və Finlandiya nümayəndə heyətlərinin Ankaraya səfərini şərh edən baş nazir danışıqların gözlənilən səviyyədə olmadığını qeyd edib.

Baş nazirin sözlərinə görə, Stokholm Türkiyə ilə danışıqları müxtəlif səviyyələrdə davam etdirəcək.

Ankaraya səfərinin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandıran Maqdalena Andersson əlavə edib ki, rəsmi Stokholm bu prosesdə düzgün bildiyi hər şeyi edəcək.

 

MARİN LE PENDƏN FRANSIZLARA XƏBƏRDARLIQ

Aİ-nin Rusiya neft sənayesinə qarşı sanksiyaları fransızlar və ilk növbədə onların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Fransanın “Milli Birlik” partiyasından keçmiş prezidentliyə namizəd Marin Le Pen “France 2” telekanalının efirində bildirib.

“Bu qərar fransızların alıcılıq qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb olacaq.  Yanacağın, qazın və elektrik enerjisinin bahalaşmasını nəzərə alsaq bu “əsl dram”la nəticələnəcək”, - deyə Le Pen vurğulayıb.

Aparıcının Rusiya yanacağını almaqdan imtina etməklə, Avropa ölkələrinin Rusiyanı Ukraynada xüsusi əməliyyat üçün istifadə oluna biləcək milyonlarla avrodan məhrum etmələri barədə bəyanatına cavab olaraq siyasətçi qeyd edib ki, Moskva yenə də neft və neft məhsullarını satacaq, sadəcə olaraq başqa ölkələrə. Eyni zamanda, o, Avropanın digər ölkələrlə əlavə xammal tədarükü barədə razılıq əldə olunmadan sanksiyaların tətbiqi qərarını tənqid edib.

Xatırladaq ki, Aİ ölkələrinin dövlət və hökumət başçıları bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların altıncı paketini razılaşdırıblar.

 

ABŞ KXDR-ə QARŞI YENİ SANKSİYALAR TƏTBİQ EDƏCƏK

ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurası tərəfindən KXDR-ə qarşı əlavə sanksiyaların tətbiqinə nail olmaq niyyətindədir. “APA”nın verdiyi xəbərə görə, bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Linda Tomas-Qrinfild brifinq zamanı bəyan edib.

“Biz, əlbəttə ki, yeni sanksiyaların tətbiqinə nail omağa çalışacağıq. İlk növbədə mövcud sanksiyaları gücləndirməliyik”, - deyə L.Tomas-Qrinfild vurğulayıb.

Daimi nümayəndə qeyd edib ki, ABŞ son qətnamədə də etməyə çalışdığı kimi, əlavə sanksiyaların tətbiqində israrlıdır.

Məlumata görə, L.Tomas-Qrinfild ABŞ-ın Rusiya Federasiyası və Çinin daha əvvəl veto qoyduğu qətnamə layihəsini nəzərdə tutub.

 

BRAZİLİYADA TƏBİİ FƏLAKƏT NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 106 NƏFƏRƏ ÇATIB

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb. “Report” agentliyinin məlumatına görə, bu barədə “G1” xəbər portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Təbii fəlakət zamanı daha 10 nəfərin itkin düşdüyü bildirilir. Onların axtarışlarına 300-ə yaxın xilasedici cəlb olunub. Məlumata əsasən, təbii fəlakət nəticəsində həmçinin 6198 nəfər evsiz qalıb.

Eyni zamanda, qeyd olunur ki, son altı ayda Braziliyanın Bahia, Minas Gerais, Pernambuko və Rio-de-Janeyro ştatlarında leysan yağışları nəticəsində 400-dən çox insan həlak olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.