Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Bakteriyalar da "danışa" bilirmiş

Bakteriyaların xam nefti, plastiki parçalamaq, metalları "yemək", şişləri kiçiltmək və hətta robotları idarə etmək kimi bacarıqlara sahib olduğunu yəqin ki, bilirdiniz. Amma bildiyimiz bu qədər məlumatlara rəğmən, bilmədiklərimiz də var. Məsələn, gözlə görünməyən bu orqanizmlərin səs çıxara bildiyini də bilirdinizmi? Bu yaxınlarda elm adamları ilk dəfə olaraq bakteriyaların səslərini qeydə almağı bacarıblar. Əldə edilən bu yenilik xüsusilə bakteriyaların antibiotiklərə qarşı müqavimətinin aşkar edilməsində böyük irəliləyişə səbəb ola bilər.

Delft Universitetinin alimləri gözlə görünməyən bakteriyaların səs çıxardığını kəşf ediblər. "Nature Nanotechnology" jurnalında dərc edilən xəbərə görə, Escherichia coli adlı bakteriyaların incə səslərini qeydə almaq üçün ultranazik qrafen barabanlardan istifadə edilib.

"Gördüklərimiz heyrətamiz idi. Bakteriya qrafen barabanının səthinə yapışdığı zaman biz onun səsini eşidə bildik!", - deyə Delft Universitetinin professoru Cees Dekker qeyd edib.

Bakteriyalar çok kiçik olduğundan ənənəvi səsyazma üsulları kifayət etmədiyi üçün komanda aşağı diapazonlu səsləri qeydə ala bilmək məqsədilə son dərəcə həssas alətdən istifadə edib. Karbon atomlarının tək qatından ibarət, səs və elektrik keçirmə qabiliyyətinə malik qrafendən istifadə edən tədqiqatçılar E.colinin çox zəif titrəmələrini qeydə almağa müvəffəq olublar.

Həmçinin tədqiqatçılar antibiotiklərin "mikrob musiqisinə" necə təsir edə biləcəyini də araşdırıblar. Təxmin edildiyi kimi, antibiotikə məruz qalan bakteriyaların bir neçə saat sonra səslərinin kəsildiyi müşahidə olunub. Bu yenilik gələcəkdə onların antibiotiklərə qarşı müqavimət göstərib-göstərmədiyini müəyyən etmək üçün də istifadə edilə bilər.

 

Əcdadlarımız düşündüyümüzdən də...

İsrailli alimlər bu yaxınlarda maraqlı bir araşdırma aparıblar. Belə ki, elm adamları 170.000 il əvvəl yaşamış qədim insanların düşündüyümüzdən daha zəkalı olduğunu ortaya çıxarıblar.

Mütəxəssislər arxeoloji tapıntılara əsasən qədimdə insanların ocağı mağaranın tam olaraq hansı istiqamətində qaladıqlarını müəyyən etməyə çalışıblar. Bu vasitə ilə alimlər mağaralardakı tüstü və istiliyin dövranını təhlil ediblər. Edilən təhlillər əcdadlarımızın yüksək idrak səviyyəsinə malik olduğunu göstərib.

Tədqiqat aparmaq üçün Fransada yerləşən Alt Paleolit dövrünə məxsus Lazaret mağarası seçilib. Təhlil zamanı məkanın tüstü və istilik paylanmasının kompüter modellərindən istifadə edilib. İlkin olaraq mağaranın 100 kvadratmetrlik sahəsinin xəritəsi çəkilib. Daha sonra isə məkanda 16 ocaq yeri seçilib və yarım metrdən 1,5 metr yüksəkliyə qədər sensorlar yerləşdirilib. Mağarada tüstü dağıtma simulyatorlarında proqram əsaslı hava sirkulyasiyası modellərindən istifadə edilərək duman və istiliyin paylanması təhlil edilib. Əldə edilən tapıntılar ulu babalarımızın bütün bunları nəzərə aldıqlarını və onların yüksək zəkaya sahib olduqlarını müəyyənləşdirdi.

Təl-Əviv Universiteti tərəfindən aparılan tədqiqat "Scientific Reports" jurnalında dərc edilib.

 

Əhalisi ən çalışqan dünya ölkələri

38 ölkə arasında aparılan araşdırma nəticəsində əhalisi ən zəhmətkeş dünya ölkələri bəlli olub. Belə bir məqamda bəzi zəngin ölkələrin siyahının son sıralarında qərarlaşması xüsusilə diqqət çəkib.

Layihə idarəetmə platforması Redbooth tərəfindən irəli sürülüb. Layihədə qarşıya qoyulan məqsəd isə hansı ölkənin nə qədər çalışqan olmasını müəyyən etmək olub. Fərdi və korporativ işlərə əsaslanan araşdırmada verilən işləri hansı ölkələrin daha tez bitirdiyi, hansılarının isə daha ləng yerinə yetirdiyi müəyyənləşdirilib.

Tapşırıqları ən sürətli şəkildə bitirən ölkələr sırasında Peru 1-ci yeri tutub. İlk beşliyə düşən digər ölkələr isə İsveç, İndoneziya, Çin və Çili olub.

Siyahının son sıralarında isə dünyanın ən zəngin ölkələrindən biri hesab edilən Birləşmiş Ərəb Əmirliklərinin qərarlaşması böyük maraq doğurub. BƏƏ-dən sonra isə müvafiq olaraq tapşırıqları ən ləng yerinə yetirən ölkələr sırasında Danimarka, Braziliya, Belçika və Portuqaliya yer alıb.

Qeyd edək ki, 38 ölkə içərisində qardaş Türkiyə əhalisi ən çalışqan ölkələr arasında ilk onluğa düşə bilməsə də, nəticə qənaətbəxşdir. Belə ki, Türkiyə siyahının 11-ci yerində qərarlaşıb.

 

Məşhurlara fanatlıq edənlərin zəka səviyyəsi ölçülüb

Macarıstanlı alimlər məşhurlara fanatlıq edən insanların zehni performans səviyyəsini ölçməyə çalışıblar. 20 il davam edən tədqiqatda tanınmış insanlara pərəstişetmə xüsusiyyəti ilə idrak qabiliyyəti arasındakı əlaqə araşdırılıb. Nəticədə belə bir keyfiyyətə malik insanların zəka səviyyəsinin aşağı olduğu ortaya çıxıb.

Tədqiqat çərçivəsində iştirak edən 1763 respondentin 66 faizi kişilərdən ibarət olub. Test edilən 18-79 yaş arası iştirakçıların təxminən 70 faizdən çoxu kollec tələbəsi, 28 faizi isə orta təhsilli şəxslər olub.

Kristallaşmış zəka, maye zəkası və hər ikisinin birləşməsini ölçən performansın məşhurlara pərəstişetmə səviyyəsinin artması ilə azalacağı tədqiqatın fərziyyələrindən biri idi. Nəticələr təxminlərin doğru olduğunu göstərib. Belə ki, məşhurlara fanatlıq edənlər koqnitiv testlərdə aşağı ballıq nəticələr göstəriblər.

Digər fərziyyə isə iştirakçıların cinsi, yaşı, təhsil səviyyəsi, ailə gəliri, hazırkı və uşaqlıq dövründəki maddi durumu və özünə hörmət də nəzərə alınmaqla söz, hesab testlərindən alınan ballar arasında mənfi əlaqənin olacağı istiqamətində idi.

Məqalənin sonunda bu ifadələr yer alıb: "Təhsil səviyyəsi, maddi vəziyyət kimi demoqrafik və sosial-iqtisadi dəyişikliklər nəzarə alınsa belə, məşhurlara pərəstişetmə ilə aşağı idrak performansı arasında birbaşa əlaqənin zəif, amma tutarlı olduğu aşkar edildi. Bu isə hər hansı bir məşhura daha dərin hisslər bəslədikdə diqqət tələb edən digər işlərdə daha aşağı səviyyəli zehni performansın göstərilməsi deməkdir".

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".