DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

STOLTENBERQ: MÜTTƏFİQ MƏSƏLƏ QALDIRANDA HƏLL EDILMƏLIDIR

NATO-nun baş katibi Yens Stoltenberq bu il iyunun sonunda Madriddə keçiriləcək NATO sammitinə qədər Finlandiya və İsveçin alyansa qoşulması üçün təşkilata üzv dövlətlərin razılığa gələcəyinə ümid edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb.

“Müttəfiq məsələ qaldıranda onu həll etmək lazımdır. Bu həmişə belə olub”, - deyə Yens Stoltenberq vurğulayıb.

Baş katib xatırladıb ki, heç bir ölkə Türkiyə qədər terror hücumlarına məruz qalmayıb. O deyib: “Siz kürdlərdən danışırsınız, lakin etiraf etməlisiniz ki, bir neçə kürd qruplaşması var və PKK Avropa İttifaqı, yəni İsveç və Finlandiyanın terror təşkilatları siyahısındadır”.

Radiostansiyanın məlumatına görə, Finlandiya və İsveç Madriddə keçiriləcək NATO sammitində qonaq qismində iştirak edə biləcəklər, lakin iyunun 28-dək Türkiyənin tələblərinə cavab verməsələr, Alyansa üzv olmaq üçün namizəd ölkələr kimi orada öz planlarını gerçəkləşdirmələri çətin olacaq.

 

UKRAYNALI MÜŞAVİR: CƏBHƏDƏKİ VƏZİYYƏT BİZİM ÜÇÜN DƏHŞƏTLİDİR

Cəbhədəki hazırkı vəziyyət Ukrayna ordusu üçün dəhşətlidir. “APA”nın verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksiy Arestoviç bəyan edib.

Məlumata əsasən, müşavir bildirib ki, Ukrayna qoşunlarının hücumu dəf etmək üçün lazım olan silahları olmadığından Rusiya onları sıxışdırmağa davam edir.

“Biz əraziləri tamamilə itirməsək də, Rusiya ordusuna müqavimət imkanlarımız məhdudur. Cəbhədə təzyiq hər gün artacaq. Burada vəziyyət bizim üçün dəhşətlidir”, - deyə Aleksiy Arestoviç vurğulayıb.

Eyni zamanda, Ukrayna Prezident Aparatının nümayəndəsinin sözlərinə görə, bu gün ruslar Ukrayna qoşunlarını uzaqmənzilli silahlarla vurur.

 

ÇİNDƏN ABŞ-a NÖVBƏTİ XƏBƏRDARLIQ

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin cümə günü keçirdiyi brifinqdə ABŞ-ın dövlət katibi Entoni Blinkenin Çinin beynəlxalq nizama ciddi meydan oxuması ilə bağlı bəyanatını şərh edərkən ABŞ-ı Çin təhdidini şişirtməməyə çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bir müddət əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Çinə qarşı siyasəti ilə bağlı çıxışında bildirib ki, ABŞ Çini beynəlxalq nizama ən ciddi uzunmüddətli çağırış kimi görür.

“ABŞ tərəfi bildirir ki, Çin dünya nizamına ən ciddi uzunmüddətli çağırışdır, bu, həqiqətin təhrifidir, Çin həmişə beynəlxalq asayişin müdafiəçisi olub, bu indi də belədir və bundan sonra da belə olacaq”, - deyə çinli diplomat vurğulayıb.

Van Venbin vurğulayıb ki, dövlət katibi Blinken çıxışı ilə yalan məlumat yayır, Çin təhlükəsini şişirdir, onun inkişafının qarşısını almaq üçün xarici və daxili siyasətini bilərəkdən ləkələyir.

 

YAPONİYA ƏCNƏBİ TURİSTLƏRİN ÖLKƏYƏ GƏLMƏSİNƏ İCAZƏ VERİB

İyunun 10-dan Yaponiya son iki ildə ilk dəfə əcnəbi turistlərin ölkəyə gəlməsi üçün sərhədlərini açacaq. “Trend” xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida bəyan edib. Lakin bununla yanaşı, hökumət başçısı yumşaltmaların mərhələlərlə və müəyyən şərtlərlə tətbiq olunacağını bildirib.

Qeyd edək ki, mart ayından “COVID-19”la bağlı sərhəd nəzarətini yumşaldan Yaponiya hökuməti iyunun 1-dən ölkəyə gündəlik giriş sayını 20 minədək artırmağı nəzərdə tutub. Bildirilir ki, əcnəbi turistlər paket turlar vasitəsilə və bələdçilərin müşayiəti ilə ölkəyə buraxılacaqlar.

Bununla yanaşı, Yaponiya hökumətinin sərhəddə yumşaltmaları artırdığı da qeyd edilir. Belə ki, mayın 26-dan etibarən tam peyvənd olunan və PCR testi təqdim edənlərin karantində qalmaları tələbi də aradan qaldırılıb.

Əlavə olaraq bildirək ki, 2019-cu ildə koronavirus pandemiyası ərəfəsində Yaponiyaya gələn əcnəbilərin illik sayı 31,88 milyon nəfərə çatmışdı. Lakin “COVID-19”un yayılmasının qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən ötən il bu ölkəyə cəmi 245 min 900 əcnəbi gəlib.

 

RUSİYA VƏ ÇİN ABŞ-IN SANKSİYA QƏTNAMƏSİNƏ VETO QOYUB

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı daha sərt sanksiyaları nəzərdə tutan ABŞ-ın qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə ediblər. “APA”nın verdiyi xəbərə görə, bu barədə “TASS” agentliyi məlumat yayıb.

Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının qalan üzvləri - Böyük Britaniya, ABŞ, Fransa, həmçinin Albaniya, Braziliya, Qabon, Qana, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Birləşmiş Ərəb Əmirlikləri qətnamənin lehinə səs verib.

Məlumata əsasən, Amerikanın təqdim etdiyi təşəbbüs Pxenyanın martın 24-də qitələrarası ballistik raket buraxmasını, eləcə də digər raket sınaqlarını pisləməkdən ibarətdir. Layihə həmçinin KXDR-ə xam neft və emal olunmuş məhsulların tədarükünün azaldılmasını nəzərdə tuturdu.

BMT-nin Təhlükəsizlik Şurası son 16 il ərzində Pxenyanın nüvə silahı və ballistik raket proqramlarının maliyyələşdirilməsini əngəlləmək üçün Şimali Koreyaya qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. Bu məsələ ilə bağlı hazırkı səsvermə qurumun iki daimi üzvünün qərarının qarşısını aldığı ilk hadisədir.

 

BÖYÜK BRİTANİYA AVROPA İTTİFAQINA ALTERNATİV YARATMAQ NİYYƏTİNDƏDİR

Böyük Britanyanın baş naziri Boris Conson Avropa İttifaqına alternativ olaraq yeni siyasi, iqtisadi və hərbi birlik yaratmağı təklif edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilib ki, Avropa Əməkdaşlığı adlanacağı ehtimal olunan birliyə Polşa, Estoniya, Litva və Ukraynanın qoşulması təklif olunur. Baş nazirin ideyasına əsasən, sonradan ittifaqa Türkiyə də qoşula bilər.

Qeyd edilir ki, Ukrayna hakimiyyəti isə öz növbəsində Londonun təşəbbüsü ilə bağlı hələlik konkret mövqe nümayiş etdirməyib, lakin bunu rədd də etməyib.

Məlumata əsasən, Boris Conson bu ideyanı ilk dəfə Kiyevə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə bölüşüb. Verilən xəbərə görə, iyunun 23-24-də Avropa İttifaqı Ukraynanın quruma üzvlüyə namizədliyini bəyənməzsə, o zaman Volodimir Zelenksi Böyük Britaniya baş nazirinin ideyasına ciddi yanaşa bilər.

 

UKRAYNADAKI MÜHARİBƏ AFRİKA ÖLKƏLƏRINƏ CIDDI TƏSİR EDƏ BILƏR

Afrikada təxminən 1,8 milyon insan Ukrayna böhranının yaratdığı iqtisadi problemlərə görə həddindən artıq yoxsul vəziyyətə düşə bilər. “Teleqraf.com” xəbər verir ki, bu barədə Afrika İnkişaf Bankının (AİB) “2022-ci ildə Afrikanın iqtisadi perspektivləri” adlı hesabatında qeyd olunur.

“Koronavirus pandemiyası və Rusiya-Ukrayna münaqişəsi Afrikada qalıcı iz buraxmaq təhlükəsi yaradır. Afrikada 2021-ci ildə təxminən 30 milyon insan həddindən artıq yoxsulluq içində idi. Həmin il qitədəki pandemiya səbəbindən 22 milyon iş yeri itirildi. AİB-in ekspertlərinin fikrincə, bu sahədə mənfi tendensiya 2022-ci ilin ikinci yarısında, həmçinin 2023-cü ildə də davam edəcək”, - deyə hesabatda vurğulanır.

Eyni zamanda, açıqlamada bildirilir ki, Rusiya-Ukrayna münaqişəsinin səbəb olduğu böhran, pandemiya və inflyasiya təzyiqlərinin davam etməsi səbəbindən Afrikada iqtisadi artım 2022-ci ildə 4,1 faizə qədər azala və 2023-cü ildə eyni səviyyədə qala bilər.

Məlumat üçün qeyd edək ki, Rusiya və Ukrayna Afrika ölkələrinə buğdanın ən böyük tədarükçüsüdür.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.