İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Boksçularımızdan növbəti qələbə

Özbəkistanın Fərqanə şəhərində keçirilən yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. Final döyüşlərində Azərbaycan millisinin 2 boksçusu çempion adı uğrunda mübarizə aparıb.

Yığmamızın üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Döyüşdə qələbə qazanan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Qarşılaşmanın nəticəsinə görə, təmsilçimiz gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 164 idmançının qatıldığı yarışı milli komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla bitirib. Turnirdə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) üçüncü yeri tutublar.

 

Atletika üzrə yarışların qalibləri müəyyənləşib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2005-2006-cı il təvəllüdlü idmançılar arasında keçirilən atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.

Yarışda paytaxtın 8 komandasından 120 atlet birincilik uğrunda mübarizə aparıb.

Oğlanlar arasında uzunluğa tullanma yarışında Hüseyn Abbasov, lövhə atmada Zülfiqar Qədimov, nüvə itələmədə Furqan Bünyadov, üçtəkanla tullanmada İbrahim Xəlilli, hündürlüyə tullanmada Emil Xocayev qalib adını qazanıblar. Qızların yarışında uzunluğa tullanmada Veronika Antropova, nüvə itələmədə isə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Murad Babazadə (100 m), Elcan Cəfərov (200 m), Səid Məmmədov (400 m), Kamran Məmmədov (800 m), Yevgeniy Mordakov (1500m) birinci olublar. Qızların mübarizəsində isə İlahə Quliyeva (100 m), Viktoriya Çerniyenko (200 m), Emiliya İsgəndərova (400 m, 800 m), Ləman İsfəndiyarova (400 m), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub

Bakı Olimpiya İdman Kompleksində aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə yekun vurulub.

2008-2010-cu il təvəllüdlü gimnastların mübarizəsində Məryəm Topçubaşeva qızıl medala layiq görülüb. Fidan İbrahimova və Aylin Quliyeva isə ilk üçlükdə yer alıblar. Hər üç gimnast "Ocaq sport" klubunun təmsilçisidir.

2005-2007-ci il təvəllüdlü gimnastların mübarizəsində isə "Ocaq sport"un yetirmələri Dilarə Qurbanova birinci, Sənəm Kazımova ikinci, Sara Əlixanlı isə üçüncü pillədə yer alıblar.

Yarışda "Ocaq sport" klubu, "Zirvə", "Grasiya" idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən ümumilikdə 80 gimnast medallar uğrunda mübarizə aparıb.

Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış ediblər.

 

"Neftçi"nin kikboksçuları ölkə çempionatında 3 medal qazanıb

"Sərhədçi" İdman Olimpiya Mərkəzində kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçirilib.

"Neftçi" idman klubunun yetirmələri çempionatda 3 medal qazanıblar.

Klubun yetirmələrindən Ramiz Məmmədov (60 kq) full kontakt versiyasında çempionatın qızıl medalına sahib olub. Rauf Gərayzadə (81 kq) lou kik versiyasında gümüş medal qazanıb. Fatma Mehdiyeva (65 kq) isə yarışı üçüncü pillədə başa vurub.

Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə ediblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".