DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDENDƏN SİLAH LOBBİSİNƏ QARŞI ÇAĞIRIŞ

“Biz silah lobbisinə qarşı hərəkətə keçməliyik, müqəddəs amallar naminə özümüzə sual verməliyik ki, nə zaman silah lobbisinin qarşısını ala bilərik. Bunu etməyin vaxtı çatıb”. “Trend” agentliyinin məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden Texas ştatının Yuvald şəhərindəki ibtidai məktəbdə baş verən atışma ilə bağlı Ağ Evdə çıxışı zamanı amerikalılara müraciətində bildirib.

ABŞ prezidentinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən hər bir məmura lobbiyə qarşı hərəkətə keçməyin vaxtı çatdığını başa salmaq lazımdır.

“Sadəcə, 18 yaşlı bir gəncin mağazada iki silah ala bilməsi düzgün deyil. Ötən iki onillikdə istehsalçılar bu silahları fəal şəkildə təbliğ etməklə böyük qazanc əldə ediblər. Bunun qarşısını almaq üçün cəsarətli olmalıyıq”, - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Texas ştatının senatoru ibtidai məktəbdə baş verən atışmada 18-i uşaq olmaqla 21 nəfərin həlak olduğunu bildirib. Hadisəni 18 yaşlı yerli sakin Salvador Ramosun törətdiyi bildirilir.

 

BMT: UKRAYNA MÜHARİBƏSİ BÖHRAN VƏ DEFOLTA SƏBƏB OLA BİLƏR

Ukraynadakı müharibənin gücləndirdiyi ərzaq, yanacaq və maliyyə böhranları kasıb ölkələrdə iğtişaşlara, eləcə də 70-dən çox ölkədə defolta səbəb ola bilər. “Report” agentliyinin məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının administatoru Ahim Ştayner Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

“Böhranla ayaqlaşmağa çalışırıq, lakin inkişaf etmiş iqtisadiyyatların çoxunun sadəcə pulu qalmayıb”, - deyə BMT rəsmisi vurğulayıb.

Xatırladaq ki, artıq Şri-Lanka kütləvi etirazlar fonunda defolt olduğunu elan edib.

“The Wall Street Journal” nəşri yazır ki, Rusiyanın Ukraynadakı limanları bloklaması bir sıra ölkələrdə qiymət artımına səbəb olur. Nəşr bildirir ki, müharibə enerji daşıyıcılarının da bahalaşmasına ciddi təsir göstərib. Belə ki, enerji resurslarının çatışmazlığı gübrənin bahalaşmasına və nəticə etibarilə ərzaq inflyasiyasının sürətlənməsinə gətirib çıxarıb.

 

RUSİYA PAYTAXTINDA “COVID AMNİSTİYASI”

Mayın 25-də Moskva meri Sergey Sobyanin “COVID amnistiyası” elan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, amnistiyaya əsasən, iyunun 1-dən etibarən Moskvanın hakimiyyət orqanları koronavirus məhdudiyyətlərini pozduğuna görə tətbiq edilən, lakin ödənilməmiş cərimələri yığmayacaq.

Bildirilir ki, əvvəllər ödənilmiş cərimələri kompensasiya etmək üçün Moskva hökuməti vətəndaşlara və müəssisələrə subsidiyalar ödəyəcək.

“Ümumilikdə, Moskva hökuməti 13,6 milyard rublun yığılmasını dayandıracaq və ya kompensasiya edəcək ki, bu da sanksiyalar təzyiqi qarşısında biznes və moskvalılar üçün maddi dəstək olacaq”, - deyə meriyanın bəyanatında qeyd olunur.

Sergey Sobyanin əlavə edib ki, paytaxtda koronavirusla bağlı tədbirlər bir neçə aydır ləğv edilib, lakin əvvəllər qoyulmuş cərimələr yığılmaqda davam edir.

 

CƏNUBİ KOREYA: KXDR NÜVƏ SİLAHI SINAĞINA HAZIRLAŞIR

Şimali Koreya (KXDR) nüvə silahının sınağına hazırlıq görür. “Report”un məlumatına görə, bu barədə Cənubi Koreyanın Prezident Ofisinin açıqlamasında bildirilib.

Verilən xəbərə əsasən, rəsmi Pxenyan detonasiya avadanlığının sınağını keçirib. “Bu, yeddinci nüvə silahı sınağına hazırlıqdır”, - deyə açıqlamada vurğulanıb.

Bununla yanaşı, Cənubi Koreya Prezidenti Yanında Milli Təhlükəsizlik Ofisi rəhbərinin birinci müavini Kim Txe Xyonun sözlərinə görə, Şimali Koreya nüvə silahının sınağını yaxın bir-iki ayda keçirməyəcək: “Heç şübhəsiz, bu, daha sonra baş verəcək”.

Mayın 25-də Şimali Koreya Yapon dənizinə üç ballistik raket atıb. Bu, 2022-ci ildə keçirilən artıq 17-ci ballistik raket sınağıdır.

 

UKRAYNA PREZİDENTİ RUSİYA İLƏ DANIŞIQLARIN ŞƏRTİNİ AÇIQLAYIB

“Ukrayna yalnız bütün tutulan ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq”. “Report”un xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın “NHK” nəşrinə müsahibəsində bəyan edib.

“Biz bütün ərazilərimizi qaytarmalıyıq, lakin bunun əvəzini ödəməliyik. Biz onu fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Yalnız bundan sonra danışıqlar masasına oturacağıq”, - deyə Zelenski əlavə edib.

Dövlət başçısı Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd edib, lakin o, indi əsas vəzifəni üç ay ərzində ələ keçirilən rayonların azad edilməsində görür.

Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın tutduğu bütün torpaqları geri qaytarmağa qadirdir.

 

YUNANISTAN TÜRKİYƏ İLƏ DİALOQUN TƏRƏFDARIDIR

“Biz qonşuyuq, biz hər zaman danışmalıyıq və hər zaman kommunikasiya kanallarının açıq olmasını istəyirik”. “APA”nın xəbərinə görə, bunu Yunanıstanın baş naziri Kiriakos Miçotakis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla danışmaqdan imtina etməsinə münasibət bildirərkən bəyan edib.

Baş nazir buna bənzər vəziyyətin hələ 2020-ci ilin martında, miqrasiya böhranı zamanı yaşandığını bildirib: “O zaman da Türkiyə prezidenti Ərdoğan mənimlə danışmaq istəməmişdi. İndi də eyni vəziyyətdir. Ola bilər ki, fikrini dəyişər”.

K.Miçotakis iki ay öncə İstanbulda Türkiyə dövlət başçısı ilə görüşünü xatırladıb və həmin görüşü müsbət qiymətləndirib. O, bununla belə bir neçə ay sonra yunan adaları üzərində Türkiyədən çox sayda uçuşların qeydə alındığını vurğulayıb. Yunan baş nazir əlavə edib ki, imkanı olduqca bu məsələni gündəmə gətirəcək.

 

MEYMUNÇİÇƏYİNƏ QARŞI DƏRMAN VASİTƏSİ AŞKAR EDİLİB

ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı “tekovirimat” preparatının meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb. “Trend”in verdiyi xəbərə görə, bu barədə “Lancet” elmi nəşri məlumat yayıb.

“Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalşdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq”, - deyə Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler bildirib.

Araşdırma zamanı 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - “brincidofovir” və “tekovirimat” müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılmışdır.

“Tekovirimat” çiçək virusunun replikasiyasını dəf etməyi bacardığı halda, “brincidofovir”in o qədər də effektiv vasitə olmadığı üzə çıxıb.

 

MƏHKƏMƏNİN QƏRARI İLƏ QADINI ÖLDÜRƏN QOÇ 3 il HƏBSƏ GÖNDƏRİLDİ

Cənubi Sudanda məhkəmə 45 yaşlı Ade Çapinqin öldürülməsi ilə bağlı hökmü elan edib. “Teleqraf.com”un məlumatına görə, bir ay əvvəl ölkənin şərqindəki Rumbek şəhərində Ade Çapinq qoçun hücumuna məruz qalıb.

Heyvan buynuzları ilə qadını bir neçə dəfə vuraraq onun qabırğalarına ciddi xəsarət yetirib. Qadın yerindəcə keçinib. Qoyun qətldə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib. Heyvan ölkənin Aduel rayonundakı hərbi bazaya göndəriləcək.

İlkin olaraq istintaq günahı heyvanın diqqətsiz sahibinin üzərinə atmışdı. Ölkə qanunlarına görə, cəzaçəkmə müddəti başa çatdıqdan sonra məhkum zərərçəkmişin ailəsinə göndəriləcək. Həmin vaxta qədər qatilin sahibi təzminat olaraq qurbanın ailəsinə beş inək verməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.