DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ İSVEÇ VƏ FİNLANDİYANI SEÇİM QARŞISINDA QOYUB

“Bizim NATO-nun genişlənməsinə dair mövqeyimiz kiməsə qarşı düşmənçilik deyil, terrora qarşı olan prinsipial mövqedir”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada bəyan edib.

Dövlət başçısı qeyd edib ki, İsveç və Finlandiyada Türkiyəyə qarşı atılan addımlar qəbul edilməyəcək.

Bununla yanaşı, Ərdoğanın sözlərinə görə, ötən günlərdə bu məsələləri NATO-nun baş katibi və alyans daxilində müttəfiq ölkələrin fərqli dövlət başçıları ilə də müzakirə edib.

“Biz işimizi, hansı addımları atacağımızı yaxşı bilirik. Bu ölkələr artıq terror təşkilatlarına dəstək verməklə Türkiyədən NATO-ya üzvlük məsələsində “hə” cavabını eşitmək arasında seçim etməlidirlər”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə mövqeyini bu ölkələr terror təşkilatlarına dəstəyini kəsdikdən sonra dəyişəcək.

 

ŞOYQU UKRAYNADAKI ƏMƏLİYYATIN LƏNGİMƏ SƏBƏBİNİ AÇIQLAYIB

Rusiya mülki əhalinin təxliyəsinə imkan vermək və tələfatına yol verməmək üçün Ukraynada xüsusi əməliyyatın keçirilməsi tempini bilərəkdən ləngidir. “APA”nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Sakinlərin mühasirəyə alınmış yaşayış məntəqələrini tərk etməsi üçün sükut rejimləri elan edilir və humanitar dəhlizlər yaradılır”, - deyə Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirliyinin rəhbərləri şurasının iclasında vurğulayıb.

Sergey Şoyqu qeyd edib ki, Rusiya qoşunları sivil əhalinin ola biləcəyi mülki infrastruktura zərbələr endirmir. Onun sözlərinə görə, atəş mövqeləri və hərbi obyektlər yüksək dəqiqlikli silahların köməyi ilə vurulur.

Nazir əlavə edib ki, Qərbin Kiyev rejiminə genişmiqyaslı yardımına və Rusiyaya qarşı sanksiyalar təzyiqinə baxmayaraq, bütün tapşırıqlar yerinə yetirilənə qədər xüsusi hərbi əməliyyat davam etdiriləcək.

 

İRANDA BİNANIN ÇÖKMƏSİ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB

İranın cənub-şərqində yerləşən Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli ofis binasının çökməsi nəticəsində ölənlərin sayı 11, yaralananların isə 35 nəfərə çatıb. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilir ki, Abadan şəhərinin Amiri küçəsindəki “Metropol” binasının böyük bir hissəsi uçub. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb və avtomobillərə ziyan dəyib.

Verilən xəbərə əsasən, sahəsi 6 min kvadratmetrdən çox olan “Metropol” ticarət-müalicə və ofis binasının 9 mərtəbəsi 2020-ci ildə “Abdulbaki” holdinqi tərəfindən tikilib. Binanın açılışı və istismara verilməsi tədbirində Xuzistan əyalətinin ovaxtkı başçısı da iştirak edib.

Məlumata görə, binanın inşasında tikinti normalarına əməl edilməyib. Xuzistan əyalət Prokurorluğu tikintinin çökməsi ilə bağlı 8 nəfərin saxlanıldığını açıqlayıb.

 

PANDEMİYA DÖVRÜNDƏ DÜNYADA MİLYARDERLƏRİN SAYI ARTIB

Koronavirus pandemiyasının başlanğıcından bəri dünyada 573 yeni milyarder meydana gəlib. Onların sərvəti isə bu müddət ərzində ümumilikdə 3,78 trilyon dollar artaraq 12,7 trilyon dollar təşkil edir. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu rəqəmlər “Oxfam” xeyriyyə təşkilatının məruzəsində yer alıb.

Məruzəyə əsasən, hər 30 saatda dünyada yeni milyarder meydana gəlir və hazırda onların ümumi sayı 2668 nəfərə çatır. Eyni zamanda, hər 33 saat ərzində bir milyon insan ən kasıblar kateqoriyasına keçir, yəni gündə 1,9 dollardan az vəsaitlə dolanır. Dünyadakı ən zəngin 10 insanın sərvəti planetin ən kasıb əhalisinin 40 faizinin varidatına bərabərdir.

Bununla yanaşı, məruzə müəlliflərinin hesablamalarına görə, ərzaq və energetika sektorunda fəaliyyət göstərən milyarderlərin aktivləri hər iki sutkada bir milyard dollar artır, son iki ildə isə bu göstərici 453 milyard dollara yüksəlib. Ən böyük beş energetika kompaniyası (“BP”, “Shell”, “TotalEnergies”, “Exxon” və “Chevron”) saniyədə 2,6 min dollar xalis gəlir əldə edir.

 

YENS STOLTENBERQ: NATO UKRAYNAYA DƏSTƏYİNİ ARTIRIB

“Rusiyanın Ukraynaya qarşı hücumuna cavab olaraq NATO-nun iki əsas məqsədi var: Ukraynaya dəstək vermək və gərginliyin daha da artmasının qarşısını almaq”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Davosda keçirilən İqtisadi Forumda bəyan edib.

Baş katib bildirib ki, NATO və onun müttəfiqləri, o cümlədən ABŞ, Kanada, Böyük Britaniya və Türkiyə uzun illərdir Ukraynanı dəstəkləyib, son vaxtlar isə bu dəstək əhəmiyyətli dərəcədə artıb.

“Bu gün birbaşa NATO-nun komandanlığı altında hava və dəniz qüvvələri tərəfindən dəstəklənən 40 mindən çox hərbçimiz var, Baltik dənizindən tutmuş Qara dənizə qədər çoxmillətli döyüş qruplarımızı ikiqat artırmışıq və yüksək hazırlıq vəziyyətində olan yüz minlərlə hərbçimiz mövcuddur”, - deyə baş katib vurğulayıb.

Eyni zamanda, Yens Stoltenberqin sözlərinə görə, Finlandiya və İsveçin üzvlüyü, digər məsələlərlə yanaşı, NATO ilə Avropa İttifaqı arasında sıx əlaqələri daha da gücləndirəcək.

 

YAPONİYA ABŞ-A ZƏNGİNLƏŞDİRİLMİŞ URAN VERİB

Tokioda səfəri zamanı ABŞ prezidenti Cozef Bayden və Yaponiyanın baş naziri Fumio Kişida Yaponiyanın üç obyektindən yüksək zənginləşdirilmiş uranın ABŞ-a uğurla təhvil verildiyini açıqlayıblar. “Trend” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın Energetika Nazirliyinin açıqlamasında qeyd olunur.

Məlumata əsasən, uran hələ mart ayında Tennessi və Cənubi Karolina ştatlarına çatdırılıb, lakin bu barədə yeni açıqlama verilir. Həmçinin bildirilir ki, uranın ABŞ-a çatdırılması Böyük Britaniya ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Qeyd edilib ki, ABŞ-da uran aşağı səviyyəli zənginləşdirilmiş urana qədər təkrar emal ediləcək və ya utilizasiya olunacaq ki, bu da ondan kustar üsulla nüvə partlayıcısının hazırlanmasında istifadə riskini birdəfəlik azaldacaq.

 

ÜST MEYMUNÇİÇƏYİNİN YAYILMASININ QARŞISINI ALAN VASİTƏLƏRİ AÇIQLAYIB

Yaxşı gigiyena və əllərin tez-tez yuyulması meymunçiçəyi virusunun yayılmasını məhdudlaşdırmağa kömək edir. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ÜST nümayəndəsi Riçard Pibodi bildirib.

ÜST rəsmisi qeyd edib ki, təşkilat Afrika qitəsindən kənarda mövcud meymunçiçəyinin yayılmasının əhalinin təcili kütləvi peyvəndlənməsini tələb edəcəyinə inanmır.

“Biz əhalinin kütləvi peyvəndlənməsinə doğru irəlilədiyimiz vəziyyətdə deyilik. Bu xəstəliklə mübarizə üçün dərhal istifadə edilə biləcək peyvəndlərin və virusa qarşı dərmanların ehtiyatı məhduddur”, - deyə Riçard Pibodi vurğulayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meymunçiçəyi infeksiyası bugünədək 19 ölkədə 131 nəfərdə aşkarlanıb, daha 106 yoluxma şübhəsi isə hazırda araşdırılır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.