VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ
Region

VƏTƏNPƏRVƏRLİK ÖRNƏYİ

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi... Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Bu vətənpərvər insanlar ölümləri ilə bir əbədilik qazanırlar.

Goranboy rayonu Qızılhacılı qəsəbəsindən Vətən müharibəsi şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun doğum günündə məzarı ziyarət olundu. Şəhidin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldu. Rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri Elçin İsmayılov və bir qrup şəhid ailələri, qazilər və ictimai fəallar şəhidin ailə üzvləri ilə birgə məzarını ziyarət ediblər, məzarı önünə tər gül dəstələri düzüblər, ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar. Haqqında xoş xatirələr dilə gətirilib.

Qeyd olunub ki, bu gün, Azərbaycan xalqı öz tarixinin ən qürurverici və ən şanlı səhifələrindən birini yaşayır. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olundu. Bəli, 44 günlük müqəddəs Vətən savaşında qəhrəman oğullarımız günlərlə soyuq səngərlərdə ölümlə burun-buruna dayanaraq, canlarıyla sipər oldular ana torpağa... Qarabağda qanlarıyla yazdılar Azərbaycanın qürurverici zəfər tarixini... Onların qanı yerdə qalmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Dəmir Yumruq" əməliyyatı zamanı Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi və şəhidlərin qisası lazımınca alındı. Şəhidlərin ruhu bu gün rahatdır. Bu da hamının ən böyük təskinliyidir. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir.

Şəhidin ailə üzvləri, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".