DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİDƏN RUSİYAYA QARŞI MAKSİMUM SANKSİYA TƏTBİQİ İLƏ BAĞLI ÇAĞIRIŞ

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı maksimum sanksiyaların tətbiqinə çağırış edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə dövlət başçısı İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda virtual çıxışı zamanı bəyan edib.

Prezident bildirib ki, Rusiyanın Ukraynaya hücumunu dayandırmaq üçün neft embarqosu da daxil olmaqla, bütün Rusiya banklarını bloklamaq və Rusiya ilə ticarəti tamamilə kəsmək istiqamətində sanksiyalar daha çox tətbiq edilməlidir.

“Sanksiyalar maksimum həddə olmalıdır ki, Rusiya və qonşusuna qarşı amansız müharibə aparmaq istəyən hər bir kəs öz hərəkətlərinin nəticələrini aydın bilsin”, - deyə Zelenski vurğulayıb.

Eyni zamanda, dövlət başçısı bunun gələcək onilliklər üçün işləyəcək bir presedent ola biləcəyini diqqətə çatdırıb.

Ukrayna prezidenti həmçinin müharibəyə dəstək verməmək üçün xarici şirkətlərin Rusiyadan tamamilə çıxmasına çağırış edib. Zelenski qeyd edib ki, Ukrayna xalqının cəsarəti demokratik dünyanın həmrəyliyini daha da gücləndirib.

 

ENTONI BLİNKENIN FRANSALI HƏMKARI İLƏ NATO MÜZAKİRƏLƏRI

ABŞ dövlət katibi Entoni Blinken fransalı yeni həmkarı Ketrin Kolonna ilk telefon danışığı zamanı Ukrayna, İsveç və Finlandiyanın NATO-ya üzv olmasına dəstəyi müzakirə ediblər. Bu barədə “Report” agentliyi Dövlət Departamentinə istinadən xəbər verib.

Eyni zamanda, Dövlət Departamentinin açıqlamasında qeyd olunur ki, Blinken və Kolonna ABŞ və Fransanın Aİ-yə üzv olmaq hüququ olan ölkələri dəstəkləmək üçün birgə atacağı addımları müzakirə ediblər.

Məlumata əsasən, həmsöhbətlər həmçinin dünyada milyonlarla insanın təcili ərzaq ehtiyaclarına və ərzaq təhlükəsizliyinə cavab vermək zərurəti ilə bağlı razılığa gəliblər.

Bununla yanaşı, Blinken və Kolonna transmilli korporasiyaların mənfəətinə qlobal verginin tətbiqi ilə bağlı sazişlərin icrasını müzakirə ediblər.

 

POLŞA RUSİYADAN QAZ TƏDARÜKÜNƏ DAİR MÜQAVİLƏNİ LƏĞV EDİB

Polşa hökuməti Rusiyadan qaz tədarükü ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Qəbul edilmiş qərarı Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Petr Naimski açıqlayıb.

Verilən xəbərə görə, Petr Naimski dəqiqləşdirib ki, Polşa hökuməti hələ mayın 13-də Rusiya hökuməti ilə 1993-cü ildə imzalanmış müqaviləni pozmaqla bağlı qətnamə qəbul edib.

“Demək olar ki, 30 ildən sonra Polşa ilə Rusiya arasında qaz sənayesində münasibətlər başa çatır”, - deyə Petr Naimski Polşa radiosunun efirində vurğulayıb.

Əldə edilmiş razılığa görə, Polşa 2022-ci ilin sonuna qədər Rusiyadan ildə 10 milyon kubmetr təbii qaz ala bilərdi. Lakin Polşa hakimiyyəti bu razılaşmanın müddətini uzatmamaq haqqında qərar qəbul edib.

Xatırladaq ki, aprelin 26-da Polşa hakimiyyəti Vladimir Putinin tələb etdiyi kimi Rusiya qazının pulunu rublla ödəməkdən imtina edib.

 

İRAN “APPLE” ŞIRKƏTININ TELEFONLARININ İDXALINA QADAĞA QOYUB

İranda “Apple” şirkətinin telefonlarının idxalı qadağan edilib. “APA”nın Tehran bürosunun məlumatına görə, artıq bir neçə gündür ki, “Apple” şirkətinin mobil telefonları sifarişi mümkün olmayan mallar qrupuna daxil edilib.

Mobil telefon idxalçıları may ayının 22-dən etibarən “iPhone” sifarişi ilə bağlı məhdudiyyətlərə məruz qaldıqlarını və bu telefon üçün sifariş verə bilmədiklərini bildirirlər.

Məlumat üçün qeyd edək ki, son həftələr “Apple” şirkətinin məhsullarının İrana idxalına qadağa qoyulacağı ilə bağlı xəbərlər yayılırdı.

İranın sənaye və ticarət naziri bu yaxınlarda prezident İbrahim Rəisiyə 2021-ci ildə “Apple” şirkətinin 1 milyard dollarlıq məhsulunun idxalına vəsait xərcləndiyini bildirmişdi.

 

ÇİNDƏN ABŞ-A TAYVANLA BAĞLI XƏBƏRDARLIQ

“Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir, Çin öz suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq üçün qəti addımlar atacaq və ABŞ-ı Tayvan məsələsi ilə bağlı bəyanatlarında, eləcə də hərəkətlərində diqqətli olmağa çağırır”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin prezident Cozef Baydenin ABŞ ordusunun Tayvanın müdafiəsində iştirakına hazır olması barədə sözlərini şərh edərkən açıqlamasında bildirib.

“Biz ABŞ tərəfini Vahid Çin Prinsipinə və üç Çin-ABŞ birgə kommunikelərinə səmimiyyətlə riayət etməyə, Tayvanın müstəqilliyini dəstəkləməmək üzrə öhdəliklərini yerinə yetirməyə, Tayvan məsələsində davranışlarında diqqətli olmağa və separatçı qüvvələrə hər hansı bir yanlış məlumat göndərməməyə çağırırıq”, - deyə mətbuat katibi vurğulayıb.

Xatırladaq ki, Cozef Bayden ABŞ-ın ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazır olduğunu bildirib. Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxiləsi ilə qarşılaşacağını diqqətə çatıdırıb. O, Ukrayna  hadisələri fonunda özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bəyan edib.

 

RUSİYA UKRAYNA İLƏ DANIŞIQLARIn BƏRPAsı ÜÇÜN ŞƏRTİNİ AÇIQLAYIB

Rəsmi Kiyev konstruktiv yanaşma nümayiş etdirən və Rusiyanın təkliflərinə cavab verən kimi, Moskva Ukrayna ilə danışıqlara qayıtmağa hazır olacaq. “APA”nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko çıxışı zamanı bildirib.

Bununla yanaşı, Andrey Rudenko Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın Kiyevin Moskva ilə yeni ərazi reallıqlarının tanınmasını nəzərdə tutan istənilən razılaşmanı istisna etdiyini bildirən bəyanatını da şərh edib. Diplomat qeyd edib ki, Moskva Kiyev hakimiyyətinin rəsmi reaksiyasını rəhbər tutur.

 

SLOVAKİYANIN 105 GÜNLÜK NEFT EHTİYATI QALIB

Slovakiyanın neft ehtiyatları 105 gün, təbii qazı isə bir aylıq qalıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Slovakiya Neft və Qaz Assosiasiyasının icraçı direktoru Rixard Kvasnovski açıqlamasında bəyan edib.

İcraçı direktorun sözlərinə görə, ümumi həcmi 3,5 milyard kubmetr olan Slovakiyanın yeraltı qaz anbarları hazırda 25 faiz doludur. Qaz anbarları kommersiya şirkətlərinə məxsusdur və bu, dövlətin onların işinə təsir imkanlarını məhdudlaşdırır.

Məlumata əsasən, Slovakiya istehlak etdiyi qazın ən azı 85 faizini Rusiyadan alır. Gələcəkdə ABŞ-dan, Fars körfəzi ölkələrindən və ya Norveçdən qaz nəqli onun mümkün əvəzedicisi ola bilər. Ölkə artıq maye qazla dolu iki tanker alıb.

Bununla yanaşı, qeyd edilir ki, bu növ enerji resursunun dəyərinə və ölkəyə çatdırılması xərclərinə əsaslanaraq, bu seçim mövcud sxemdən xeyli bahadır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.