“İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri
İQTİSADİYYAT

“İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri" mövzusunda müzakirələr

"Caspian Agro 2022" sərgisi çərçivəsində "İqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri" mövzusunda panel sessiya keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sessiyada nazirliyin torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firuddin Tağıyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva mövzu ilə bağlı təqdimatla çıxış ediblər.

Bildirilib ki, iqlim dəyişikliyi kənd təsərrüfatı sahəsinin qarşısında yeni çağırışlar formalaşdırır. Yeni texnologiyalar və rəqəmsal həllərin tətbiqi iqlim dəyişikliklərinin təsirlərini minimuma endirməyə, torpaq və su resurslarından davamlı və düzgün istifadəyə imkan verir.

Torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə, gübrələrdən düzgün istifadənin təşviqi və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli mütəxəssislər öz fikirlərini bölüşüblər.

Panel sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb, mütəxəssislər iştirakçıların suallarını cavablandırıblar.

Nəriman CAVADOV,

"Respublika".