İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Uşaq-gənclər idman-şahmat məktəbi idmançılarının beynəlxalq yarışlarda uğurları

Uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları beynəlxalq yarışda yüksək nəticələr əldə edib.

Türkiyənin Trabzon şəhərində boks idman növü üzrə 2006-2007-ci, 2008-2009-cu il təvəllüdlü yeniyetmə oğlanlar arasında beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstan komandalarından ibarət 82 idmançı mübarizə aparıb.

Yarışda iştirak edən "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları 8 qızıl, 2 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıb.

 

"Təhsil" RİM-in yetirmələri velosiped idmanı üzrə federasiya kuboku yarışında uğurla çıxış ediblər

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən oğlan və qızlar arasında trek velosipedinin sprint növləri üzrə federasiya kuboku yarışı keçirilib.

Yarışda idmançılar 500, 1000 metr məsafələrə fərdi ötüşmədə və komanda sprinti növündə güclərini sınayıblar.

Komanda sprinti növü üzrə yarışda "Təhsil" Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri, 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançıları Əmral Əbdüləzizli, Lalə Əbdürəhmanova birinci, İradə Əbdürrəhmanova, Ayan Məmmədzadə üçüncü, 500 metr məsafəyə fərdi ötüşmələrdə qızlar arasında Lalə Əbdürrəhmanova ikinci yerləri tutublar.

 

"Turkish Open" beynəlxalq turnirində kikboksinq yığmamız yaxşı nəticə göstərib

İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku yarışı sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.

Kikboksçularımız qardaş ölkədə 49 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.

İlk dəfə bu yarışda kikboksinqin "point faytinq" növü üzrə yarışan millimiz 6 bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcəklər.

Təmsilçilərimiz iyunun 2-5-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kuboku yarışında güclərini sınayacaqlar.

 

Qadın şahmatçılar arasında ölkə çempionatının ikinci turunda reytinq favoriti məğlub olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ikinci turun görüşləri keçirilib.

Bu turda yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması diqqəti cəlb edib. Turun digər oyunlarında qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevaya qalib gəlib. Digər partiyalarda qalib müəyyənləşməyib. Belə ki, Türkan Məmmədyarova Xanım Balacayeva, Xəyalə Abdulla Ləman Hacıyeva arasında görüşlər bərabərliklə yekunlaşıb. İki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşüblər.

 Nərgiz İSMAYILOVA,

"Respublika".