İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Yeniyetmə oğlan və qızlar arasında ölkə birinciliyi başa çatıb

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

15 yaşadək oğlanların yarışında Yaşar Qurbanov (73 kq), Hüseyn Heydərov (81 kq), Həsən Babayev (89 kq), Rəbbani Niftəliyev (102 kq), Sadiq Əliquliyev (+102 kq) qalib olublar.

Yaşı 17-yə qədər oğlanların turnirində isə Emin Əkbərov (73 kq), İmanəli Əliyev (81 kq), Əbdülmətin İsmayılov (89 kq), Hüseyn Fətəliyev (96 kq), Hacı Əlimanov (102 kq), Nurəddin Mehdiyev (102 kq) qızıl medala sahib çıxıblar.

Azərbaycan birinciliyində ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klublar, mərkəzlər və UGİM-i təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

 

Güləşçilərimiz Albaniyada 2 medal qazanıblar

Albaniyanın paytaxtı Tiranada güləş üzrə beynəlxalq turnir keçirilib.

Mayın 12-də start götürən yarış 4 gün davam edib. Turnirdə ölkəmizi sərbəst güləş üzrə yığmamızın 2 üzvü - Xadjimurad Qadjiyev (74 kq) və Vaxit Qalayev (125 kq) təmsil ediblər.

Xadjimurad Qadjiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Vaxit Qalayev isə bürünc medal qazanıb.

 

Azərbaycan basketbolçuları Serbiyada beynəlxalq turnirdə ikinci olublar

Serbiyanın Novi Sad şəhərində basketbolun 3x3 növü üzrə beynəlxalq turnir keçirilib.

Avropa çempionatının seçmə mərhələsinə hazırlaşan komandamız turnirdə ikinci olub.

Çempionat iyunun 4-5-də Kiprdə keçiriləcək.

 

Ölkəmizdə ilk dəfə fridayvinq üzrə yarış  keçirilib

Azərbaycanda ilk dəfə üzgüçülüyün fridayvinq növü üzrə "Aquatic Palace Open Cup 2022" yarışları keçirilib.

Beynəlxalq yarışda 3 ölkədən - Azərbaycan, Rusiya və Özbəkistandan 23 idmançı (4 qadın, 19 kişi) iştirak edib.

Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri qazanıblar. Sonrakı iki yerdə kişilərdən Eldar Qadirov, Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova qərarlaşıblar.

Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".